Balaca çinli və diktator

Balaca çinli və diktator

Pekindəydim, şəhərdə bir xeyli gəzəndən sonra avtobusla qaldığım otelə qayıdırdım. Arxa oturacaqda üç çinli oturmuşdu, – ər, arvad və onların ortasında oturmuş iki-üç yaşında olan toppuş, saçları düz qaşına qədər tökülən oğlan uşağı. Bu uşaq o qədər şirin idi ki, arada çevrilib ona baxmaya bilmirdim. 

İki əliylə içində şüd olan şüşəni bərk tutmuşdu. Hər dəfə ona baxanda, uşağın qıyıq gözləri böyüyürdü, dodaqları bir-birindən aralanırdı, deyəsən, məndən qorxurdu. Atası barmağını mənə tərəf uzadıb gülə-gülə oğluna nəsə deyirdi. Öz-özümə fikirləşirdim ki, bu uşaq yəqin ilk dəfə mənim kimi bığlı, qafqazsifət görür, təəccüb edirdim. Yeri gəlmişkən, elə mən də ilk dəfə idi ki, qulağımın dibində çinli uşağın öz dilində şirin-şirin danışmasını eşidirdim.

Ərlə arvad öz aralarında kəsik-kəsik çin dilində nəsə danışırdı, az sonra balaca da onlara qoşuldu:

–        Tzı, pi, tszı uaa... dyau...

Çin dilini bilmirəm, yadımda qalan bu sözlər, daha doğrusu, hərflər, səs birləşmələri idi.

Ər-arvad yenə öz aralarında söhbət edirdi, toppuş uşaqları hərdən onlara qoşulurdu. Arada mənə elə gəldi ki, balaca nədənsə narazıdı: nəyəsə görə anasına etiraz edir, arada ağlamsınmış halda hıqqınırdı. (Bəlkə də, anası onu süd içməyə məcbur edirdi, uşaqsa istəmirdi).

Qəfildən başıma əcaib, qara-qura fikirlər girməyə başladı. Bu uşaq indi məsumdur, anasıyla-atasıyla şirin-şirin söhbət edir, əzizlənir, həyatda ilk suallarını verir, hamı onun suallarına həvəslə cavab verir, yeyir, yatır, oyuncaqlarla oynayır, karusellərdə əylənir. Nə vaxtsa böyüyəcək, universitetə qəbul olacaq, Çin Kommunist partiyasına qəbul olacaq, partiyada, hökumətdə karyera uğurları aparıb, onu ölkənin birinci katibi, yəni başçısı edəcək. İllər sonra BBC-dən gedən sənədli verilişlərin birində onun uşaqlıq şəklini göstərəndə, evdəkilərə deyəcəyəm ki, a, bunu mən Pekində avtobusla otelə qayıdanda görmüşdüm.

Və günlərin birində ölkədə inqilab baş verəcək, diktatorun əmriylə əvvəlcə dubinkalar işə düşəcək, sonra rezin güllələr, sonra əsl güllələr, tanklar, zirehli döyüş maşınları, – yəni yerə yapışdırılan insanlar, baş bir yerdə, ayaq-qol bir yerdə, qan gölməçələri. Sonra ordunun bir hissəsi keçəcək inqilabçıların tərəfinə, beləcə, inqilab vətəndaş müharibəsinə çevriləcək və diktatorun növbəti əmriylə on minlərlə adam qətlə yetiriləcək, türmədə zorlanacaq, dırnaqları kəlbətinlə çıxarılacaq, elektrik cərəyanına veriləcək və s....

Bu fikirlərdən ətim ürpəşdi, elə bu vaxt kimsə arxadan yavaşca başıma toxundu, cuppulu, balaca, yumşaq əl toxunmuşdu mənə. Çevrildim, gülürdü, qığıldayırdı, qabaqda üç, altda iki dişi vardı. Bu multfilm uşağın balaca gözlərinə və dişlərinə baxıb mən də gülməyə başladım. Ata-anasını da gülürdü. Durub toppuş üzündən öpmək keçdi ürəyimdən, amma utandım: bunların adətlərinə bələd deyildim deyə, fikirləşdim ki, birdən hərəkətim ata-anasının xoşuna gəlməz. İstəyirdim uşaq bir də məni vursun, heç olmasa çönüb toppuş əlini tutub öpəm. Elə bilirdim, onda valideynləri heç nə deməz.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz