Bir Şəhərin Taleyi

Bir Şəhərin Taleyi

Məkanlar orada yaşayan insanların əxlaqına, davranışına və mənəviyyatına uyğun olaraq formalaşıb qurulur.

 Qoynunda yaşayan insanlar kimidir, məkanlar da, şəhərlər də - kədər də yaşayırlar, sevinc də. Sevgi də görürlər, xəyanət də. Çətinlik də çəkirlər, fərahlıq da... Qoruyurlar da, qorunurlar da... Onların da sakinlərindən əxz etdiyi mənəviyyatı olur, insanlar kimi taleyi olur, qəzavü-qədəri olur. Necə ki, məkanlar viranə və xarabə olur, Allah qorusun, eləcə də insanlar bənzər şəkildə sahibsiz qalıb məhv olurlar. İnsanların keçmişi bugünkü kamilliyini şərtləndirdiyi kimi, məkanların da keçmişi bu gününü, müqəddəsliyini şərtləndirir.

Rəbbimizin seçdiyi gözəl Peyğəmbər şəhərinin, cazibədar Mədinənin taleyinə tarix qələminin yazdıqlarından yola çıxaraq nəzər salaq. Dilimizdə, ürəyimizdə o mübarək bəldəni görmək arzusu və duası ilə:

Rəvayətə görə, Mədinə şəhərinin əsasını Nuh peyğəmbərin (ə.s) Ubeyl adlı, qəbiləyə başçılıq edən, altıncı və ya səkkizinci nəsildən nəvələrindən biri qoymuşdur. Eramızdan əvvəlki əsrlərdə Mainilər, Səbəilər və Kəldanilər kimi qəbilələr o vaxtkı adı ilə - Yəsribi idarə etmişlər. Əhali burada əsasən əkinçilik və heyvandarlıqla məşğul olmuşdur. Bura iqtisadi cəhətdən inkişaf etmiş bir mərkəz və ticarət karvanlarının dayanacaq yeri idi.

Babil kralı Buxtunnasırdan qaçan yəhudi qəbilələrinin e.ə 589-cu ildə Mədinəyə köçməsindən sonra başqa köç karvanları da onların ardınca gəldi. Rum imperatoru Hardiyandan qaçmış üç yəhudi qəbiləsi: Bəni-Qureyza, Bəni-Nadir və Bəni-Qaynuka isə e.ə 132-ci ildə buraya gəldi. Sonrakı dövrlərdə isə Yəməndən Evs və Xəzrəc qəbilələri gəlib Yəsribdə yerləşdilər. Yəhudilər onları əkinçilik işlərində işlətməklə yanaşı, şəhərin kənar basqınlardan müdafiəsində də istifadə edirdilər. Beləliklə, iki qəbilə arasında yarış başladı ki, bu da tez-tez onlar arasında qarşıdurmalara səbəb olurdu. Evs və Xəzrəc qəbilələri çarə olaraq Qassanilərdən kömək istədilər. Təkrar danışıqlar apardılar və uzun zaman iki tərəf arasında sülh bərqərar oldu. Ta o vaxta qədər ki, yəhudilər onların arasına yenidən fitnə salmağa başladılar. Başlayan döyüşlər 120 ilə yaxın davam etdi. Bunların ən şiddətlisi isə Buas döyüşü idi ki, hər iki tərəfdən də böyük itkilər olmuşdur. Yorğun düşmüş hər iki qəbilənin razılaşması ilə  Abdullah ibni Ubeyl İbni Səlül lider seçildi və beləcə başlayan əmin-amanlıq dövründə Allah onlara Əqəbə beyətini nəsib etdi. Bir-birinə rəqib olan bu iki qəbilə II Əqəbə beyəti ilə hənif dini üzrə dostlaşdı. Rəsulullahı (s.ə.s) Mədinəyə dəvət etdilər. 622-ci ildə vaqe olan hicrətdən sonra Mədinədə çox böyük dəyişikliklər oldu. Keçmiş Yəsrib artıq Mədinə oldu. Müsəlman əhalisi ənsar oldu. Məkkədən və digər qəbilələrdən oraya köçən mühacirlərlə qardaş oldular. Qısacası, Rəsuli-Əkrəmin (s.ə.s) təşrifi Mədinənin taleyini əbədi olaraq dəyişdi.

Müsəlmanları ilk zəfərlərini qazandıqları Bədir döyüşünə də, Rəsulullahın təlimatına qulaq asmayıb, müşrikləri qovma, qənimət toplama fikri ilə mövqelərini tərk edərək qələbəyə yaxın ikən itkilər verdikləri Uhud döyüşünə də Mədinə şəhəri yola salmışdı. Mədinə artıq imanın qalasına çevrilmişdi. Ona görə də 626-cı ildə müşriklərin çox sayda döyüşçüsünün bu şəhəri istila etməməsi üçün Mədinədəki müsəlmanlar şəhəri tam 28 gün davam edən mühasirədə canla-başla müdafiə etdilər. Bir müşrik belə şəhərin ətrafındakı xəndəkdən keçməyi bacarmadı. Allah onların üstünə bir də külək yönəltdi və bütün düşmənləri naümid etdi.

Mədinənin suyunu içib havasını udaraq bu dar günlərdə ona xəyanət edən Bəni-Qanyuqa, Bəni-Nadir və Bəni-Qureyza öz cəzalarını aldılar. Məkkə fəth   olunandan (630) sonra da Həzrət Peyğəmbər (s.ə.s) Mədinədə yaşamağa davam etdi. Bundan sonra artıq Mədinə bütün qəbilələrin qütbü halına gəldi.

Rəsulullahın (s.ə.s) xəstələnməsi və qısa müddətdən sonra Rəfiqi-əlaya, Uca Dosta qovuşması ilə (632) müsəlmanların ilk  paytaxtı, İslam cəmiyyətinin meydana gəlməyə başladığı, böyük İslam mədəniyyətinin bütün fəzilətlərini daşıyan, müsəlmanların əbədi müraciət yeri və böyük fəthlərin çıxış nöqtəsi olan Mədinənin ən parlaq dövrü qapanmış oldu.  

Lakin Mədinəyə müsəlmanlar tərəfindən olan sevgi, ehtiram və qayğı tarixin bütün dövrlərində artaraq davam etdi. Mədinə həmişə əmin-amanlıq bəldəsi oldu. Torpağındakı o mübarək vücud hörmətinə hər bir müsəlman üçün mübarək bir şəhər oldu. Bu gün Mədinə hər bir müsəlman üçün müqəddəs şəhərdir. Çünki onun suyundan Rəsulullah içib, havasından udub, torpağına ayaq izləri düşüb…

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz