Abdullah İbn Abbas
Təfsir banisi, hədis ravisi, Peyğəmbərin əmizadəsi…
Dəfələrlə Hz. Peyğəmbərin xeyir-duasını almış, təfsir elminin qurucusu, hədis ravisi, fiqh və digər İslami elmlərdə fikri soruşulan gənc səhabə Abdullah ibnAbbas Allah Rəsulunun əmisi Abbasın oğludur. Anası Həzrət Peyğəmbərin xanımı Meymunə anamızın bacısı, Xədicə anamızdan sonra İslamla şərəflənən Lübabə binti Fədldir. Doğum tarixi dəqiq bilinməməklə yanaşı, hicrətdən 3 il əvvəl doğulduğu ehtimal olunur.
Yeni doğulmuş Abdullahı atası Abbas dərhal Hz. Peyğəmbərin yanına aparır. Allah Rəsulu onu qucağına alaraq “Ya Rəbb! Onu dində fəqih (anlayış sahibi) qıl. Kitabın (Quranın) açıqlamasını ona öyrət”- deyə dua edərək, anasının qucağına verir və belə buyurur: “Buyur! Xəlifələrin atasını götür”. Beləliklə, Hz. Peyğəmbər sanki Abbası xilafətinin qurucusu və davamçılarının onun nəslindən olacağını xəbər vermiş oldu. Başqa bir məclisdə yenə Peyğəmbər əleyhissalam “Ya Rəbb! Bütün elm və hikməti bu başa ver. Onları təvil və təfsir edə bilsin. Ey Allahım! Bəşər övladına bəxş etdiyin bütün elm və hikmət bu gözəl sinədə toplansın” -deyə dua etmişdir. (Buxari, Vudu, 10) Məhz bu duanın bərəkətliylə günümüzə qədər həm təfsir elmində, həm də digər sahələrdə fikirləri önəm verilərək diqqətə alınmışdır. Təfsir elmindəki dərinliyinə görə ona Sultanul-Müfəssirin (müfəssirlərin sultanı) deyilmişdir. Hətta Cənubi Afrika səfərinə İslam ordusunun elçisi sifətiylə qatılan Abdullah bin Abbas buranın hökmdarı Cərcis və onun adamları ilə mübahisə etmişdir. Abdullahın fikri gücü və elmi səviyyəsi onları heyran qoymuş və “Bu, ərəblərin ən dərin alimidir”-demələrinə vadar etmişdir. Daha kiçik yaşlarında belə əshabın böyükləri onun elminə müraciət etmişdir. Yaşının azlığına baxmayaraq bir çox elmi məclisdə öz yerini almışdır. Ancaq buna baxmayaraq heç bir zaman aldığı tərbiyəyə görə çox şeyi bildiyini iddia etməməş, yersiz söz söyləməmişdir. Böyüklərin olduğu yerdə kiçiklərin susmasının daha düzgün olduğunu ifadə etmiş və buna riayət etmişdir. Elmin dərinliyinə görə də ona “Bahrul-ulum (elmin dəryası)” ləqəbi verilmişdir. Məkkədə yetişən bir çox fəqihin yetişməsində onun rolu böyükdür. Buna görə də ona “Məkkə təfsir məktəbinin qurucusu” deyilmişdir. Dörd xəlifə dövründə fiqhi fətvalar vermiş və önəmli vəzifələr icra etmişdir.
Abdullah bin Abbasın hədis rəvayətində də özünəməxsus yeri var. O, Peyğəmbər əleyhissalamdan 1660 hədis nəql etmişdir. Buna görə də hədis elmində muksirun (çox hədis rəvayət edən) alimlərdən sayılır. Rəsulullahın vəfatından sonra alim səhabələrin yanına gedər onların elmlərindən faydalanırdı. Özü bu haqda belə deyir: “Səhabədən birinin yeni hədis bildiyini eşidən kimi o, günorta yuxusunda olarkən qapısının ağzında libasımı başımın altına qoyaraq gözləyərdim. Şübhəsiz ki, onlardan icazə istəsəm verərdilər, ancaq mən onların qədir-qiymətini artırmaq üçün belə edərdim. Evdən cıxdıqları zaman məni qapının ağzında görüncə “Ey Rəsulullahın əmisi oğlu! Niyə gəlmisən? Xəbər versəydin biz sənin yanına gələrdik” -deyərdilər. Mən də onlara, “Elmin ayağına gedərlər. Elm ayağa gəlməz.” deyər, öyrənmək istədiyim hədisi öyrənib geri qayıdardım. Bu cümlə onun elmə və elm adamına nə qədər dəyər verdiyini göstərir.
Onun elmdə müraciət edilən alim olmasının səbəbi Peyğəmbər əleyhisalamın duası ilə yanaşı çalışqanlığı və zəkasıdır. O, bütün işlərini planlı görərdi. Həftənin müəyyən günlərində geniş xalq kütləsinə dini elmlər, ərəb dili, şeir və ədəbiyyat haqqında geniş təlimlər keçərdi. “Alimlər peyğəmbərlərin varisləridir” hədisini özünə şüar etmişdi. Onun elm və hikmət sevgisi hər elm aşiqinə örnəkdir.
Abdullah b. Abbas İslam tarixində siyasi fəaliyyətlərdən cox elmi və sağlam şəxsiyyəti ilə tanınmışdır. Yaşının azlığı və xalası Meymunənin Hz. Peyğəmbərin zövcəsi olmasına görə tez-tez onları ziyarət edər və orada gecələyərdi. Digər səhabələrin bilmədiyi və ilk anda öyrənmə imkanı olmadığı məlumatları öyrənirdi. Hətta namaz və digər gündəlik ibadətləri bilavasitə Rəsulullahdan öyrənmişdi.
Abdullah bin Abbas suallara cavab verərkən öncə Qurani-Kərimə baxar, orda cavab tapmazsa Rəsulullahın bu haqda bir ifadəsi olub-olmadığını araşdırar, sonra Həzrət Əbu Bəkr və Ömərin açıqlamalarına baxıb onları əsas alardı. Ən sonunda öz ictihadıyla məsələni həll edərdi. Bu da onun elmdə nə qədər təvazökar olduğunun isbatıdır.
Çox ağladığına görə yanaqlarında göz yaşlarının açdığı izlər vardı. Ömrünün sonlarına yaxın gözləri kor olmuşdu. Buna görə bu beyti məşhurdur:
“Allah gözlərimdən görmə nurunu alsa da, dilimdə və qəlbimdə o nur davam edir.”
Abdullah bin Abbas ömrünün son bir həftəsini xəstə yatdıqdan sonra 687-ci ildə Taifdə vəfat etmişdir. Cənazə namazını Hz. Əlinin oğlu Məhəmməd bin Hənəfiyyə qıldırmışdır. Allah ondan razı olsun…
Örnək kəlamlarından bəziləri
Hər hədisi hər kəsə söyləməyin, əqli dərk edəcək adama söyləyin
Suyun buzu əritdiyi kimi, gözəl əxlaq da xətaları əridər
Alimlərlə oturmaq ibadətdir…
ŞƏRHLƏR