HƏYAT BƏXŞ EDƏN QƏLBLƏR

HƏYAT BƏXŞ EDƏN QƏLBLƏR

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Ey iman edənlər! Allaha (c.c) qarşı təqva sahibi olun və sadiqlərlə birlikdə olun”. (ət-Tövbə, 119)

 Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

 Dünyanın aldadıcı üzünə bələd olan kimsənin, qəlbinə ağırlıq verən, nəfsini üsyana sürükləyən bu müvəqqəti imtahan yurdunda yardımına yetişəcək, mənəviyyatını oxşayacaq, nəfsini cilovlamağı öyrədəcək bir iman və mərhəmət nuru ilə dolu, hər şeyini Rəbbinin uca rizası üçün fəda edən, qulluq həyatı zəngin olan bir qəlb sahibi ilə daim təmasda olma ehtiyacı vardır. Çoxlarının soyuqqanlılıqla qarşıladığı bu müstəsna ehtiyac, yəni qəlbinə iman və əməllə zəngin dolğun bir həyat bəxş edən, onu mənəvi ölümdən dirildərək qulluq istiqamətində sabitqədəm edəcək yetişmiş bir qəlb sahibi ilə yaxınlaşma ehtiyacı, əbədi müqəddəratımızın dünya səhnəsində həll edildiyi bu məqamlarda bizlər üçün tayı-bərabəri olmayan bir qurtuluş nəfəsliyidir.

Şəxsindən başqa heç bir kimsənin nail olmadığı diri bir qulluqla insanlıq naminə şərəf abidəsi ucaldan Rəsulullahın (s.ə.s): “Allahım! Sənin qəzəbindən rizana, əzabından əfvinə və Səndən yenə Sənə sığınıram” (Müslim, Salat 222) - deməsi ilahi qəzəbin amansız qandallarından qorunma və əbədi lütfə yetişmə naminə diri bir qulluq şüuru bəxş edəcək Rəsulullaha (s.ə.s) və onun mirasına sahib olan həyat rəhbərlərinə nə qədər möhtac olduğumuzu göstərməkdədir. Abdulqadir Gilani həzrətlərinin ifadəsi ilə desək, bu aləmdəki həyat təcrübəsi nə qədər çox olursa olsun, dünyanın hiyləgər cazibəsi ilə böyük insanları cüzi xətalarla, zahidləri nəfsani ehtirasları ilə, haqq ərlərini yalnız ikən qəlbə gələn mənasız düşüncələrlə, sədaqət əhlini isə bir anlıq pisliklərə bulaşmaqla məhvə sürükləməsi bilinən həqiqətlərdəndir. İman və saleh əməllə zəngin olan həyat mücadiləsinə vəsiqə almağa çalışan hər bir insana yönələn Ataullah İskəndəri həzrətlərinin ölü ilə diri qəlb arasında yaddaşlara dərs olacaq bir müqayisə aparması necə də yerində səslənməkdədir:

 “(Ey Adəm oğlu! Yaxın bildiyin birinin) ölümünə ağlama. Qəlbinə bax! (Əgər onda sənə həyat verən bir nəfəs, bir nur yoxdursa və) sən xəta və üsyanına görə peşman, ibadət və itaətin ilə xoşbəxt deyilsənsə, zatən ölüsən...”

Şəms Təbrizi həzrətlərinin təşrifi sayəsində qəlbinə doğan həyat günəşinin təsiri ilə mənəvi aləmi Haqqa qulluq sevdasında dastan yazan Mövlana həzrətləri ustadından müvəqqəti ayrılıq dəmlərində ona bu həyatı verən nəfəsliyin sanki qapanmasını belə dilə gətirirdi: “Hər dəfəsində kimsə mənə gələrək “Şəms gəldi!” dedikdə başqa bir aləmə düşürdüm. Dərhal həmin şəxsə qiymətli bir hədiyyə verirdim”. Sevənləri onun Şəmsə qarşı ifrat həssaslığını istismar edənlərə sədd qoymaq istəsələr də, o, onlara mane olmuş və həyat bəxş edən məna rəhbərinin insanlıq üçün önəmini bu möhtəşəm sözlərlə vəsf etmişdi: “Onlara mane olmayın, o məna günəşinin ismini hər dəfə duyduqda yaşadığım inanılmaz sevincdən dolayı əlimdə olan ən qiymətli şeyləri xəbəri söyləyənlərə verirəm. Əgər bir gün xəbər doğru çıxarsa, Şəms həqiqətən gələrsə, onda, canımı belə verməyə hazıram”. Şəms həzrətlərinin təhsili sayəsində qəlb aləmində baş verən təlatümlü dəyişikliyin yaratdığı eşq həyəcanının təsiri ilə sönməyən həyat verici bir günəşə çevrilən Mövlana həzrətləri mənəvi səltənətini Yaradana səmimi, diri bir qulluq naminə, əsrlərin xidmətinə təqdim edərək bunları söyləyirdi: “Allah (c.c) əhlinin qəlblərindən daşan mübarək sözlər və səslər İsrafilin suru kimi dirildicidir. Onların könülləri elə bir könüldür ki, aşiqlər onların təsirindən məst olurlar. Əgər vəlilərin könül nəğmələrindən bir az söyləsəm, bədənləri torpaq olmuş canlar məzarlarından qalxarlar. Odur ki, ey qafil! Vəlilərin həyat bəxş edən nəğmələrini duymağa səy göstər! Unutma, səmimi bir qulluq həyəcanına diriliş şəhadətnaməsi verən həyat nəğmələri sənə uzaq deyildir”.

Bizlərə mənəvi diriliş ruhunu bəxş edəcək həyat və diriliş nəğmələrini eşidirikmi? Rəbbimizə saf bir məhəbbət eşqi ilə kainatı lərzəyə salan bu qurtuluş çağrılarına bağlanma həssaslığımız hansı səviyyədədir? Əslində, vəlilərlə yanaşı, kainatdakı hər bir məxluqun davranışları ilə qəflət həyatı sürən bəşər övladına özlərinə məxsus tərzdə həyati bir öyüd verdiyinə şahid olmamaq mümkün deyil:

“Bəyazid Bistami həzrətləri bir gün islaq bir köpəyin silkələnməsindən qorunmaq üçün ətəklərini toplayaraq geri çəkilir. Bu dəmdə dilə gələn köpək bunları söyləyir: “Ətəyinə məndən bir damla sıçrasaydı, onu su ilə təmizləyib pak hala gələ bilərdin. Fəqət ətəklərini toplayıb özünü pak və təmiz görmə hissi ilə içinə yerləşdirdiyin yekəxanalıq kirini təmizləyəcək suyu (ölu canlara həyat verən məna zəmzəminə yetişmədən) heç bir yerdə tapa bilməzsən”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz