Məhbus
Uşaq atasından soruşur:
- Ata, buludlar niyə hərəkət edir?
Sualın ciddiyətdən uzaq olduğunu düşünən ata:
- Buluddur da, o tərəfə gedir, bu tərəfə gedir.
Cavab uşağı qane eləmir:
- Bəs onları nə hərəkət etdirir?
Sualların bitəcəyini zənn edərək ata cavabı qısa kəsir:
- Ay bala, külək hərəkət etdirir.
Ancaq suallar yenə də bitmir:
- Bəs küləyi nə hərəkət etdirir?
Vəziyyətin ciddi olduğunu başa düşən ata:
- Allah küləyi belə yaradıb. Gah o tərəfə əsər, gah bu tərəfə. Buludları da özü ilə sürükləyib aparır. Bizə və ağaclara həm təmiz hava gətirir, həm də yağış gətirir.
Bu səfər atanın heç fərq eləmədiyi, bəlkə də sualları dinləməyib cavab verməsəydi heç vaxt da bilə bilməyəcəyi uşağın iç dünyası, gizli təxəyyülü ortaya çıxır:
- Ata, külək canlı deyil ki? Mən də elə bilirdim ki, külək də, ağaclarda canlıdır. Ağaclar sağa-sola sallanaraq küləyi hərəkətə gətirirlər.
- Oğul, əslində onlar küləyi yox, külək onları tərpədir.
Bu yaşanmış hekayədən bir neçə dənə dərs çıxartmaq olar.
Əvvəla valideynlər uşaqlarının zehni inkişafında bir başa mühim rol oynayırlar və böyük məsuliyyət daşıyırlar. Buna görə də onların məntiqi təfəkkürünün düzgün formalaşması üçün hər hərəkətinə, sözünə və xüsusilə də sualına ciddi yanaşmalıdır.
Ikincisi, “buludlar niyə hərəkət edir?” Buludların hərəkətini hər birimiz, bəlkə də hər gün müşahidə edirik. Görəsən onların bu hərəkəti haqqında nə fikirləşmişik? İçində minlərlə ton suyu qaldırıb başımızın üstündən sağa-sola daşıyan bu nəhəng varlıqlar bizi heçmi vahiməyə salmadı? Heçmi gözəlliyi və heybəti ilə heyran eləmədi? Bəziləri üçün çox da əhəmiyyətsiz bir buxar yığını kimi görünən bu ağ-qara varlıqlar daşıdığı həyat suyu ilə, daşıdığı ən dağıdıcı silahı, ildırımı ilə çox zaman elm sahiblərinin, düşüncə sahiblərinin diqqətini çəkməyi bacarmışdır. Onun yaradılışındakı dərinlik və hikmət o qədər böyükdür ki, uca kitabımız Qurani Kərimdə də Allah təala buna diqqət çəkmişdir. Məsələn:
“Rəhmətinin qabağınca müjdəçi olaraq küləkləri göndərən odur (Allahdır). O küləklər yağış dolu buludları yüklənəndə onu quraq sahələrə göndərər. Sonra onunla yağış yağdırar və beləliklə hər cür məhsulu bitirib böyüdərik. Baxın, biz ölüləri də beləcə dirildərik. Sizin də düşünüb ibrət almağınız üçün bunu belə eləmişik.” (Qurani Kərim 7/57)
“Gecə ilə gündüzün dəyişməyində, Allahın göydən bir ruzi səbəbi olan yağışı endirib onunla yer üzünü ölümündən sonra diltməyində və küləkləri istiqamətləndirib yönləndirməyində ağlını işlədən topluluqlar üçün neçə-neçə dəlillər, sübutlar vardır.” (Qurani Kərim 45/5)
Quranda iyirmiyə yaxın ayədə buludlardan, küləklərdən misallar gətirilir və onlar haqqında düşünməyimiz məsləhət bilinir. Görəsən Uca Allahın bu əmrini neçə dəfə yerinə yetirmişik?
Üçüncü bir məsələ, “mən elə bilirdim ağaclar canlıdır” cümləsidir. Əslində ağaclar da canlıdır, amma uşaqların başa düşdüyü mənada yox. Qurani Kərimdə keçdiyi şəkli ilə desək: “Görmürsənmi, göydəkilər, yerdəkilər, günəş, ay və ulduzlar, dağlar, ağaclar, bütün heyvanlar və insanların bir çoxu Allaha səcdə edirlər ... “ Bəli, zikr mənasında, Allaha səcdə yəni Allahın əmrinə boyun əymək mənasında ağaclar da onun varlığını hiss edirlər. Ancaq yuxarıda misal verdiyim ayənin sonuna diqqətlə nəzər yetirsək görürük ki, insanlar mövzusunda Allah təala hamısının bu şüurda olmadığını qeyd edir. Görəsən biz hansı qrupun içində yer alırıq? Kainatda yer alan bu qədər geniş kütlə Allaha səcdə edərkən insan niyə özünü dar bir çərçivəyə həbs edib görəsən? Əslində insan həbs etməyi çox xoşlayır və bunu kainatı ram etməyin bir növü olaraq durmadan inkişaf etdirir. Məsələn ibtidai dövrdən etibarən misallar verəcək olsaq, ilk olaraq heyvanlardan başladı. Atın boynunu bağladı, itin boynunu bağladı. Qoyunları, iri buynuzluları bir-bir sürüyə qatıb dar məskənlərinə həbs elədi. Sonra suyu həbs elədi. Qablar düzəldib içinə doldurdu, şüşələrə yerləşdirdi, axıb getməyini önləyib öz məqsədinə xidmət etdirdi. Sonra bitkilər, kimisini müəyyən tarlalara həbs elədi, kimisini də evinə bəzək olarak dibçək gülünə çevirdi. Yenə də nəfsi, həvəsi durmadı. Bu səfər başını qaldırıb göyə baxdı. Diqqətini ildırım çəkdi. Elektrik enerjisini kəşf edib onu da həbs elədi, batareykalara doldurub ram elədi. Ancaq bir şeyi unudurdular, özlərinin də xəbəri olmadan əslində dünya onları özünə bağlayır, Rəbbindən uzaqlaşdırıb özünə məhkum edirdi. Suya baxır, haradan gəldiyini düşünmürdü. Torpağa baxır, niyə onu bəslədiyini fikirləşmirdi. Buludlara baxır, niyə ona xidmət etdiyini soruşmurdu. Halbuki, dünya qandalının açarı olan “niyə” sualının cavabsız qalması deyil, sualın eşidilməməsi, diqqətə alınmamasıydı, onu bu üstü açıq hava kamerasında məhbus edən.
ŞƏRHLƏR