Gəncliyi Nemət Bilənlər

Gəncliyi Nemət Bilənlər

Gənclik insan ömrünün ən qiymətli və münbit çağıdır. Gənclər bir millətin gələcəyi, böyük və məsuliyyətli məfkurələrin davamçısı və daşıyıcılarıdırlar. Buna görə dəbütün dinlərdə və mədəniyyətlərdə gənclərə xüsusi diqqət ayrılmış, onların xidmətləri yüksək qiymətləndirilmişdir. Hər bir fikri cərəyanın vüsət tapması da adətən məhz həmin ideya ətrafında gənclərin səfərbərliyi nəticəsində mümkün olmuşdur.

 İnsana bir dəfə verilən həyat nemətinin ən münbit çağı olan gəncliyin qiymətini bilərək ondan məqsədyönlü istifadə etmək cəmiyyətin çiçəklənməsinə xidmət edir. Lakin qəflətlə yaşanan bir həyat uşaqlıqda oyun, gənclikdə şəhvət, yetkinlikdə qəflət, ixtiyarlıqda isə əldən çıxanlara həsrət və min bir peşmanlıqdan ibarət olar.

Allah-Təala Qurani-Kərimdə müsəlmanlara bir neçə gəncdən bəhs edərək beləliklə gözlər önündə imanlı bir gənc portreti çəkir. Bunlara misal olaraq Hz. İbrahimi, onun atası və qövmü ilə tövhid mücadiləsini, Rəbbinə təslimiyyətini; özü kimi təslimiyyət abidəsinə çevrilən oğlu İsmayılı, onun bütün səmimiyyəti ilə Allaha boyun əyməsini; zindanı zinaya tərcih edən əxlaq nümunəsi Həzrət Yusifi; alicənablığı, iffəti, zalım hökmdar qarşısında haqqı hayqıran Həzrət Yəhyanı; onun kimi gənc yaşda nübüvvətlə şərəflənmiş Həzrət İsanı göstərmək mümkündür. Ulul-əzm peyğəmbərlərin dördüncüsü olan İsa (ə.s)-ın Allahın izni ilə beşikdə ikən dilə gələrək üstün vəsflərini dilə gətirməsi zamanı söylədiyi bu sözlər hər bir gənc üçün həyat düsturu olacaq əhəmiyyətdədir:

“Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab verdi, özümü də peyğəmbər etdi.O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi!” (Məryəm, 30-32)

Gördüyümüz kimi gəncliyin bərəkəti Allaha itaət, dini hökmlərə bağlılıq, valideynə itaət, insanlara qarşı şəfqətli olmaq, zülm və təkəbbürdən uzaq durmağa bağlıdır. Digər tərəfdən Qurani-Kərimdə təriflə yad edilən Əshabi-Kəhf də bir qrup imanlı gənc olaraq hər bir müsəlmana örnək olmalıdır.

Digər tərəfdən Həzrət Peyğəmbərin də ətrafında gənclərin xüsusi yer tutduğunu görürük.  Bu mübarək din gənclərin könül iqlimində inkişaf etdi desək yanılmarıq. Çünki səhabələrin əksəriyyətinin yaş həddi müsəlman olduqları zaman iyirmidən az idi. Onlar gənc yaşda dinləri uğrunda bir çox məşəqqətlərə qatlandılar. Onların eşqlə, sevgi və fədakarlıqla ifa etdikləri xidmətlər sayəsində neçə-neçə ölkələr hidayətlə nurlandı və İslam əxlaqı ilə səadətə qovuşdu. İnsanlar İslamla şərəfləndi. Quran ifadəsi ilə desək, atəş çuxuru halına gəlmiş bütöv bir cəmiyyət tarixdə misli görülməmiş ictimai asayiş yaşandı. Belə ki, həmin zaman dilimi Əsri-Səadət adlandırıldı.

Əsri-Səadətin aparıcı qüvvəsi olan gənclərdən Həzrət Əli (r.a) İslamı qəbul etdiyi zaman hələ 10 yaşı vardı.Peyğəmbərimizin azad etdiyi köləsi Zeyd bin Harisə (r.a) iman etdiyi zaman 15 yaşında idi. O, taiflilərin Peyğəmbərimizə atdığı daşlara qarşı bədənini qalxan edərək onu qorumağa çalışdığı gün igid bir gəncdi. Görəsən, bu gün 15 yaşlı bir gənc hansı sevdaların ardınca qaçır?!Həzrət Ömərin oğlu Abdullah (r.a) İslamla şərəfləndiyi zaman hələ 10 yaşı vardı. 13 yaşında ikən Uhud döyüşündə iştirak etmək istəsə də, hələ çox gənc olduğu üçün Allah Rəsulu (s.ə.s) buna izin verməmişdi. Daha sonra böyük alimlər səfinin önünə keçərək ən çox hədis rəvayət edən ikinci səhabə olma şərəfinə nail olmuşdur. Təəssüflə söyləyək ki,zəmanəmizin bu yaşdakı gəncləri sosial şəbəkələrdə yatıb-durmaqdan, şəbəkə oyunlarına aludəçilikdən dünyada baş verənləri götür-qoy etməkdən acizdirlər.

Cəfər bin Əbu Talib (r.a) Mutədə şəhid edildiyi vaxt sadəcə otuz üç yaşında idi.Bunu nəzərə alaraq deyə bilərik ki, Həbəşistana hicrət etdiyi zaman və Nəcaşinin hüzurunda elm, hikmət və cəsarətlə müsəlmanları təmsil edərkən 17 yaşında bir gənc idi. Muaz bin Cəbəl Rəsulullah (s.ə.s) tərəfindən Yəmənə vali göndərilərkən sadəcə 21 yaşı vardı.

Abdullah bin Məsud vəZübeyr bin Avvam 16 yaşlarında müsəlman olmuşdular. Əbdürrəhman bn Əvf və Sad bin Əbu Vaqqas isə 17 yaşlarında imanla şərəflənmişdilər. Yəni onlar bugünün orta məktəb tələbəsi yaşında idilər. Ancaq həyatlarını dünya və axirət səadətinə həsr etmişdilər.

Məkkənin ən varlı və yaraşıqlı gənclərindən olan Musab bin Ümeyr müsəlmanlığı qəbul etdiyi üçün ailəsi tərəfindən həbs edildikdə 18 yaşı vardı. O Musab ki, dünya zənginliyini əlinin tərsi ilə uzaqlaşdırıb Haqqa könül vermişdi. O Musab ki, daha sonra Mədinəyə gedərək oranı Quranla, fərasəti və şirin diliylə fəth etdi. Zəmanəmizdə 18 yaşında olan bir gənc belə bir seçim qarşısında qalsa, bu qədər böyük və məsuliyyətli vəzifəni ifa edə bilərmi görəsən?!

İlk müsəlman olan gənclər arasında sadəcə gənc oğlanları deyil, eyni zamanda imanla şərəfləndikdən sonra bu dinə böyük xidmətlər edən gənc qızları, xanım səhabələri də görmək mümkündür. Başda Allah Rəsulunun qızları olanHəzrət Ruqiyyə, Ümmü Gülsüm və Fatimə,Həzrət Ömərin bacısı Fatimə, Həzrət Əbu Bəkrin qızları Əsma ilə Aişə, hicrət əsnasında Həzrət Peyğəmbəri ilahilərlə qarşılayan Nəccar oğullarının qızları bunlardan sadəcə bir neçəsidir.

Həzrət Peyğəmbər (s.ə.s) İslamın yayılması və öyrənilməsində gənclərə böyük vəzifələr vermişdi. Səhabələrini hələ kiçik yaşlarından yetişdirməyə çalışar, zaman-zaman onlara gələcək həyatlarına işıq tutan öyüd-nəsihətlər edərdi. Məsələn, Abdullah ibn Abbası tərkinə alaraq “Sənə bir sıra mühüm şeylər öyrədəcəyəm”,- deyə sözə başladığı hadisə məşhurdur.Çünki Allahın insana bəxş etdiyi gənclik çağı bu kimi mühüm xidmətlərin həyata keçirilməsi üçün ən böyük sərmayədir. İnsanın gənclikdə daha çox enerjisi olur. Məhz bu yaşda məsuliyyətini dərk edərsə, işinə ürəkdən bağlanaraq müsbət nəticələr ala bilir. Vəzifəsini yerinə yetirərkən də möhtac olduğu güc-qüvvət, cəsarət, şücaət və dəqiqliyidaha çox gənclik illərində tapa bilir.

İstər Quran, istər, hədisi-şəriflərə, o cümlədən tarixə baxdığımız zaman gəncliyin şərəfinin bu dörd əsas prinsipə bağlı olduğunu görürük: iman, elm, əməl xidmət. Xoşbəxt gələcək naminə gəncliyimizi məhz bu istiqamətdə dəyərləndirməli və yetişməkdə olan gənc nəsilləri bu xüsusa diqqət edərək yetişdirmək məcburiyyətindəyik. Unutmamaq lazımdır ki, gənclik Allahın biz insanlara bəxş etdiyi və ömrümüz boyu yalnız bir dəfə yaşaya bildiyimiz müstəsna nemətlərdəndir. Həzrət Peyğəmbdərin hədisi-şərifində buyurduğu kimi əldən salan qocalıq gəlib çatmadan vəgənclik saralıb-solmadan xeyir işlərə tələsməli, yaşadığımız hər anı dünya və axirət baxımından qiymətləndirməliyik.Gəncliyimizi hədər etməyək ki, gələcəyimiz hədər olmasın!..

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz