Quyudan Göy Görünür
“Zəmanəyə qarşı dik dura bilmək” inandığı kimi yaşamaq istəyən insanların içinə düşdükləri ən böyük imtahanlardan biridir. “Zəmanəyə qarşı necə dik durmaq olar?”
sualını şəhərin qələbəliyinin və qabalığının altında qıvranan, halından xəbərdar olanlar deyil, Adəm oğlu olduğunu, yəni ülviliyini qavrayan qəlblər verərlər ancaq.
Azərin oğlu İbrahim (ə.s) bu sualı verdiyi zaman cavabını ulduzlardan, aydan və günəşdən alacağını sandı. O əngəlləri aşdıqdan sonra atıldığı alovun içində tapdı cavabını. Çilənin rəhmində.
Müqəddəs olanın qapısıdır çilə. Səhrada görülən bir vahə, yəni xəyaldır, yuxudur. Və o xəyalı görüb yola düşənlər xilas olurlar səhranın qızmarından və donduran qum dağlarından. Nə acıdır ki, zəmanəmizin sehrlənmiş şəhərlərinin səhrasında çırpınanlar rəngarəng işıqları vahə sandıqları üçün bir xəyal (yuxu) görmürlər. Xəyal görməyən düşmüşdür. Varlığını aləmi-mülkə düşürmüşdür. Halını düşünüləcək vəziyyətə salmışdır.
Yuxu deyib keçməmək lazımdır. Röya mülkdən vüsala varmaqdır. Röya həqiqətə açılan qapı, həqiqətə susuzluğun tərənnümüdür. Yeri gəlmişkən nəbilər silsiləsinin sonuncusuna bir röyayla gəlmədimi ilk vəhy? Röya gördükdə də, görmədikdə də düşünmək lazımdır dərin-dərin. Röya (xəyal) nəyi söylər. Xəyal görməmək nədəndir?
Hz. Yusifə bir röya yol göstərdi. Və bir yuxu ilə düşdü yola. Qardaşları röyasından dolayı quyuya atdılar. Hz. İbrahimin atası, Hz. Yusifin qardaşları və nəbilər sərvərinin əmisi yuxularının önündə durmağa çalışdı. Lakin bilmədikləri bir şey vardı. Kainat vəhyin və vəhylə irəliləyənlərin qarşısında səcdəyə qapanacaqdı nəhayət. Hz. Yusifə səcdə edən günəş, ay və ulduzlar, Hz. İbrahimin gözündə ancaq doğub-batan fani, Hz. Peyğəmbərin əlində ikiyə bölünən bir əşya, yaxud biri sağ, digəri sol əlinə verilsə yolundan ayırmayacaq kölgə varlıqlar oldu.
Bəzən bir yuxuda böyük dövlət gizlənir. Çəyirdəkdəki ağac kimi. Gözəl yuxular ancaq çiləylə gülüstan olar. Baharı gözləyənlər qış qapısından keçmək məcburiyyətindədir. Ona görə İbrahim Ədhəm quş tükündən olan yatağını tərk edib yollara düşdü. Hər Haqq yolçusu kimi dağların dəvətinə getdi. Yəni, təkbaşına qalmağa. Təkbaşına, ancaq əsla yalnız deyil. Birbaşa özü ilə qalmağa və özünü kainatın qəlbi qılanla qalmağa. Dağlar daima dəvətdədir göyə yaxın olmaq istəyənə. Bu səbəblə Musa (ə.s) Turda dayandı. Nəbi Nurda nura vasil oldu. Yusif (ə.s)-ın dağı düşdüyü quyudur. Quyunun başındadır Allaha gedən yol. Atəşin arxasında, dağların o üzündə, mağaranın ağzındadır.
Məhz buna görə də kim Yusif (ə.s)-ı sevmişsə onlar da öz quyularına dalmışlar “talib” olaraq. Quyuda yol getmişlər “salik” olaraq. Və quyunun yolunun göyə açıldığını görmüşlər. Quyudan ancaq göylər görünür. Çilə quyusuna dalanı göy yolçuluğuna çıxaracaq karvanlar gözlər.
Hər kim Yusif olsa əvvəlcə öz yaxınları qısqanar, qurdların ağzına atar. Dağdakı qurdlardam qurtulmaq asandır, ancaq ən çox insanların içindəki qurdlar qanadar Yusif tərəfimizi acımasızca.
Səadət yolunda Züleyxalar var. Züleyxa dünyadır. Göyə gedərkən köynəyindən dartar yırtarcasına. Arxana baxma ki, əllərini kəssin Züleyxalar.
Lakin nə qədər də çətindir Züleyxa olana “xeyr” demək. Qapılar bağlı, iki nəfər baş-başa. Züleyxa bir sahibədir və yalnız qalan Yusifi görür. Yusif bir kölədir və ağasından başqasını da tanıyır. Züleyxa görən kordur və özünü yusiflə baş-başa sanır. Yusif gözləri qapalı günəşin, ayın və ulduzların səcdəsini və səcdə etdirəni görür. Əsla yalnız olmadıqlarını bilir. Yoxluqda deyil, varlıqda və imkan var ikən “xeyr” deyir. Züleyxa Yusif (ə.s)-ın düşdüyü başqa bir quyudur.
Hər quyudan yuxarı doğru çıxmaq mümkündür. Bədən köynəyi yırtılmadan həqiqət karvanına qəbul olunmur. Köynək güm ətri vermir, göz amır.
Ey Yusif üzlü gənclər!
Zəmanəmizin Yaqubları göz yaşı tökməkdədirlər şəhərin qələbəliyində itirdikləri övladlarına.
Küsməyin, inciməyin, bezməyin və qorxmayın quyulardan. Xidmətlər bərəkətlənəcəkdir. “Xeyr” deyə hayqırın Züleyxalara, Misir amanda olacaqdır. Gördüyünüz yuxunun ardınca düşün. Yolunuz quyulardan keçsə də qorxmayın. Günəş həmişə gündüz görünməz. Qaranlıqda gözü qapalı günəşi görənə günəş səcdə edər.
Ey zəmanə Yusifləri!
Uzaq diyarlardan müjdə köynəkləri göndərin, quyuda göz yaşıyla yuduğunuz və dağ təpələrində dualarla qatladığınız. (dürdüyünüz)
Vəhy qoxulu köynəklər.
İşıqların kor etdiyi gözlərə sürtək köynəklərinizi...
Və gözlər görsün, anlasın ağıllar ki;
Quyu elmi-lədün oxunan məktəbdir.
Quyu səadətə yol olan məktəbdir.
Quyu ölmədən ölümsüz olunan həyatdır.
Hər Yusifin yolu bir quyudan keçər.
Yaşamağa dəyən həyat hər kəsin öz quyusunda gizlidir.
ŞƏRHLƏR