Savadsız Alim
Həqiqətən də alimin savadsız olması çox qəribə səslənir. Etiraf etmək mümkündürsə savadsızın alim olması bizim düşüncə tərzimizə zidd anlayışdır.
Özümüzü tanıyandan bəri bu həqiqəti belə qəbul edib, yaşam tərzimizi bu anlayışlar üzərində bina etmişik. Bu bir həqiqətdir ki, onlarla kitabı olub elmi adlara sahib olanları alim ünvanına layiq görüb, üzündən bir kəlmə oxuya bilməyənləri isə savadsız və cahil adlandırmışıq. Alim adlandırdığımız insanların həyatlarından ibrətlər alıb özümüzün həyat tərzimizi onun həyat tərzinə uyğunlaşdırmağa çalışmışıq. Savadsız və cahil dediyimiz insanların, o cümlədən babalarımızın, nənələrimizin və ağsaqqallarımızın söz və məsləhətlərini qulaqardı edib eşitməməzlikdən gəlmişik. Hətta kənara çəkilib istehza ilə “keçəlin dərmanı olsa, öz başına sürtər” deməkdən də çəkinməmişik. Bəs görəsən alimin nə və kim olduğunun dərinliyinə təmas etmişikmi? Alim deyərək nümunə qəbul etdiyimiz insanların həyatları özlərinə və bizim həyatımıza müsbət təsir edə bilibmi?
İlk olaraq onu qeyd etmək yerinə düşərdi ki, ərəb sözü olan alim ismi faildir. Bilən mənasını ifadə edir. Bilmək anlayışı çox geniş əhatəyə sahib olduğu üçün onun çeşidləri də sayılmayacaq qədər çoxdur. Belə ki, özünüdərk mərhələsinə çatmış bütün insanların bir şeyləri öyrənib bilməsi, onun gələcək həyat tərzinin formalaşmasına təsir edən ünsürlərin əsasını təşkil edir. Bu qədər əhəmiyyət kəsb edən bir faktorun doğru dərk edilməsi də özü qədər əhəmiyyətlidir. Körpə ikən istək və təkliflərini ağlamaqla ifadə edən insan oğlu öz doğma ana dilini öyrənib fikirlərini onun vasitəsilə digər insanlara çatdırır. Atasının, anasının hərəkətlərindən kifayət qədər təsirlənərək yetişən gənc cəmiyyət arasında da ona evdə verilən tərbiyənin nümunələrini sərgiləyir. Müəyyən zaman çərçivəsində və müəyyən yaş dövrünə qədər hər bir kəsin ilk olaraq özünə örnək qəbul etdiyi insanlar ailə fərdləri olur. Ancaq yaşa dolduqca bu həyati örnək götürmə məsələsi öz ünvanını ixtiyari və qeyri-ixtiyari dəyişməyə doğru yol alır. Uşaq ikən bağçada öz yaşıdlarına atasının qəhrəmanlığından və hərəkətlərindən danışan bir şəxs orta məktəb həyatında dayısının, əmisin, universitet həyatında isə Hollivud ulduzlarının həyatından və qəhrəmanlıq salnaməsindən danışır. Bu dəyişim prosesini o vaxt normal qəbul etmək olar ki, bir gəncin qəlbində Hollivud ulduzunun sevgisi ata-ana sevgisinə qalib gəlməsin. Əgər dediyimizin əksi baş verərsə bu gün küçələrimizi dolduran hostçu, popçu formasında dolaşan gənclərimizin sayı daha da çoxalacaq. Hər birimizin bildiyi kimi yaşa dolduqca fərqli bilgilərin əldə edilməsi, düşüncə tərzinin dəyişməsinə səbəb olur. Bunun üçün də bu dünyada qazandığımız bilgilərin hər biri bizim xeyrimizə olmaya bilər. Buradan belə fikir də ortaya çıxır ki, hər alim dediyimiz insanların nə bilgiləri, nə də həyatları o qədər də ibrətə layiq deyildir.
Mən burada bilgini iki hissəyə ayırmaq istərdim: faydalı və faydasız bilgilər. Mənə elə gəlir ki, bizim bu dünyada ilk vəzifəmiz faydalı və faydasız bilgilərin ayırd edilməsidir. Bunu necə həyata keçirəcəyik deyirsinizsə əlinizi vicdanınıza qoyub imanınızı yoxlayın. Baxın, görün ki, siz kimsiniz? Haradan gəldiniz, haraya gedirsiniz? Əgər siz bu suallara cavab verə bilirsinizsə faydalı və faydasız bilgiləri rahatlıqla seçə biləcəksiniz. Biz bu dünyada elə seçim etməliyik ki, faydasız bilgilər, imtahana həsr edilmiş bu azacıq ömrümüzü məşğul etməsin. Biz özümüz üçün faydalı olan şeyləri öyrənək. Quran oxuyub, namaz qılanlara alim yox, molla desələr belə. Əsl alimlik haqqı və həqiqəti bilməkdir. Əsl alimlik əməlsiz bilgilərə sahib olub, kitab yüklü ulaqlara bənzəmək deyildir. Bəli, ey Allah qorxusundan qəlbləri titrəyib, gözləri yaşlarla dolan kəslər, sizin cildlərlər kitablarınız, fərqli-fərqli elmi adlarınız olmasa da həqiqət alimi sizsiniz. Savadsız olsanız da.
Son olaraq diqqət çəkmək istədiyim önəmli nöqtə, var olan fikir və ideyyaların fərqli baxış anlayışlarıdır. Mövzumuzun episentirini təşkil edən savadsız alim analayışının olub olmadığına təmas etdikdən sonra bir həqiqəti hörmətli oxuçuların diqqətinə çatdırmaq istəyirəm. Hörmətli oxucu! Həyatda heç bir zaman gözəl adlara və ünvanlara aldanma. Sənə min bir tərif və təzimlə verilən adlar sənin şəxsiyyətini formalaşdırmağa kifayət etmir. El arasında gözəl bir söz vardır “ad insanı ucaltmaz, insan adı ucaldar”.
ŞƏRHLƏR