Şükür Etmək
Uca Allah bəndələrinə öz nemətlərindən heç bir xəsislik etmədən bol-bol vermişdir. Bununla yanaşı qullarını müsibətlərlə imtahan elədiyi kimi, nemətlərlə də imtahan edir. Bu barədə Qurani-Kərimdə buyurulur:
"Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı yoxlamaq məqsədilə Biz sizi xeyir və şərlə, [sağlamlıq, var-dövlət, cah-cəlal və xəstəlik, yoxsulluq və ehtiyacla] sınağa çəkərik. Və siz, [qiyamət günü əməllərinizin əvəzini almaq üçün] ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!" (əl-Ənbiya 21/35)
Allah bütün nemətləri heç kimə əsirgəmədən verəndir. Bolluğun fitnəsi darlığın fitnəsindən daha böyükdür. Bolluq fitnəsinə düçar olanların səbir və şükür etmələri şərtdir. Fəqirlik və zənginlik də imtahan növlərindəndir.
Başqa bir ayədə Uca Allah belə buyurur: "Əgər siz şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə lazımdır? Allah şükürə qiymət verən və hər şeyi biləndir!" (ən-Nisa 4/147)
Uca Allah, yaradılış qayəsinin şükür etmək olduğunu isə belə bildirir. "Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz, [dərk etmədiyiniz] halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, [Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub,] bəlkə şükür edəsiniz." (ən-Nəhl 16/78).
"Əgər [Allahın nemətlərinə] şükür etsəniz, sizin bu şükürünüz Ona xoş gələr." (əz-Zümər 39/7) Allah gecəni və gündüzü düşünmə və şükür etmək üçün yaratmışdır.
Allah-Təala dostu İbrahimi (ə.s) nemətlərinə şükür etməsi səbəbi ilə öymüşdür. "Həqiqətən İbrahim Allaha müti, batildən haqqa tapınan bir imam [rəhbər] idi. O heç vaxt müşriklərdən olmamışdı. O Allahın nemətlərinə şükür edənlərdən idi." (ən-Nəhl 16/120-121)
Süleyman əleyhissəlam da, sükr edən qullardan olması üçün Rəbbinə dua etmişdir: "Ey Rəbbim, Mənə, mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham, [qüvvət] ver! Və məni Öz mərhəmətinlə saleh bəndələrinin sırasına daxil et!" (ən-Nəml 19)
Uca Allah, Rəsulu Muhəmmədə (səs) şükür etməsini belə əmr edər: "Xeyr, yalnız Allaha ibadət et və [Onun nemətlərinə] şükür edənlərdən ol!" (əz-Zümər, 39/66)
Loğmana (a.s.) da şükür etməsini belə əmr edər: "Həqiqətən, Loğmana : "Allaha şükür et!"- deyə hikmət verdik." (Loğman 31/12)
Rəbbimizin insana əmr etdiyi ilk nəsihət, Allaha şükür, ana-atasına təşəkkür etməsidir. "[Biz insana buyurduq]: "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!" (Loğman 31/14)
Allah düşməni İblis; şükür etməyin dəyərini və qiymətini bilincə Uca Allaha xitabən belə dedi: "Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!" (əl-Əraf 7/17)
Peyğəmbərimiz (səs) insanlar arasında Rəbbinə ən çox şükür edəndir. Doyunca yemək yeməmiş ac qaldıqda qarnına daş bağlamışdı. Keçmiş və gələcək günahları bağışlandığı halda ayaqları şişənə qədər gecə namazı qılar və belə buyurardı : "Şükür edən bir qul olmayımmı?"
Qulları arasında Allahın nemətlərinə şükür edənlər olduqca azdır. Allah Tala belə buyurur: "Bəndələrimdən [nemətlərimə] şükür edəni azdır!" (əs-Səbə 34/13)
"Həsən (r.a) belə deyir : "Allah dilədiyinə nemət verir. Əgər o nemət səbəbiylə şükür etməzsə onu əzaba çevirir."
Əbu Kulabə (r.a) belə deyir: "Şükür etsəniz heç bir dünyalıq sizə zərər verməz." Uca Allah nemətlərinə qarşı şükür etməyən qullarını pisləmişdir. Ayədə buyurulur: "İnsan öz Rəbbinə qarşı çox nankordur." (əl-Adiyat, 100/6)
Allaha şükür etməyin bir neçə növü vardır. Məsələn dil ilə şükür, ğöz ilə şükür qulaq ilə şükür etmək kimi. Bu səbəblə gözün şükürü, ğözlə Allahın haram etdiyinə baxmamaqdır. Dilin şükürü, dillə haqqı və doğrunu danışmaq va bundan başqasını danışmamaqdır. Qulaqların şükürü onunla qeybət, iftira və haram olan şeyləri dinləməməkdir.
Yazımı bir ayə ilə yekunlaşdırıram:
“Əgər (Mənə) şükür etsəniz, sizə olan nemətimi artıracağam. Yox əgər nankorluq etsəniz, unutmayın ki, Mənim əzabım, həqiqətən şiddətlidir!” (İbrahim 14/7)
ŞƏRHLƏR