QMİ Nəsimi r/n bölgə qazısı, Əjdərbəy məscidinin imamı - BƏHRUZ ƏZİZOV

QMİ Nəsimi r/n bölgə qazısı, Əjdərbəy məscidinin imamı - BƏHRUZ ƏZİZOV

İrfan: 20 Yanvar hadisələrindən 30 il ötür. Siz də o dövrdə yaşanan hadisələrə yaxından şahid olmusunuz. Nələr baş verdi, nələr dəyişdi?

Bəhruz Əzizov: Bu səhifə ağır səhifədir. Azərbaycan xlaqının tarixində soy qırıma məruz qalma, haqsız yerə əliyalın, dinc insanların qətlə yetirilməsi, belə şeylər çoxdur. Hansı əsri götürsəniz, buna bənzər hadisələrə tariximizdə geniş-geniş rast gəlirik.

 Gəncə xanı Cavad xan, Qarabağ xanı Pənahəli xan, Quba xanı Fətəli xan... İstər xanlıq dövründə olsun, istər ondan əvvəlki və sonrakı dövrlərdə. Azərbaycan tarixi Azərbaycan xalqının qanı ilə yoğrulmuş bir tarixdir. Təəssüf ki, öz qanı ilə öz tarixini yazan bu xalqa tarixini tanımağı, bilməyi və ondan doğan gerçəkləri yaşamağı unutdurmağa çalışdılar. Bu uğurda qəhrəmanlıq göstərən vətən oğullarını bu xalqın tarixinə vətən xaini kimi salmağa çalışdılar. Amma sizin də dediyiniz kimi, 90-cı il “Yanvar hadisələri”, hansı ki, artıq üstündən 30 il – özünəməxsus bir zaman keçdi. Bu müddət heç də az bir müddət deyil. O dövrdə anadan olan uşağın artıq 30 yaşı var. O gündən sonra dünyaya gələn uşaqlar indinin gənclərini təşkil edir. Amma öz tarixini dopdolu, olduğu kimi öyrənə bilən gənclik; indiki və daha əvvəlki şanlı, öz qanı ilə yazdığı tarixini bilən gənclik.

- O ağır günlərdən yadınızda nələr qalıb?

- Həmin günlərdə, belə demək mümkündürsə, Azərbaycan iki aya yaxın komada qaldı, şok vəziyyətinə düşdü. İnsan komada olsa belə, onun beyni və qəlbi dayanmır. Azərbaycan üçün də həmin günlərdə fəaliyyətini dayandırmayan iki yerdən biri Qafqaz Müsəlmanları İdarəsi idi, onun cəmi on yeddi tələbəsi ilə birlikdə. Şeyx həzrətləri 90-cı ildə hələ cavan kadr idi, 40 yaşı var idi. Amma çox böyük bir yük ilə qarşılaşdı. Mərhum Bəxtiyar Vahabzadə:  “Cavan şeyximizin beli büküldü”, - deyərək bu həqiqəti ifadə edirdi. Bu halda Şeyx iyirmi mindən artıq ordunu qarşısına almışdı. Hansı ki, Azərbaycan xalqını qanına qəltan etmişdi. Xalqın əlində nəinki silah, heç səs tapançası belə yox idi. Amma bu xalqın işdən gələnini, işə gedənini, maşınlarını, avtobuslarını ən ağır pulemyot gülləsi ilə atəşə tutmaq, parça-parça etmək çox böyük faciə idi. Bir gecənin içində, Allah təkrarını göstərməsin, yüzdən çox ölü var idi. Bu, idarə qarşısında da böyük bir məsuliyyət qoymuşdu. Cənazələr dəfn olunmalı idi. Bunun pambığını, ağını çatdırmaq mümkün deyildi... Bu qədər insana qazılmış qəbir də yoxdur. Dağüstü, Çəmbərəkənd qəbiristanlığında, yəni indiki Şəhidlər Xiyabanında, vaxtilə Azərbaycan-Türk şəhidlərinin dəfn olunduğu bir yerdə, Azərbaycanın qan yaddaşı olan yerdə, erməni qətliamları zamanı həyatını itirən neçə-neçə şəhidlərimizin yatdığı yerdə yenidən şəhid qəbirləri açmaq çox ağır məsuliyyətli və çətin iş idi. Mən o günləri özüm yaşamışam, həyatımın ən ağır səhifəsidir o günlər. Rəhbərlik etdiyim on yeddi tələbə ilə qırx gün orada dayanıb, qışın o şaxtasında, o soyuğunda gecə-gündüz Quran oxumuşuq. Qırx gün, ara vermədən. Bəzən elə olurdu ki, gecələr tələbələrin bir hissəsi orada qalıb Quran oxumağa davam edir, bir hissəsi isə gəlib evlərə un daşıyırdı. Kamazlarla un gətirib yardım paylayırdıq. Səhərə kimi un boşaldan tələbənin kürəyi yara olurdu. Təcili yardım maşınları üçün 20 litrlik kanistrlərlə benzin daşıyırdıq. Bilirsiniz, telestudiya partladılmışdı, işıqlar kəsilmişdi. Gecənin qaranlığında ancaq indiki fişənglər kimi işıq saçan güllələr görünürdü. Əhalinin əksəriyyətinin nə baş verdiyindən xəbəri yox idi. Çoxunun səhər açılanda xəbəri olacaqdı. Düşünün, nə nəqliyyat işləyir, nə elektrik var, nə yemək var, nə büdcədə pul var, nə də irəli çıxıb camaata düz-əməlli yol göstərən var...

Biz evlərdən və Azərnəşrdən topayla qəzet yığırdıq, dalımızda daşıyırdıq, aparırdıq xəstəxanalara. Həkimlərimiz, onlar da çox fədakarlıq etdilər; qəzeti yandırıb əlimizdə tuturduq, onlar üçün işıq salırdıq. Çünki elektrik kəsilmişdi. Adi keyləşdirici tapa bilmirdilər, dərman yox idi, açıq əməliyyat edirdilər, yaranı qəzet işığında tikirdilər...

Mərhum liderimiz Heydər Əliyevin politbürodan Qorbaçov və ətrafındakılar tərəfindən hələ 20 Yanvardan əvvəl uzaqlaşdırıldığını bilirsiniz. Atalar deyir, xətanın harasından qayıtsan, xeyirdəsən. Şeyxülislam həzrətləri gənc olmasına baxmayaraq bu müdrik qərarı vermişdi: Heydər Əliyev dərhal geri gəlməlidir. Bu işdə mənə də böyük bir məsuliyyətli vəzifə tapşırılmışdı. Şeyx məni Moskvaya göndərdi. Getdim, məni həmin vaxt indiki prezidentimiz İlham Əliyev qarşıladı, öz maşını ilə gedəcəyimiz yerlərə apardı. O zaman onu da universitetdəki işindən kənarlaşdırmışdılar. Getdik, Azərbaycan diasporasını yığdıq. Komsomolski tərəfdə tatarların getdiyi bir məscid var idi. Azərbaycanın SSRİ Elmlər Akademiyasında işləyən bütün alimlərini, akademiklərini, professorlarını, bütün ziyalılarını – 2500-dən çox azərbaycanlını bir yerə yığdıq, birlikdə məscidə getdik. Orada icazə alıb şəhidlərimiz üçün dualar etdik, birlikdə namaz qıldıq.

- Şəhidlər və yaralılar üçün bunları edirdiniz. Bəs ailələri necə, onlarla maraqlanan olurdumu?

- O vaxt şeyx işin təkcə siyasi tərəfində qalmırdı, eyni zamanda şəhidlərimizin ailələri ilə də yaxından maraqlanırdı. Belə ki, komissiya təşkil etdirmişdi, şəhidlərin ailələrinə bir-bir gedərək ehtiyaclarını soruşurduq. Qapısı xarab olan, suyu gəlməyən, müalicəyə gücü çatmayan, hamısını bir-bir təsbit edirdik və şeyx onların dərdinə çarə olmağa çalışırdı. Mən özüm şəxsən Kirov rayonu (indiki Binəqədi) üzrə bu komissiyaya rəhbərlik edirdim. Ev-ev gəzirdik, piyada gəzirdik, bir-bir hər birinə dərman olmağa çalışırdıq.

O vaxt böyük xaosdan, böyük anarxiyadan qurtulmağımızda Paşazadə həzrətlərinin rolu əvəzsiz olmuşdur, xalq üçün ayna oldu, həqiqəti göstərdi, kimə güvənəcəklərini göstərdi onlara. Və bu səyləri 1994-cü ildə öz bəhrəsini verdi, Azərbaycan yenidən bir ideya, bir lider ətrafında birləşə bildi. Bu gün gəldiyimiz siyasi-iqtisadi və ya hərbi, hər bir nöqtədəki müvəffəqiyyətimizin əsası, kökü həmin o çətin illərdəki fədakarlıqlara, əvəzedilməz səylərə bağlıdır. O şəhidlərimiz əbədi diridir, həm Allah yanında, həm də bizim qəlbimizdə. Allah o şəhidlərimizin, onların imanının, öz tarixini yazdığı qanının hörmətinə, onların arxasınca yetişən nəslimizi də öz əmanətində hifz eləsin. Mərhum Mehmed Akif demiş: “Torpaq, uğrunda ölən varsa, vətəndir!”

- Çox təşəkkür edirik.

- Mən də təşəkkür edirəm. Tarixin çox mühüm bir səhifəsini işıqlandırmağa çalışırsınız, Allah müvəffəq etsin.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz