Şükür Ki, Düşmənim Yoxdur Deyənlərə...
Qan davası və düşməni olmamaq ətrafdakılarla yola getmək və mədəni insan olmaq, hər kəs tərəfindən təqdir edilən biri olmaq, böyüklərə ehtiramda nöqsansız olmaq, kiçiklərə sevgi və mərhəmətdə dərya kimi olmaq, özündən aşağıdakılarla və yuxarıdakılarla xoş münasibət qurmaq, heç kimə güldən ağır söz söyləməmək, bütün əxlaqi gözəllikləri yaşamağa çalışmaq, pis vərdişlərdən uzaq bir həyat yaşamaq... Bütün bunlar insanların da təqdir etdiyi, sevilməyə, təqdirəlayiq olmağa yarayan xüsuslardır.Yəni, bunları edərsinizsə sizə düşmənçilik edən qalmaz.
Yuxarıda sadalanan xüsusiyyətlərin hamısı məndə artıqlamasıyla var və heç düşmənim də olmayıb deyəniniz ola bilər. Lakin siz kimə görəsə hələ dünyaya gələrkən potansiyel düşmən olaraq gəldiniz. Əgər dünyaya insan olaraq gəlmisinizsə bu, sizin üçün qaçınılmaz haldır. Qaçınılmazdır, çünki siz də ona düşmən olmaq məcburiyyətindəsiniz. Yəni, o düşmənlə sülh bağlamaq imkanınız da yoxdur. Könlünü alsam, istədiklərindən bəzisini etsəm bəlkə düşmən olmaqdan vaz keçər dediyiniz zaman onun toruna düşmüş olarsınız. Məhz buna görə də siz də ədavətinizi davam etdirmək məcburiyyətindəsiniz. Yəni, oyunun sonunda ya o, ya da siz qalib gələcəksiniz. Söhbətin şeytandan getdiyini bilirsiniz yəqin ki.
Onun sizə olan düşmənçiliyi əslində sizə deyil, amma ulu babanıza olan düşmənliyindən və prinsipindən irəli gəlir. O, padşahlar padşahının yanında çox hörmətli və yüksək məqamda ikən sənin ulu babanla sınağa çəkilmiş, ulular ulusu Rəbbin tərəfindən. Onun sənə düşmənçiliyi ulu babanın tarixi qədər əzəlidir. Eyni zamanda sənin qiyaməti görəcək nəvən qədər də əbədidir. Çünki qiyamətə qədər Rəbbindən möhlət istəmiş və saraydan qovulmasına səbəb olan babanın övladlarına, yəni sənə, mənə, ona sağımızdan, solumuzdan, önümüzdən, arxamızdan gəlib nəyin bahasına olursa-olsun bizi azdıracağına dair andlar içmişdir.
O, çox yaşlı olduğu üçün eyni zamanda çoxbilmişdir. Ulu babamızın yaradılışındakı cövhərlərin də nə olduğunu bildiyi üçün “Sən onu torpaqdan yaratdın, məni isə oddan” deyərək etiraz edib Allahın səcdə et əmrinə üsyan etmişdi. Yəni o, bu gün də Adəm oğullarının nələrdən xoşlanıb-xoşlanmadığını, zəif nöqtələrinin və arzularının nələr olduğunu psixo-sosial incəlikləriylə çox yaxşı bilir. Kimə hardan yaxınlaşmaq lazım gəldiyini bilmək xüsusunda ondan daha üstün birini yaradıbmı görəsən Xaliq?
İnsanlığın ortaq düşməni şeytan haqqında bir-birimizə nə qədər xatırladıcı olsaq yenə azdır.
Mövlana həzrətlərinin Məsnəvisində anlatdığı hekayə nə qədər də mənalıdır. Xain, məlun şeytan az qala iynənin dəliyindən girməyə çalışır.
* Bir nəfər gecə vaxtı Allahı zikr edərək dilini, dodağını mənəvi yöndən şirinləşdirmək üçün “Allah, Allah!” deyirdi.
* Şeytan ona dedi ki, “Sənin “Allah, Allah” deməyinə cavab olaraq “Ləbbeyk – Nə istəyirsən, qulum” səsi gəlmir. Ey bu sözü çox söyləyən adam, nə vaxta kimi belə deyəcəksən?”
* “Allah-Təaladan sənə bir cavab gəlmir. Sən bu sıxılmaz, bu utanmaz üzünlə daha nə zamana qədər “Allah” deyəcəksən?”
* Adamın bütün sevinci qaçdı, könlü qırıldı. Zikrdən əl çəkib başını yastığa qoydu və yatdı. Yuxuda yaşıl bir çəmənlikdə Hz. Xızırı gördü.
* Xızır (ə.s) ona dedi ki: “Niyə zikrdən əl çəkdin? Allahın adını anmaqdan niyə peşman oldun?”
* Adam: “Etdiyim zikrin cavabında mənə bir “Ləbbeyk” deyən yoxdur. Allahın qapısından qovulmaqdan qorxuram.”
* Xızır (ə.s) dedi ki: “Sənin “Allah” deyişin Allahın “buyur” deməsidir. Sənin o yalvarışın, yanman da Allahın xəbərçisidir. Çünki zikr etmək arzusunu sənə O verdi.
* Sənin “işim çox, zamanım yox, yorğunam” deməyin, hiylələrə baş vurman, “Allahı layiqincə zikr edə bilmirəm” deyə düşünməyin, çarələr axtarmağın bizim səni özümüzə çəkməyimizdən, ayağındakı dünya sevgisi bağlarını açmağımızdandır.
* Sənin qorxun, eşqin Allahın lütfünün kəməndidir. Sənin hər “Ya Rəbbi!” deyişin altında “Ləbbeyk” deyişləri var.
* Haqq bilgisindən xəbərsizlərin canı bu duadan uzaqdır. Çünki onun “Ya Rəbbi!” deməsinə izin yoxdur. Ona zikrdən zövq alma ləzzəti verilməmişdir.
* Bir zərərə, bir sıxıntıya uğradığı vaxt inləyib Allaha yalvarmaması üçün onun ağzına da, könlünə də mənəvi kilidlər vurulmuşdur.”
Gördüyümüz kimi əzəli düşmənimiz tapdığı ən kiçik boşluqdan girməyə çalışır. Ona görə diqqətli olaq. Reklam etmiş kimi olduq, amma İrfan jurnalının gələn aykı nömrəsində yenə ondan bəhs etməyə davam edəcəyik inşallah.
ŞƏRHLƏR