MƏŞHUR SƏYYAHIN DİLİNDƏN: HİNDİSTAN
Səyahət eşqi hər bir kəsə nəsib olmur. Dünyada baş verən hadisələri birbaşa görmək dildən-dilə eşidilən məlumatlardan xeyli üstündür. “Yüz dəfə eşitməkdənsə bir dəfə gedib görmək yaxşıdır” cümləsi həqiqətən də doğru bir anlayışdır. Məhz bu fikrin həyata keçmiş nümunələrindən biri olaraq məşhur səyyahımız Hacı Zeynalabdin Şirvani öz səyahət arzusunu reallaşdırmaq üçün bir çox ölkələri gəzib dolaşmışdır. O, bu ölkələr haqqında qiymətli məlumatlar vermişdir. Bu səfərlərdən ən əsası və ən geniş məlumatlısı Hindistan səfəridir.
Bir çox əsərlər yazan Hacı Zeynalabdin Şirvani 1802-ci ilin əvvəllərində başlayan və 8 il davam edən Hindistan səfəri haqqında geniş məlumat verib. O, səyyah və ensiklopedist bir alim kimi Hindistanın təbiət və iqtisadiyyatını, hind xalqının adət-ənənələrini, musiqisini, tarixi abidələrini dərindən öyrənib.
Hacı Zeynalabdin Şirvaninin Hindistanın o zamankı inzibati bölgüsünü göstərməsi xeyli maraqlı və tarixi cəhətdən əhəmiyyətlidir. Məsələn, o yazır ki, “bəzi alimlər Kəşmiri və Kabili hind torpaqlarından hesab edir, bəziləri bu fikri düzgün saymır”. Bu fikir müasir dövrdə Kəşmirlə bağlı Hindistan və Pakistan arasındakı ziddiyyətlərin ciddi tarixi köklərinin olmasını üzə çıxarır. Eyni problemin təxminən 200 il əvvəl də mövcud olması Hacı Zeynalabdinin yazdıqları ilə təsdiqlənir.
Hacı Zeynalabdin yazır ki, Hindistan şərqdən Hind-Çin dağları və Nepal meşələri, cənub və qərbdən Hind okeanı, şimaldan isə Kəşmir və Kabil dağları ilə əhatələnir.
“Bustanus-səyahə” adlı kitabında Şirvani Dehlidə olarkən II Şah Aləmlə bir neçə dəfə görüşməsi, onunla müxtəlif mövzularda söhbət etməsi barədə məlumat verir.
O yazır: “Dehli Hindistanın qədim şəhərlərindən biridir. Burada Dehli adlı rac yaşayıb və şəhəri abadlaşdırıb, öz adını şəhərə qoyub. Ondan sonra da Dehli böyük racların dövlət mərkəzi olub. Fəqət müharibələr nəticəsində bu şəhər dəfələrlə xarabalığa çevrilib. Cahangirin oğlu Şah Cahan şəhəri bərpa etdirərək oranı öz adı ilə adlandırıb. Odur ki, bəziləri Dehliyə indi də Şah Cahan deyir”.
Hacı Zeynalabdin Şirvani Tac-Mahal haqqında bildirir ki, Aqrada öz əzəməti və gözəlliyi ilə məşhur Tac-Mahal XVII əsrdə Şah Cahan ibn Cahangirin əmri ilə onun xanımı Mümtaz xanım üçün tikilib və Tac-Mahal (ölkənin tacı) adlandırılıb. Bu tarixi abidənin əsas memarı Anadolu türkü memar İbn Sinanın şagirdi İsa bəy olub.
Şirvani bildirir ki, hazırda Hindistanda, Kəlkəttənin bir-iki ağac mənzilliyində olan limanın ətrafında “hindu” adlı bir tayfa yaşayır, onların xüsusi adət-ənənələri vardır. Qanq çayı da oradan keçir. Burada 4 min ev vardır. Hind çayının sahillərində “hu” adlanan tayfa yaşayır, orada həmin adda liman da vardır. Səyyah bildirir ki, “hind” sözü bu iki tayfanın adlarının birləşməsindən əmələ gəlmişdir. Sonralar bu tayfaların ayrılması nəticəsində hoquli tayfası, sonrakı parçalanmalarda isə hütək, həyatələ, hilmən (hirmən) tayfaları yaranmışdır. Yenə də onun qeydlərinə görə, Əfqanıstanın böyük çaylarından olan Hilmənd (kiçik bir hissəsi İran sərhədi boyunca axır) adı da hilmənd tayfasının adından götürülmüşdür. Hindistanın bütün hind-ari dilləri sanskrit dilindən törəmişdir. Onun təsbitlərində Hindistanın əsas dillərinin sayı ondur: Hindustani, benqali, qucarati, marathi, tamil, teluqu, kannara, malayalam, oriya və əssam.
Əhalinin bəzisi göyümtül, bəzisi qəhvəyi, bəzisi ağ üzlüdür. Dillərində ərəb və fars sözlərinin qarışığı vardır. Yeyib-içib gəzməyi çox sevəndirlər, mövhumata çox inanırlar. Bəziləri illər boyu bir küncdə oturub sehrbazlıqla məşğul olur. Ümumiyyətlə, qonaqpərvərdirlər, xüsusilə səyyahlara böyük hörmət bəsləyirlər. Zülm və əziyyətdən uzaq gəzirlər. Əslində, eyş-işrətdə, musiqidə heç kim onlara çata bilməz. Şirvani hind xalqının musiqisinə də yüksək qiymət vermişdir.
1805-ci ildə Hacı Zeynalabdinlə görüşən ingilis tədqiqatçı Mark Vilsonun tarixi şəxsiyyətimiz olan səyyahın əsərləri, səfərləri ilə ciddi şəkildə maraqlanması da azərbaycanlı səyyahın irsinin mühüm bəşəri mahiyyət daşıdığını göstərir. Şirvani Hindistan əhalisinin etnogenezi, dini-fəlsəfi axınlar, təsərrüfat həyatı, yaşayış məskənləri, yaşayış evləri, sənətkarlıq və s. haqqında məlumatlarda sadəcə təsvirlə kifayətlənmir, izahlar, şərhlər verir. Kəşmir əhalisinin türk mənşəyi, burada türk və hind etnosları arasında assimilyasiya proseslərinin getməsi, Kəlküttənin ingilis koloniyasının mərkəzi olması, Dehlinin mədəni həyatının türk-müsəlman dünyasından gələn ziyalılar, mütəfəkkirlərin fəaliyyəti ilə zənginləşməsi və s. barədə məlumatların tədqiqi müasir dövrdə də aktualdır. Yəni səyyah, tarixçi, filosof, şair Hacı Zeynalabdin Şirvaninin əsərləri XIX əsrin əvvəllərində Hindistanın tarixi, etnoqrafiyası, maddi və mənəvi həyatı barədə geniş təsəvvür yaradır. Onun irsinin tədqiqi Azərbaycanın Hindistanla tarixi mədəni-mənəvi əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
ŞƏRHLƏR