İRFANDAN - “İslamofobiya”ya qarşı nə etməli?
Bu gün İslamın dünya çapında rəğbət görməsindən narahat olanlar buna mane olmaq üçün “İslamofobiya” adı altında İslama və müsəlmanlara qarşı çirkin yollara əl ataraq nifrət və düşmənçilik rüzgarı əsdirirlər. Artıq bir sıra insanlar ya bilməyərəkdən, yaxud da qəsdən “İslam” sözünü zəmanəmizin ən böyük bəlalarından biri olan “terror”la birlikdə işlətməyə çalışırlar.
Halbuki terror qəlbsizlik üzərinə qurulmuşdur və bir terrorçuda ədəb, əxlaq, Allah sevgisi və qorxusu kimi ülvi hisslərin olması mümkün deyil. Terrorun göz yaşı yoxdur, mərhəmət və vicdanı yoxdur.
İslam isə, əksinə, şəfqət və mərhəmət üzərinə qurulmuşdur. Allah-Təala Qurani-Kərimdə ən çox “Rəhman” və “Rəhim” adlarını, yəni bütün varlıqları əhatə edən mərhəmətini təlqin edir. Həzrət Peyğəmbər -səllallahu əleyhi və səlləm- də “aləmlərə rəhmət” olaraq göndərilmişdir.
Tarixə baxdıqda terrorla ən çox mübarizə aparan insanın Həzrət Peyğəmbər -səllallahu əleyhi və səlləm- olduğunu görürük. Onun 23 illik peyğəmbərlik həyatı demək olar ki, tamamən terrorla mücadilədən ibarətdir. İnsana qarşı terror, heyvanlara qarşı terror, bitkilərə qarşı terror... Allah Rəsulu -səllallahu əleyhi və səlləm- ömrünün sonuna qədər bunlarla mübarizə aparmışdır. İstər kafir olsun, istər mömin, daima hər kəsin haqqına riayəti əsas götürmüşdür. Nəticədə qan gölünə çevrilən səhraları əmin-amanlığa qovuşdurmuş və insanlıq tarixinin bir daha görə bilmədiyi misilsiz fəzilətlər mədəniyyətinin təməllərini atmışdır.
Bu gün ümməti-Muhamməd olaraq bizim borcumuz aləmlərə rəhmət olan Peyğəmbərimizin mükəmməl əxlaqını gücümüz nisbətində yaşayaraq əməlimizlə təmsil və təbliğ etməkdir. Bunu layiqli şəkildə edə biləriksə, nə iftira və təhqirlərin bir hökmü qalar, nə də iftira atanlar bir daha bu kimi həqarətlərə şərait taparlar...
ŞƏRHLƏR