Qonşuluq Haqlari Və Qonağa Ehtiram Göstərmək

Qonşuluq Haqlari Və Qonağa Ehtiram Göstərmək

İslam və müsəlmanlıq dedikdə ağla doğruluq, səmimiyyət və hər kəsin haqlarına riayət etmək gəlir. Cünki bu dini göndərən Uca Rəbbimiz ilahi kəlamları ilə,  təbliğ vəzifəsi ilə göndərilən Peyğəmbərimiz də öz hədisləri ilə biz müsəlmanlara ən gözəl yolu göstərməkdə, hər iş və davranışda orta yollu olub həddi aşmamağa, bütün məxluqatın haqqına riayətə etməyə çağırmaqdadır. Heç şübhə yoxdur ki, bu haqlar içərisində ən öndə gələnlərdən biri də qonşuluq haqları və qonağa ehtiramdır.

Əbu Hüreyrə  (r.a)-dan rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) buyurdu ki: "Allaha və axirət gününə iman gətirən kəs ya xeyirli bir söz danışsın, yaxud sussun. Allaha və axirət gününə iman gətirən kəs qonşusuna ikram etsin. Allaha və axirət gününə iman gətrən kəs müsafirinə ikram etsin. (Buxari, Ədəb 31; Müslim, İman 74, 75)

       

Bu hədisdən çıxan önəmli mesajlar nələrdir?

Bu hədis insanlarla gözəl rəftara təşviq edir. Gözəl rəftar isə insanlar arasında sevginin yayılmasına gətirib çixarır. Sevgi də insanların bir-biriləri ilə qaynaşmasına, sağlam bağlarla bağlanmasına aparır.

 

Danışmazdan əvvəl düşünmək;

"Allaha və axirət gününə iman gətirən kəs ya xeyirli bir söz danışsın, yaxud sussun." İmam Şafii (r.a)-ə görə: "Danışmaq istədiyi zaman yaxşı-yaxşı düşünsün, əgər danışacağı söz özünə dini və dünyəvi cəhətdən hər hansı bir zərər verməyəcəksə danışsın, yox əgər şübhəyə, harama, küfrə aparıb çıxaracaqsa danışmasın.” Ümumiyyətlə bir mömin ağzından çıxacaq hər bir sözə fikir verməli, ehtiyac olmadığı zaman çox danışmaqdan uzaq durmalıdır. Çünki ağzımızdan çıxan hər bir söz qiyamət günü lehimizə və ya əleyhimizə dəlil olacaqdır. Dahi atalarımız bu haqda çox gözəl deyiblər;

 “Danışmaq gümüşdürsə susmaq qızıldır”. “Söz ağızdan çıxana qədər insanın quludur, o ki ağızdan çıxdı, insan o sözün qulu olur”

 

Qonşuluq haqları

Rəsulullah (s.ə.s)-in: “Allaha və axirət gününə iman gətirən kəs qonşusuna ikram etsin” deməsi, qonşuya ehtiram etməyə, bunun əksinə ona əziyyətin də qadağan olmasına dəlildir. Peyğəmbərimiz (s.ə.s)-in xanımı Hz. Aişədən rəvayət olunduğuna görə o belə buyurdu: “Cəbrayıl qonşu haqqında mənə o qədər çox tövsiyə etdi ki, nəhayət qonşunu-qonşuya varis edəcəyini zənn etdim” (Buxari, Ədəb, 28,)

 Qonşu haqları o qədər əhəmiyyəlidir ki, Hz.Peyəmbər onun haqqında bir çox hədis rəvayət etmiş və üzərində diqqətlə durmuşdur. “Qonşusu ac ikən özü tox yatan bizdən deyildir” hədisi bunlara misaldır.

 

Qonşuların mərtəbələri:

1. Müsəlman və qohum qonşu: Belə bir qonşunun qonşuluq, müsəlmanlıq və əqrəbalıq haqqı vardır.

2. Müsəlman qonşu: Belə bir qonşunun qonşuluq və müsəlmanlıq haqqı vardır.

3. Müsəlman olmayan qonşu: Belə bir qonşunun sadəcə qonşuluq haqqı vardır.

 

Müsafirə ikram: Müsafirə ehtiram göstərmək islamdan irəli gələn bir xislətdir. Elə dünyada ən qonaqpərvər ölkələrin müsəlmanların yaşadıqları ölkələrin olması da buna əyani sübutdur.

 Yuxarıdakı hədisin “Allaha və axirət gününə iman gətirən kəs müsafirinə ikram etsin” bölümünü əsas alaraq bəzi alimlər qonağı qəbul edib ona ehtiram göstərməyi vacib qəbul etmişlər. Əhməd b. Hənbəl, Leys, İbn Hazm da bu alimlərdəndir. Burada qonağa ehtiram göstərmək imanın şərti kimi görünsə də əslində imanın şərtindən deyil, imanı kamilləşdirən ünsür kimi qəbul etmək lazımdır.

Dinimiz digər davranışlarda olduğu kimi qonaq qarşılamaqda və qonaq qalmaqda da bəzi ədəblər qoymuşdur:

İslamda müsafirliyin həddi üç gündür. Bu üç gündə edilən izzət və ehtiram Allah tərəfindən ən xoş əməl kimi qəbul edilir. Qonaq bundan çox qalarsa, bu da ev sahibi üçün sədəqə yerinə keçir. Bunu Rəsulullah (s.ə.s) belə bildirir:

 

“Allaha və axirət gününə iman gətirən kəs müsafirinə caizəsini versin!”

 

Əshbi-kiram:

- Ya Rəsulallah! Müsafirin caizəsi nədir? -deyə soruşdu.

Peyğəmbər (s.ə.s)-də:

“- Onu bir gün və bir gecə saxamaqdır. Müsafirlik üç gündür. Müsafiri üç gündən artıq saxlamaq isə sədəqədir.” (Buxari, Ədəb 31, 85)

   Ev sahibinin vəzifəsi qonağı qarşılayıb ona izzət və ehtiram etmək olduğu kimi, qonağın vəzifəsi də ikram edilən şeyləri məmnuniyyətlə qəbul etmək və azına-çoxuna baxmamaqdır. Qonağın digər vəzifəsi də evndə qonaq qaldığı şəxsin maddi gücü zəifdirsə orada həddindın artıq qalıb ev sahibini çətin vəziyyətə salmamaqdır.

Ev sahibi isə öz növbəsində gələn qonağa yemək-içmək, yatıb-durmaq üçün yer hazırlayarkən israf və həddi aşmaqdan uzaq durmağa çalışmalıdır, çünki israf və həddi aşmaq müsəlmanlara qadağan olunmuşdur.

Qonağın yeyib qurtarmasını gözləmək məqsədi ilə ev sahibinin yeməyini yavaş-yavaş yeməsi ədəbdəndir. Gecə uzun-uzadı söhbətə dalıb, qonağın yatıb dincəlməsinə mane olmamaq da müsafirlik ədəblərindəndir. Qonağın duası qəbul olduğu üçün ev sahibi ondan dua istəyə bilər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz