GƏNCLİYİN QƏDRİNİ BİLMƏK
Ömür çox sürətlə ötüb keçir. Onu saxlamaq mümkün deyil. İnsan doğulandan sonra ona bəxş edilən bu həyat nemətini yaşamaq məcburiyyətindədir. Körpəlikdən uşaqlığa, uşaqlıqdan gəncliyə, gənclikdən də qocalığa qədər bütün bu mərhələlərdən keçməlidir. Əlbəttə ki, Allah bu mərhələləri yaşamaq üçün ömür verərsə. İnsan yaşamaq məcburiyyətindədir.
Körpəlikdən və uşaqlıqdan biz məsul deyilik. Qocalıqdan da müəyyən mənada məsuliyyət qalxır. Ancaq gənclik illərini yaşayırsansa, deməli, məsuliyyət buradan başlayır. Hətta, demək olar ki, gənclik bərabərdir məsuliyyət. Çünki gəncliyində gördüyün işlərinə görə məsuliyyət daşıyırsan.
Bu bir həqiqətdir ki, insanların əksəriyyəti gəncliyin qədrini bilmir. Gənclik həyatı bir əyləncə kimi görülür. Gəncsənsə, deməli, əylənməlisən, yeyib-içib kef eləməlisən. Heç bir dərdin olmasın gərək. “Cavanlıqda kef çəkməyən adam, deməli, bu həyatı yaşamayıb” kimi ifadələr cavanlığın, gəncliyin fəlsəfəsini dərk etməyənlər üçün başadüşüləndir. Ancaq şüurlu bir gənclikdən bəhs etmək üçün gərək biz əyləncədən bəhs etməyək (Bunu da qeyd etmək lazımdır ki, əyləncə məfhumunu da doğru şəkildə fəhm etmək gərəkir). Şüurlu, məsuliyyətli, vətəninə, millətinə layiqli bir gənclik istəyiriksə, bu xüsusiyyətlərə mane olan mənfi xüsusiyyətlərdən uzaq tutmalıyıq gəncliyimizi.
Bunu da inkar etməyək ki, gəncliyin formalaşması, əlbəttə ki, körpəlikdən, uşaqlıqdan başlayır. Bunu da diqqətə almaq lazımdır ki, xəmir necə yoğrularsa, çörəyi də o cür alınar. Düzgün tərbiyə almamış, düzgün təhsil görməmiş bir gənclikdən heç vaxt tərbiyə, təhsil, ədəb-ərkan gözləmək olmaz. Gəncliyin qədrini bilmək lazımdır deyirik, ancaq hər hansısa gənclik həyat anlayışından, özünüdərk kimi ülvi duygulardan uzaqdırsa, bu cür gənclik heç bir zaman nə həyatın qədrini bilər, nə də gəncliyin. Gənclik həyat deməkdir. Elə bir həyat ki, imkanlar geniş, güc-qüvvət yerində, arzular, hisslər tükənməz. Məhz bunun üçün də bu cür imkanlardan, güc-qüvvətdən, azrulardan, hisslərdən ulvi, ali məqsədlər üçün istifadə etmək lazımdır.
Bunu da nəzərə almaq lazımdır ki, gəncliyin formalaşmasına digər amillər də təsir edir. Heç bir zaman günahı gəncliyin üzərinə də atmaq olmaz. Gənclik elə bir dövrdür ki, ona təsir edən amillərin nəticəsində ya mənfi, ya da müsbət istiqamətdə təşəkkül edər. Bu gün insanların pis yollara gənclik dövrlərdə düşdüyünün şahidi oluruq. Bu bir həqiqətdir ki, narkotik aludəçiliyinə, içki düşkünlüyünə, pis vərdişlərə gənclik illərində başlanır. İnsan gənc olanda içki içməyə, siqaret çəkməyə və başqa mənfi əməllərə başlayır. Bu da gəncliyin qədrini bilməməkdən irəli gəlir. Gəncliyin qədrini bilməyənlər ömürlərinin ən gözəl çağında- gənclik dövründə həyatlarını məhv edirlər. Əlbəttə, bunu bütün gənc nəslə şamil etmək olmaz. Ancaq bunu da bilmək lazımdır ki, mənfi xüsusiyyətlərə sahib olan bir gənclik digər gəncliyə də təsir edir. Onları da bu cür mənfi yollara düşməyə sövq edir. Bunun üçün də düzgün tədbirlər, düzgün istiqamətlər seçilməlidir. Gənclərimizə həyat anlayışının dərk edilməsi üçün düzgün idealar seçilməlidir.
Bir insan bu dünyaya nə üçün gəldiyini dərk etdiyi zaman artıq bu, onun gəncliyinə müsbət təsir edir. Onu həyatın dərkinə aparır. Həyatı ən gözəl dərk etdirən amil dinimiz İslamdır. İslam dinində yaşamağın, həyatın fəlsəfəsi tam şəkildə göstərilmişdir. Çünki İslam dinində ədəb-əxlaq ən ali zirvədə aşılanır. Gəncliyin qədrini bilməyin yeganə çarəsi İslam dininin öyrətmək istədiyi əxlaq anlayışına düzgün bir şəkildə yiyələnmək lazımdır.
Beləliklə, insan ömrünün ən gözəl çağı olan gəncliyin qədrini bilmək zəruridir. Bir insan gənclik dövründə həyatını qurur və bu da onun gələcəyinə təsir edir. Gəncliyin qədrini bilməyənlər qocalığında peşman olurlar. Qocalıqda peşman olmamaq üçün də gənclik illərində düzgün həyat tərzi seçmək lazımdır. Gənclik illərində etdiyin hər bir mənfi hərəkət bütün ömrünün bada getməsi deməkdir. Gənclik illərində buraxdığın hər bir səhv qocalığında peşmanlığın deməkdir. Cavanlığın dadını əyləncələrlə, eyş-işrətlə çıxarmaq, bu gəncliyin qədrini bilmək deyil. Əksinə özünə, ömrünə, həyatına, gəncliyinə, cavanlığına zülm etmək deməkdir. Ömrünün qızıl dövrüdür gənclik illəri.
Bunu da unutmayaq ki, həmişə düzgün həyat tərzinin seçilməsi insanın əlində olmur. Ətraf mühitin də gəncliyə təsir etdiyini qəbul etmək lazımdır. Ancaq yenə də düzgün həyat tərzi üçün insan əlindən gələni etməlidir. Əgər Allah bizə gənclik dövrünü yaşamağı nəsib edibsə, deməli, bunun qədrini bilmək lazımdır. Allah bizi gəncliyin qədrini bilənlərdən eyləsin. Ömrümüzün baharı olan gənclik dövrünü də bərəkətli etsin.
ŞƏRHLƏR