Məni Onun Yanında Bir Yerlərə Dəfn Edin

Məni Onun Yanında Bir Yerlərə Dəfn Edin /

Allah-Təalanın Adəm övladına bəxş etdiyi beyinin çalışma xüsusiyyəti elədir ki, insan hər hansı yeni bir məkana getdikdə o məkanla əlaqəli əvvəlcədən öyrənilmiş bilgilər sanki elə o məkan və zamanda insanın ağlına gəlir.  Bu məqaləni yazmağıma səbəb olan hadisə də elə bundan ibarətdir.

Magistr təhsili almaq üçün gəldiyim bizə qonşu və qardaş olan Türkiyənin Konya şəhərində sənəd işlərimizi müəyyən vaxtda həll edib qurtardıq. Burda tanış olduğum və əvvəlcədən tanıdığım dostlarla “Konyada tələbə olasan, ancaq Mövlananı ziyarət etməyəsən” dedik və Mövlananın qəbrini, Muzey Kompleksini ziyarət etməyə yollandıq.

Tarixi görünüşünü indi də qoruyub saxlayan, eyni zamanda Səlcuqlu dövlətinin paytaxtı olmuş bu yerləri gəzərkən məqalənin əvvəlində qeyd etdiyim kimi bu məkanla bağlı əvvəlcədən oxuduğum və yeni cərəyan etmiş bir hadisə yadıma düşdü.

Məsnəvini oxuduqdan sonra İslamı seçərək Havva Məryəm adını alan Fransız professor Meyeroviç 1999-cu ildə 90 yaşında vefat etmiş ve cənazəsi Parisdə torpağa tapşırılmışdı.

İlk adı ilə Eva De Vitray Meyeroviç, 26 May 1998-ci ildə  Konyada tərtib edilən bir simpoziumda “Mövlana və Psixologiya” mövzusunda çıxış etmiş, məruzəsinin sonunda isə; “Mənim kimi yaşlı və zəif bünyəli, xəstə qəlbi ilə kilometrlərcə yolu qət edərək buraya gəlmək belə, Hz. Mövlananın hüzurunda yorğunluq deyil, sevinc verir. Onun mənəviyyatının kölgəsində qiyamətə qədər qala bilmək üçün məni Konyada dəfn edin” deyə vəsiyyət etmişdi.

24 İyul 1999-cu ildə dünyasını dəyişən bu fransız professorun nəşi vəsiyyətinə uyğun olaraq, 2008-ci ilin dekabr ayında Konyaya gətirilmiş və Mövlananın qarşısındakı məzarlığa dəfn edilmişdi.

Bu bilgilərimizə əsasən yaxınlıqda bir yerdə olduğunu ehtimal etdiyimiz həmin qəbri görmək istəmişdik. Ancaq bu qədər izdihamlı camaatın içindən o qəbrin yerini kimin biləcəyini, həmçinin yaxınlıqdakı böyük məzarlıqda harda dəfn edildiyini, hətta burda olub-olmadığını da bilmirdik. Lakin Havva Meyeroviçin qəbrini tapmaq çox da çətin olmadı. Məzarlığın girişindəki polis məmurundan soruşmağımızla; “Bəli! Düz deyirsiniz. Həmin qəbir bu məzarlıqdadır. Mərhumənin vəsiyyəti üzrə keçən il gətirilərək buraya dəfn olunmuşdur” dedi və məzarın yerini göstərdi.

Məqsədimiz sənədlərdə keçdiyinə görə qırx min insanın dəfn olunduğu bu məzarlıqda hər hansı bir məzarı tapmaq deyil, ömrünün ahıl çağında İslamı seçən və müsəlman olan, həmçinin Mövlananın mənəviyyat kölgəsində dəfn olunmaq istəyən bu avropalı professorun gözü ilə Şərq aləminə və İslama baxmaq istəyi idi. Bunun üçün həmin qəbri tapmağa və görməyə bəlkə ehtiyac da yox idi. Ancaq bu qəbri ziyarət edərkən belə bir qənaətə də gəlmişdik; Şərq dünyası son yüz-yüz əlli ildə Qərbin maddi rifahı və sənaye inkişafı qarşısında gözləri qamaşdığı və ona aşiq olduğu halda, Qərb dünyası isə Şərqin mənəvi zənginliyi və yüksəkliyi qarşısında gözləri qamaşmış, ona aşiq və heyran olmuşdur.

Bu qarşılıqlı istək, arzu və aşiq olmalar hər halda bizim itirmiş olduğumuz elmi zənginlik və sənaye inkişafını onlardan almağımızla, Qərbin də bizdəki mənəvi və əxlaqi zənginlik və yüksəkliyi özləri üçün almaları ilə sona çatacağa bənzəyir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz