AĞLA QƏRƏNFİL, AĞLA! - Məmməd Aslan
20 Yanvar dedikdə ağıla gələnlərdən biri də, şübhəsiz ki, qərənfil gülü olur. Sevgi gülü kimi əllərdə gəzən, toy-düyün məclislərinin bəzəyi sayılan qırmızı qərənfillərin üzü o qanlı şənbə gecəsindən sonra bir daha gülmədi. Büzülən insan dodağını andıran hər bir ləçəyi o gündən bu yana artıq işvədən deyil, qəmdən xəbər verir. Azadlıq şəhidlərimizə yazılan ən gözəl ağı da məhz qərənfillə bağlıdır. Çünki heç kim o gecəyə onlar qədər ağlaya bilməz.
Qərənfil - şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!
Cavanlara qıydılar,
Tanklar altda qoydular.
Qanın içib doydular,
Ağla, qərənfil, ağla!
Hər şəhidə bir düzüm,
Abşeron - qan dənizim.
Sən mənim ağlar gözüm,
Ağla, qərənfil, ağla!
Uzaq mənzil, acı yol,
Yoldu yol, əlacı yol!
Şəhidlərə bacı ol;
Ağla, qərənfil, ağla!
Kərbəla - qan çöllərə,
Puç olan qönçələrə,
Nazənin incilərə
Ağla, qərənfil, ağla!
Bəxti asılan qıza,
Hünəri aslan qıza,
Toyu yas olan qıza
Ağla, qərənfil, ağla!
Ağla, ürək boşalsın,
Ünün göyə baş alsın.
Ağla, dağlar yumşalsın,
Ağla, qərənfil, ağla!
Bu təklənmiş şirlərə,
Bu arxasız ərlərə,
Bu talesiz nərlərə
Ağla, qərənfil, ağla!
Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara
Ağla, qərənfil, ağla!
Bu bədənsiz qollara,
Bu uçunan yollara,
Bu yiyəsiz qullara
Ağla, qərənfil, ağla!
Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya
Ağla, qərənfil, ağla!
Bu qara yazılara,
Bu körpə quzulara,
Quruyan arzulara
Ağla, qərənfil, ağla!
Xeyrə şər üstün gəldi,
İniltili ün gəldi...
Ağlamalı gün gəldi,
Ağla, qərənfil, ağla!
Sinələr güllə-güllə,
Qan axır, dönür gülə.
Qərənfillər ağlayır,
Düşmənə gülə-gülə.
Ağla, qərənfil, ağla!
Qərənfillər qoşadı,
İkisi baş-başadı.
Sizdən qalan günləri
Qərənfillər yaşadı.
Ağla, qərənfil, ağla!
ŞƏRHLƏR