“ŞƏHİDLİK” ÖLÜMƏ GÜLMƏKDİR

“ŞƏHİDLİK” ÖLÜMƏ GÜLMƏKDİR

Bəzi məfhumlar və dəyərlər vardır ki, insan oğlu onun həqiqətini dərk edə bilmir. Bəlkə bu dəyərlər barəsində əsər, hekayə, roman, şeir və qəzəllər yazıla bilər, ancaq mahiyyəti tam dərk edilə bilməz. Belə dəyərlərin başında “şəhidlik” məfhumu gəlir. Mahiyyəti etibarilə fərqli şəkildə təzahür etsə də, Allah dərgahındakı dəyərləri və mükafatları eynidir. Çünki İslam ədəbiyyatında bütün növ şəhidliklər eyni qəbul edilmişdir.

Sözün əsl mənasında həqiqi şəhidə “dünya və axirət şəhidi” də deyilir. Bu qrupa düşmən və ya quldurlarla döyüşdə, malını, namusunu, canını, vətənini müdafiə edərkən zülm və haqsızlıqla öldürülənlər aiddir. Savaşda yaralanan və bu səbəblə ölənlər də bu qrupa daxil edilmişdir. Hz. Peyğəmbər bir hədisində şəhidlərin beş cür olduğunu buyurur. Rəvayətdə bildirilir ki: “Vəba kimi yoluxucu xəstəliklərdən ölənlər, daxili xəstəliklərə tutulanlar, suda boğulanlar, (zəlzələ və s. səbəblərdən) uçqun altında qalanlar və Allah yolunda canından keçənlər” şəhid sayılır. (Buxari; Müslim)

İslam şəriəti baxımından qan nəcis qəbul edildiyi halda, Allah dərgahındakı dəyərinə görə şəhidlərin qanları müqəddəs və təmiz qəbul edilir. Məhz buna görə də, şəriət nöqteyi-nəzərindən şəhidlər kəfənlənərək deyil, üzərindəki qanlı libasları ilə dəfn edilir. Onların qanları axirətdə müşk qoxusundan daha ətirli olacaqdır. Bu məsələ barəsində hədislərdə belə buyurulmuşdur: “Şəhidləri yumayın. Çünki hər yara və hər qan damlası qiyamət günü ətrafa müşk qoxusu saçar”. (Əhməd ibn Hənbəl, Müsnəd).

Şəhidlik dərəcəsi elə bir ali mərtəbədir ki, Uca Allah Qurani-Kərimdə onun mahiyyətinin insanlar tərəfindən bilinməyəcəyini ifadə etmişdir. Ayədə belə buyurulur: “Allah yolunda öldürülənlərə “ölü” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) ayırd edə bilmirsiniz”.(əl-Bəqərə, 154) Cismən öldüyü halda o necə bir nemətdir ki, Allah onları diri qəbul edir, onlara ölü deməyi qadağan edir? Elə isə şəhid olanlar üçün ağlamaq yerinə, onların adına sevinmək lazımdır. Şəhid yaxını, şəhid atası, şəhid anası olmaq hər kəsə qismət olmaz. Əslində, doğru olan davranış şəhid yaxınlarına “göz aydınlığı” verərək, məsələnin mahiyyətini izah edərək təskinlik verməkdir. Əlbəttə ki, insan öz əzizini itirdiyi zaman kədərlənir, məyus olur. Ancaq şəhidlik zirvəsinə nail olan övladlarımız, atalarımız, analarımız üçün kədərlənmək həqiqətlə səsləşmir.

Şəhidlik peyğəmbərlərin belə qibtə etdiyi ali dərəcədir. Mahiyyətinin nə olduğunu Hz. Peyğəmbər anlamışdır ki, O, Allahdan şəhid ola bilməyi təmənna etmişdir. Peyğəmbərimiz (s.ə.s) bir hədisində, “…Muhammədin (s.ə.s) canı qüdrət əlində olan Allaha and olsun ki, nə qədər arzu edirəm, Allah yolunda səfərə çıxan hər orduya qoşulum, hər döyüşə gedən orduya qatılım və layiqincə mücahidə edəndən sonra öldürülüm. Sonra Allah məni yenidən diriltsin, yenə öldürülüm, sonra yenə diriltsin, yenə öldürülüm”,– buyurmuşdur.(Müslim)

Sözün əsl mənasında şəhid olanlar sorğu-sualsız cənnət ilə mükafatlandırılır. İnsan özü üçün ən dəyərli və yaşamasının səbəbi olan bədənini, həyatını Allah uğrunda, namusu və vətəni naminə çəkinmədən fəda etdiyi üçün Allah da ona ən üstün dərəcəni bəxş etmişdir. Hz. Peyğəmbər (s.ə.s) bir hədisdə şəhidlər haqqında belə buyurmuşdur: “Cənnətə daxil olub oradakı nemətləri gördükdən sonra dünyaya geri dönməyi şəhidlərdən başqa heç kim arzulamaz. Yalnız şəhidlər qiyamət günündə gördükləri lütflərin çoxluğuna görə yenidən dünyaya qayıtmağı arzulayar”.(Buxari; Müslim)

Allahın 99 əsmasından biri də “əş-Şəhid”dir; hər şeyi görən, bilən, xəbərdar olan mənasını ifadə edir. İslam mədəniyyətində ən ali dərəcəyə “şəhidlik” deyilməsi də düşündürücüdür. Şəhidlərin nəyə şahid olduğu Allahdan başqa heç kimə məlum deyildir. Şəhid Allahın mərhəmətinin, rəhmətinin şahididir. Ayədə buyurulur:  “Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin (şəhid olanların) günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır”. (Ali İmran, 195).

Onu da qeyd edək ki, şəhidlik mərtəbəsi dini baxımdan təkcə İslam dininə məxsus bir anlayışdır. Allah bütün şəhidlərimizə rəhmət etsin. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz