Nebi DOĞANAY- BİR GÜNƏŞİM, BİR ATAM, BİR DƏ BAŞMAQLARIM...

Nebi DOĞANAY- BİR GÜNƏŞİM, BİR ATAM, BİR DƏ BAŞMAQLARIM...

Bir neçə il bundan əvvəl Mədinədəki şirkətlərin birində elektrotexnik işləyən bir Peyğəmbər aşiqi həftənin sonuncu iş günü tapşırılan işi görüb qurtarmaq üzrə ikən Rəsulullahın Rövzeyi-Mutahharasında elektrik vurması nəticəsində vəfat edir.

 Cənnətül-Baqiyə dəfn olunan bu mübarək insanın ailəsi məcbur qalaraq Türkiyəyə qayıtmalı olur. O zaman yeddi yaşında olan Nebi Doğanay sonralar oxuduğu orta məktəbdə keçirilən inşa müsabiqəsində iştirak edərək birinci yerə layiq görülür. Sətirlərə əks edən Peyğəmbər eşqini belə dilə gətirir:

Bir günəşimi, bir atamı, bir də başmaqlarımı qoyub gəldim…

Bir bahar günü gül ətirli Mədinədə açmışdım gözlərimi dünyaya. Doğulduğum xəstəxana Rövzənin yanında olduğu üçün aldığım ilk qoxu sənin bağçanın gül ətri olmuşdu. Atam gəlib qulağıma azan oxumadan qulaqlarım sənin məscidinin azan səsləri ilə şərəflənmişdi. Qırx günlük ikən ilk ziyarətimi də sənin xaneyi-səadətinə etmişdim. İlk addımlarımı Rövzədəki mərmərlər üzərində atmış, Rəbbimlə ilk görüşüm, ilk səcdəm də sənin məscidində baş tutmuşdu.

Həyatımdakı hər bir ilkdə sən varsan. Hələ dil açmadan səni sevməyi öyrəndim. Bəlkə də səni bir o qədər tanımazdım, amma sanki özümə çox yaxın hiss edərək sevərdim.

Mübarək evinə hər ziyarətimizdə səni görməsək də, varlığını hiss edər, hər dəfə evindən ayrılanda kədərə qərq olardıq. Uşaqlar evdə darıxanda atalarından parka, əyləncə mərkəzlərinə aparmalarını istəyərlər. Biz Mədinədə yaşadığımız müddətdə atamızdan bizi parka aparmasını istəmədik. Əcəba, biz heç darıxmırdıqmı? Mənə elə gəlir, Mədinədəki heç bir uşaq darıxmazdı. Çünki orada dünyanın heç bir yerində olmayan gül bağçası və o bağçanın göz bəbəyi Rəsulullah vardı. Bizim vaxtımızın çoxu o bağçada keçərdi.

Sənin bağçanın mərmərləri üzərinə ayaqqabı ilə çıxmazdıq. Ayaqyalın gəzərdik mərmərlər üzərində. Kim bilir, bəlkə də bağçanın güllərini tapdamaqdan qorxardıq. Yayda qızmar mərmər ayaqlarımı yandırsa da, xoşuma gələrdi. Bir dəfə atamdan soruşdum:

- Atacan, Mədinə niyə bu qədər istidir? Atam:

- Mədinədə iki günəş var, onun üçün, - dedi.

- Necə yəni? Günəş bir dənə deyilmi? – dedim, atam gülərək:

- Düzdür, oğlum! Bütün dünyanı isidən bir günəş var, amma bir də aləmləri isidən və nurlandıran günəş var. O günəş də Mədinədə olduğu üçün havanın hərarəti ikiqat artır, - cavabını verdi.

Atamın bu cavabından çox xoşum gələr və xoş istilik bürüyərdi məni. Həqiqətən də ayaqlarımızı mərmərlər, daxilimizi isə sənin günəşin, hərarətin isidirdi. Mədinədən ayrılandan bəri ayaqlarımız isinsə də, qəlbimiz heç cür qızına bilmir. Çünki biz ən böyük günəşi orada qoyub gəlmişdik. Mən günəşimi itirmişdim. Onun evinə, bağçasına gedə bilmirdim artıq. Düzdür, işığı ta buralarda bizə nur saçırdı, amma qəlbimi isitməsi üçün onun Rövzəsində ayaqyalın qaçmalı idim. Bəli, bağçanda ora-bura qaçarkən azan oxunurdu. Mədinə müəzzini o qədər gözəl oxuyurdu ki, sanki Bilal Həbəşini dinləmiş olurduq. Eşidər-eşitməz namaz qılmaq üçün məscidə qaçardıq. Atamın yanında namaza durardıq.

Böyük sütunların altından gələn soyuq havada saçımızı sovurardıq. Zəmzəm stəkanlarından gül düzəldərdik. Namaz qılarkən bir pişik yanımıza gəlib bizə sürtünərdi. Atam: “diqqət edin, onları incitməyin, Əbu Hüreyrənin pişikləridir”, - deyər, biz də inanardıq. Sənin məscidinə pişiklər də girirdi. Çünki sən çox yaxşı ev sahibi idin.

Hər çərşənbə günü Uhuda gedərdik. Çox sevdiyin əmini ziyarət etməyə gedərdik, o, bizim də əmimizdi. Qardaşlarımla Ayneyn təpəsinə çıxar, oradan Uhudda yatan 70 şəhidə salam verərdik. Hər dəfə Uhud dağına baxanda sanki səni görürdük. Uhud da sənin Rövzən kimi gül ətri verərdi. Sanki ora da ayrı bir gül bağçası idi.

Beləcə, yeddi ilim, ömrümün ən gözəl, ən qiymətli illəri sənin kəndində, gül bağçanda, mücadilə apardığın yerlərdə, sanki səninlə birlikdə keçdi. Üzünü görməsəm də, səninlə yaşamağa o qədər alışmışdım ki, yanından ayrılanda sanki bir yanım, canım, bir parçam orada qaldı.

Buralar mənimçün qürbət oldu. İmkanım olsa, bir anda qaçaraq yanına gələrəm. Həmişə, böyüyəndə gedərsən, - deyirlər. Sırf sənin yanına gələ bilmək üçün böyümək istəyirəm. Yanına gəldiyim zaman böyümüş olsam da, bağçandakı mərmərlərdə ayaqyalın gəzəcəyəm. Ta ki, günəşin qəlbimi isidənə qədər.  

Həsrətinlə içim üşüyür. Bəlkə də həsrətindən insanlar yanır, amma mən üşüyürəm nədənsə. Çünki doğulduğum gündən bəri ruhum sevginlə isinməyə alışıb.

Qəlbinin istisinə çox möhtacam. Yanına gələ bilməsəm də, məni tək qoyma. İşığınla gecəmizə nur saç. İstiliyinlə bütün zərrələrimizi isit. Mədinədə sənə qonşu idik, varlığın bizə güvən verirdi. Yenə elə ol, evimizi şərəfləndir.

Adım Nəbidir, eynilə sənin adın kimi. Mənə bu adı səni çox sevən bir dostun qoyub. Bir adım da Muhamməddir. Bu adı da atam qoyub. Bura gələrkən sənin kəndində qoyub gəldiyim atam. Başqa bir cəhətdən də sənə oxşayıram. Mən də sənin kimi atasız böyüyürəm.

Əslində çox şanslıyam, çünki sən bizə yetimliyimizi hiss etdirmədin. Mədinədən ayrıldığımız gündən bəri sanki başımızın üstündəsən. Gecələr qorxmadan rahat yatıram. Səni tanıdığım və sevdiyim üçün Allaha minlərlə şükür olsun.

Atam sənin kəndində qalmışdı. Onu dəfn edərkən böyük qardaşımın başmaqları atamın qəbrinə düşdü, orada qaldı. Bunu çox qısqandım, çünki qardaşımın başmaqları həmişəlik atamla qalacaqdı. Atamı son ziyarətimizdə mən də gözdən yayınaraq başmaqlarımı atamın qəbrinə dəfn etmişdim. Artıq mənim də başmaqlarım atamla qalacaqdı.

Demişdim axı, bir günəşimi, bir atamı, bir də başmaqlarımı qoyub gəlmişdim. Atam və başmaqlarım orada idi, gələ bilməzdilər. Amma günəşim hər zaman yanımızda idi. Yetimlərin sahibi onları işıqdan məhrum edərmi? Dünyanın o biri başına da getsək, bizi tək qoymayacağını bilirdim.

Gözümüz və qəlbimiz səninlə nurlanır, Əfəndim! Ruhumuz, daxilimiz sənin hərarətinlə isinir. Bir gün gec də olsa, hüzuruna gəlsəm, mənə gül bağçanın mərmərləri üstündə ayaqyalın qaçmağı qismət et! Ta ki, eşqinlə, sevginlə bütün bədənim yanıb qovrulsun. Başmaqlarımı qoyub gəldiyim o gözəl məbəd son dayanacağım olsun!

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz