“20 Yanvar ictimai birliyi”nin sədri SOLTAN ƏZİMZADƏ - MÜSAHİBƏ

“20 Yanvar ictimai birliyi”nin sədri SOLTAN ƏZİMZADƏ - MÜSAHİBƏ

İrfan: “20 Yanvar” cəmiyyətinin yaranması və əsas fəaliyyət sahəsi barədə məlumat verərdiniz, zəhmət olmasa.

S.Əzimzadə: Cəmiyyətimiz 1990-cı ildə, hadisələrdən bir neçə ay sonra yaradılıb.

 Belə bir təşəbbüs oldu ki, hadisələr zamanı xəsarət alan bir çox insan var, gələcəkdə bu insanların problemləri ilə bağlı, hüquqlarının müdafiəsi ilə bağlı bir təşkilat qurulsun. May ayından etibarən əlillərlə, şəhid ailələri ilə birgə görüşlər keçirməyə, ünvanları, ad-familiyaları bir daha dəqiqləşdirməyə başladıq. Sonra konfrans keçirildi və 90-cı ilin oktyabr ayında biz ilk dəfə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçdik. Cəmiyyətin əsas məqsədi “20 Yanvar hadisələri” zamanı əlil olanların və şəhid olanların ailələrinə maddi cəhətdən yardım göstərilməsi, onların hüquqlarının müdafiəsi, problemlərinin həllində köməklik göstərilməsidir ki, bu istiqamətdə müəyyən işlərin görülməsinə nail olduq. Cəmiyyətimizin ən ümdə məsələlərindən biri də vətənpərvərliyin gənclər arasında təbliğidir ki, bununla əlaqədar istər Bakı şəhərində, istərsə də respublikanın digər rayonlarında vətənpərvərliklə bağlı layihələr həyata keçiririk. Layihələrdə Qarabağ döyüşlərində və 20 Yanvarda soydaşlarımızın göstərdiyi qəhrəmanlıqlar, onların keçdiyi hərb yolu haqqında həm video-süjetlər hazırlayır, həm də fotoşəkillər nümayiş etdiririk. Bu tədbirlərdə şəhid yaxınları və əlillərin iştirakına xüsusi əhəmiyyət veririk. Çünki hadisələrin canlı şahidlərinin iştirakı ilə aparılan tədbirin gənclərdə yaratdığı əhvali-ruhiyyə tamamilə başqa olur; beləliklə qarşılarında canlı nümunə görür və hadisələr haqqında daha dolğun fikirlərə sahib olurlar.

- Yardımlarınız təkcə “20 Yanvar” şəhidləri ilə məhdudlaşır, yoxsa “şəhid ailələri” olaraq başqa ailələr də sizə müraciət edə bilir?

- Biz “20 Yanvar” şəhidləri ilə bərabər, eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda Qarabağda şəhid olan, istər 91-94-cü illərdə, istər Aprel döyüşlərində şəhid olanlar barədə də silsilə tədbirlər keçiririk. Bu tədbirlərimiz təkcə rəsmi layihələrlə məhdudlaşmır. Məsələn, Neftçalada Elmdar Səfərovla bağlı, Lerikdə Səxavət Məmmədovla bağlı, Salyanda 20 Yanvar şəhidləri ilə bağlı, Qusarda Çingiz Qurbanovla bağlı tədbirimiz... yəni kifayət qədər şəhidlərimizlə bağlı əlavə tədbirlər keçirmişik. Hər bir tədbirimizə Qarabağ şəhid ailələrindən və qazilərimizdən nümayəndələr dəvət edirik. Çünki bizim həm bu ailələrlə, həm də onları təmsil edən təşkilatlarla yaxından əlaqələrimiz var. Gəncliyə Yardım Fondu, Qarabağ Əlilləri Şəhid Ailələri və Veteranları İctimai Birliyi, Ehtiyatda Olan Zabitlər Konfederasiyası, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi kimi təşkilatlarla birgə tədbirlər keçiririk. Şəhidlərimizin hamısı Azərbaycan xalqının, Azərbaycan dövlətinin, ərazi bütövlüyü uğrunda şəhid olmuşdur. Bizim də borcumuzdur ki, həmişə şəhidlərimizi yad edək və gənc nəsillərə onların keçdiyi şərəfli həyat yolunu təbliğ edək.

- Azərbaycanda şəhidlərə, Yanvar hadisələrinə dövlət tərəfindən lazımi qiymət verildiyini görürük. Bəs sizcə dünya arenasında bu hadisə kifayət qədər tanınırmı?

- Əvvəla, dövlət tərəfindən şəhid ailələrinə və əlil ailələrinə göstərilən qayğını xüsusilə qeyd etmək istəyirəm. Son iki-üç il ərzində bu qayğı daha yüksək səviyyədədir. Buna konkret faktlarla misal vermək istərdim; məsələn, əvvəlki illərdə bir il ərzində Cənab Prezidentimizin göstərişi ilə ayrılan vəsait ilə respublika üzrə 150-200 şəhid ailəsi mənzillə, 100-150 ailə avtomobillə təmin olunurdusa, son illərdə bu say ən azı 5 dəfə artıb. Təkcə bu il ərzində şəhid ailələrinə və əlillərə 960 mənzil verilib. Bura, əlbəttə, Çenobl, Əfqanıstan və digər müharibə əlilləri də daxildir. Şəhidlərin sığorta pullarının ödənməsi də buna ayrı bir misaldır. Şəhid və əlil ailələri üçün əlavə Prezident təqaüdü təsis olunub, şəhid övladı və ya əlil övladı pullu təhsil şöbəsinə qəbul olunubsa, onun ödənişini də dövlət təmin edir və s. Düzdür, bəzən bəzi dövlət dairələrində müəyyən axsamalarla da qarşılaşırıq, problemlərin həllində süni maneələrlə üzləşirik, biz də çalışırıq ki, həmin idarələr qarşısında öz sözümüzü deyərək bu problemlərin aradan qaldırılmasında həmin ailələrə dəstək olaq.

O ki qaldı 20 Yanvarın beynəlxalq müstəvidə tanınmasına, çox təəssüf ki, bu sahədə hələ ki, istədiyimiz səviyyədə tanındığını deyə bilmərik. Təkcə qardaş Türkiyə Cümhuriyyətindən başqa digər ölkələrdə bu hadisələr haqda dolğun təəssürat yoxdur. Düzdür, səfirliklərdə və bəzi mərkəzlərdə il dönümündə tədbirlər keçirilir, amma bunlar kifayət etmir. Şəxsən bizə 30-dan çox səfirlik müraciət edərək hadisə ilə bağlı video və foto məlumatları istəyib, biz bunları təmin etmişik ki, əyani vəsait olaraq tədbirlərində istifadə etsinlər. Bu fəaliyyətlərimizin daha da genişləndirilməsi lazımdır. Bunun üçün də maddi olaraq vəsait ön plana çıxır. Bu sahədə fəaliyyət göstərən təşkilatların maliyyə dəstəyinin olması lazımdır ki, xarici ölkələrdə tədbirlər təşkil edə bilsin. Hadisənin əhəmiyyətinin dünya miqyasında tanıdılması üçün görüləcək çox iş var. Sovet hökumətinin dağılmasında bu hadisələrin oynadığı rolun əhəmiyyəti, məncə, dünyada hələ lazımi qiyməti əldə etməyib. Həmin gün şəhid olanların müstəsna xidmətləri görməzdən gəlinir. Onlar imperiyanın dağılmasında xüsusi rol oynamışdılar. Eyni zamanda bu hadisələrdə günahkar olanların cəzalandırılması üçün də təşəbbüslərimiz oldu. 2010-cu ildə Nobel mükafatı fonduna, Helsinki insan hüquqları komitəsinə təşkilatımız adından rəsmi müraciət etmişik, lakin hələlik heç bir nəticə əldə edə bilməmişik. Amma biz yenə də tarix qarşısındakı məsuliyyətimiz naminə bu səpkidə fəaliyyətlərimizə davam edəcəyik.  

- Bizə vaxt ayırdığınız üçün oxucularımız adından sizə təşəkkür edirik.

- Mən də təşəkkür edirəm, fəaliyyətlərinizdə uğurlar arzulayıram.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz