Bir Könül İnsanına “Könül” Pәncәrәsindәn Baxmaq

Bir Könül İnsanına “Könül” Pәncәrәsindәn Baxmaq

Təhsil insana sağlam bir şəxsiyyət qazandırmalıdır. İnsan çox bilikli ola bilər; ancaq aldığı bu biliyi ona uyğun davranışlarıyla və bu davranışlarına ağlı ilə birlikdə hissiyyatı da rəhbər etməyibsə, bir sözlə davranışı ilə fikri, danışıqları ilə hərəkətləri arasında uyğunluq yoxsa, onun yaxşı təhsil süzgəcindən keçdiyi irəli sürülə bilməz.

Ancaq dərhal bildirək ki, bu hissiyyat və həssaslıq eyni zamanda insanı insan edən kriterlərin başında gəlir. Təhsilin əsas məqsədlərindən biri də hisslərinin şüurunda, ətrafına və cəmiyyətə biganə qalmayan fərdlər yetişdirməkdir. Hamı bilir ki, həssaslıq davranışla uyğunlaşarsa insanaxas yüksək bir əxlaq ortaya çıxarır. Biganə qalmamaq isə insanın təkcə öz ehtiyaclarını yox, eyni zamanda uzaq məsafədəki ehtiyaclarını da görə bilməsini, beləliklə onlara müvəqqəti deyil, qalıcı imkanlar yaratmasını təşkil edər. İçində yaşadığımız dünya əhatəsində bu saydıqlarımıza qalıcı bir imkan yaradan bir müəssisə və bunun rəhbərliyini çəkən bir insan tapmaq bir az çətindir, lakin mümkündür. Sözü uzatmadan deyək ki, hər dövrdə olduğu kimi bu dövrdə də insanların xidmətinə çalışan, faniliyə və fanilərə deyil, sonsuzluğa və “Sonsuz Varlığa” ram ola biləcək “könül insanı”nı Allah göndərmişdir!

Әslində bir könül insanını bir neçə cümlə ilə anlatmaq yetməz. Könül insanına “könül pəncərəsi”ndən baxmaq mühümdür məncə. Ağıl ilə birlikdə “qəlbin” də buna dair öz deyəcəkləri vardır.

Tanıdığım bir könül insanı var. O, söhbəti çox şirin, mütəvazi bir insandır. Onun söhbətini saatlarca diqqətlə dinləyə bilər, heç bezməzsiniz. Hər hansı bir mövzuda danışarkən və ya bir suala cavab verərkən, eynilə bir həkimin xəstəsini müalicə etməsi kimi doğruların yanında səhvləri də söyləməsi onun özünəməxsus bir xüsusiyyətidir. Onunla eyni məkanı bölüşmək, onun söhbətində iştirak etmək, çox nadir tapılan anlardan bir anı yaşadır insana. Bunları əsla tərif üçün demirəm, tamamilə öz fikirlərimi yenə öz nöqteyi-nəzərimdən yazıya əks etdirmək istəyirəm. İstər bakalavr, istərsə də magistratura illərimdə olsun, daima onun söhbətlərində iştirak etməyə çalışdım, atdığı hər addımını təqib etməyə, baxdığı hər yönü süzməyə və bunlardan bir məna çıxarmağa cəhd etdim. Әn mühümü, danışdığı hər insanla olan söhbətini analiz etməyə və onunla öz danışığımız arasındakı fərqin nə qədər böyük olduğunu görməyə başladım. Eyni fərqi çox açıq şəkildə gördüm. İstər danışığında, istər həyat tərzində, istər geyimində, istərsə də gəzişində….  

Heç bir vaxt xətalarından, yaxud da səhv fikirlərindən ötrü qarşısındakını qınamaz, heç kimi ayıblamaz, hər kəsi sona qədər dinləyər və fikirlərinə hörmətlə yanaşar. Fikirləşdiyi ilə anlatdıqları, yaşantısı və ortaya qoyduğu əsərləri bir-birinin eynisidir.

Bir başqa nöqteyi-nəzərdən dəyərləndirmək lazımdırsa, o, üstün bir hissiyyata sahib bir könül insanıdır. Әnənəvi mədəniyyət xəzinəsi, təsəvvüf təsiri bütün əsərlərində özünü əks etdirir. Etina ilə qurduğu cümlələr günümüzdə qabağa çıxan bir çox yazarda görüldüyü kimi tənqidi xatırlatmır; sanki könül tellərini titrədir, fikir mexanizmasını alovlandırır.

Şair Məmməd Aslanın dediyi kimi o, bir eşq pərvanəsidir könüllərimizə qonan. Ancaq mən bundan fərqli olaraq onu daha çox “dəniz”ə bənzədirəm. Bu gün könül insanlarının yox deyiləcək qədər az oluşu hamımız tərəfindən hiss edilir. Onu bilirəm ki, dəniz dalğa olmadığı zamanda belə tərpənir. Bu tərpənmənin səbəbi ətrafını əhatə edən küləkdir. Dənizin bir yanındakı tərpənmə eynilə Peyğəmbər (s.ə.s) dövründən bu yana könül dostlarının daşıdıqları rəhmət əsintiləri kimi yayıla-yayıla dənizin digər üç yanına da sirayət edər.

Sözümü buraya gətirmək istəyirəm: Könül insanını sadəcə “sevmək” bəs etmir, yaşantısından əsintiləri də həyata əsdirmək lazım gəlir.

Elə deyilmi?

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz