Sevinclə Dolu Qəhər Ayı Məhərrəm

Sevinclə Dolu Qəhər Ayı Məhərrəm

İlk baxışda hicri qəməri təqvimindəki 12 aydan birinin adıdır Məhərrəm. Ancaq uca Yaradanın müqəddəs kitabında “əşhuri-hurum / haram aylar” deyə zikr etdiyi dörd aydan biri. 

Allah-Təala buyurur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zilqədə, zülhiccə və məhərrəm) haram aylardır.” (ət-Tövbə, 36)

Peyğəmbərimizin ifadəsi ilə “Şəhrullahil-Muharrəm / Allahın ayı Məhərrəm” olaraq bildirilən bir ay. Əslində bütün dəqiqələr, saatlar, aylar, illər hamısı Allahındır. Ancaq məhz Məhərrəm ayına “Allahın ayı” deyilməsinin hikməti bu ayın əhəmiyyətini bildirmək, eyni zamanda bu ayda ilahi rəhmətdən istifadə etməyi bir fürsət bilmək üçündür.

İstər Qurani-Kərimdə, istərsə də hədisi-şəriflərdə bəhs edilən Məhərrəm İslam tarixində təqvimin başlanğıcı olaraq qəbul edilmişdir. Hicrətdən on altı il sonra (638), dövrün xəlifəsi Hz. Ömərin əmri ilə Mədinədə bir məclis toplanaraq tarix məsələsini həll etmək istədi. Hz. Əlinin təklifi və məclisdə iştirak edənlərin qəbul etməsi ilə Hz. Məhəmməd (s.ə.s)-in hicrəti İslam tarixinin başlanğıcı və Məhərrəmin də bu ilin ilk ayı olması qərara alındı.

Məhərrəm ayının digər aylar arasındakı yeri necə fərqlidirsə, bu aydakı Aşura günü də digər günlərdən eləcə fərqlənir. Məhərrəm ayının 10-cu günü olduğu üçün ərəb dilində “aşəra /on” deyə ifadə edilmişdir. Aşura gününün Allah dərgahında da çox fərqli bir yerinin olduğu Fəcr surəsinin ikinci ayəsindəki: “And olsun on gecəyə...” ifadələrinin təfsirindən başa düşülür. Bəzi təfsirlərdə bu “on gecə”nin Məhərrəmin Aşura gününə qədər olan gecələr olduğu bildirilir. Haqq-Təala bu gecələrə and içərək onların bərəkətini və müqəddəsliyini bəyan edir. 

   Allah Rəsulu (s.ə.s) də Aşura gününün üstünlüyünü belə bildirmişdir:

“Allah-Təala səmaları aşura günü yaratdı. Dağları aşura günü yaratdı, dənizləri aşura günü yaratdı, Qələmi aşura günü yaratdı, Lövhü aşura günü yaratdı, Adəm (ə.s)-ı aşura günü yaratdı, Adəm (ə.s)-ı həmin gün cənnətə qoydu. İbrahim (ə.s) aşura günü dünyaya gəldi. Allah-Təala onu aşura günü atəşdən qurtardı. İsmail (ə.s)-ın əvəzinə qurbanlıq qoç aşura günü göndərildi. Firon aşura günü suda boğuldu. Allah-Təala Əyyub (ə.s)-ı xəstəlik bəlasından aşura günü qurtardı, Adəm (ə.s)-ın tövbəsini aşura günü qəbul etdi, Davud (ə.s)-ın günahını aşura günü qabul buyurdu. İsa (ə.s) aşura günü doğuldu. Qiyamət aşura günü qopacaqdır.”

İslam tarixində belə mühüm yeri olan aşura günündə oruc tutmaq da Peyğəmbərimizin tövsiyəsidir:

“Aşura günündə tutulan orucun Allah dərgahında o gündən əvvəl bir ilin günahlarına kəffarə olacağını ümid edirəm.” (Tirmizi, Savm, 47)

Bu gündə orucdan başqa xeyirxahlıq və sədəqə kimi gözəl adətlərin də yaşadılması layiqli bir davranışdır. Peyğəmbərimiz möminin ailə üzvlərinə aşura günündə hər zamankından daha çox hörmət göstərməsini də tövsiyə etmişdir:

“Hər kim aşura günündə ailəsinə ikram edərsə, Allah-Təala da bir il müddətində onun ruzisinə bərəkət və bolluq ehsan edər.” (ət-Tərğib vət-Tərhib, 2,116)

Aşura gününün mənəvi və feyzli iqlimi üzərində Kərbəla faciəsinin qaranlığı görünür.    Hicrətin 61-ci ilində Məhərrəm ayının 10-cu günü Həzrət Hüseyn (r.a) 55 yaşında ikən Kərbəlada şəhid edilmişdir. Yarım əsr əvvəl Peyğəmbərimizin şəxsən xəbər verdiyi, ürəkləri dağlayan bu hadisə Həzrət Hüseyni Cənnət gənclərinin seyidi olma şərəfinə ucaltdı. Və beləcə Məhərrəm ayı xüsusən də bu ayın 10-cu günü olan Aşura günü İslam tarixindəki sevincli hadisələrlə yanaşı, qiyamətə qədər gələcək nəsillərə haqsızlıqlara qarşı üsyan, haqq uğrunda mübarizə kimi qəhrəmanlıq nümunəsi oldu. Qəhərin içində sevinc, sevincin içində qəhər yaşadan bu günü bir matəm olaraq yad etməkdənsə, tarixi əhəmiyyətini dərk etmək və yaşanmış hadisədən dərs çıxartmaq İslamın xarakterinə yaraşan bir davranışdır. Bu hadisə qarşısında qədər hökmünə boyun əyən hər bir müsəlman birlik və bərabərlik hisslərini daha da möhkəmlətməlidir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz