BALACA ŞƏHİDLƏR

BALACA ŞƏHİDLƏR

 

(hekayə)

Yeddinci sinifdə oxuyurdu, İlqar. Neçə gündür məktəbdə, həyətdə və evdə eşitdiyi söhbətlər hər bir vətən oğlu kimi onun da qanını qaynadır, vicdanını oyadırdı. Hər kəs şəhərə tankların girəcəyini deyirdi. “Tank” - televiziya ekranlarından tanıdığı nəhəng, dəmir pəncəli divlər. Otağının divarına asdığı rəngli maşın şəkillərindən çox fərqli idi onlar. Çox yaxında onları görə bilərdi, öz şəhərində, öz küçəsində... Əslində, heç özü də bilmirdi; sevinsin, yoxsa hər kəs kimi narahatlıq keçirsin?...

Bu gecə səhərə kimi onları gözləyə bilərdi, - bilirdi ki, yaşca ondan bir az böyük olanlar birdən gecə açılmaz, dan yeri sökülməz, zülmət dağılmaz deyə küçə başlarında tonqal qalayıb keşik çəkirlər şəhərə, səhərə kimi.  Bəlkə bu gecə tankları yaxından görə bilərdi, kim bilir, əlini dəyib toxuna da bilərdi!.. Bəlkə...

Nəhayət, qaş qaraldı. İlqar tezbazar yeməyini yedi, özünü həyətə atdı. Qonşu uşaqları kimi o da cəld zirzəmiyə enib bir-iki odun parçası götürdü. Bir az aralıda dayanan qonşu əminin “Zaporojest” maşını onları gözləyirdi. Tonqal qalayan əmilərə odun aparacaqdılar. O dəmdə anası göründü blokun ağzında. Əlində köynəklə qaça-qaça enmişdi pilləkənlərdən aşağı. Oğlu üşüməsin, əynini qalın tutsun deyə verəcəkdi, – İlqar, İlqar!...- deyə səsləndi. Eşitmədilər... Çata bilmədi...

Onlar kazarmalara gedən geniş yola çatanda artıq tanklar küçənin ortası ilə hərəkət edirdi. Gördükləri qarşısında dəhşətə düşdülər; “Doğma tanklar”, “doğma əsgərlər” sağa-sola atəş açırdılar, dayanmadan. Hətta silahlardan biri onları nişan alıb tit-tir titrəyir, ölüm qusurdu. Bir anda sanki bütün səslər kəsildi. Tanklar da susdu, onların gözünə baxıb qışqıran insanlar da. Səsləri kəsilmiş insanlar onların altında qalıb əzilməmək və öz qismətlərinə düşəcək gülləni tapmaq üçün sağa-sola qaçışırdılar. Qışqırmağına qışqırırdılar, amma nədənsə, onların səsləri Zaporojestin qalın şüşələrini dəlib içəri keçə bilmirdi sanki. Birdən, Zaporojestin qabaq şüşəsində bir neçə dənə dəlik açıldı... səsin dələ bilmədiyini güllələr dəlmişdi. Gözünə şüşə qırığı düşməsin deyə, İlqar, üzünü yana çevirdi, yandakı şüşələr çoxdan çilik-çilik olmuşdu. Bu dəmdə arxadan gələn tankın dəmir pəncəsi onlara toxundu, maşının arxa tərəfinə güclü bir yumruq endirib əzməyə başladı. Belə getsə, tank maşını tamamilə əzəcəkdi. O dəmdə qapı açıldı və dostları ilə birlikdə İlqar da özünü çölə atmaq istədi, lakin hərəkət edə bilmirdi. Çöldəki qurd ürəkli cəsur insanlar tankın nəriltisinə baxmadan içəri uzandılar və açıq qapıdan, sınıb tökülmüş pəncərələrdən dartıb onları çıxartdılar. Aləm bir-birinə qarışmışdı. Axır ki, İlqar özünə gəldi və yenidən eşitməyə başladı. Artıq ətrafdakı səsləri tankın nəriltisi boğa bilmirdi...

- Ay aman öldüm!.. Təcili yardım çağırın!..

- Gözünüzü ovmayın, qaz balonudur, ovsanız daha çox ağrıyacaq!..

Göz-gözü görmürdü, lakin hiss edirdi, balta kimi ard-arda enən dubinkaları, sinələri parçalayan süngüləri... və fəryad qopardan qışqırıqları...

Yanvarın ağ gününün qara gecəsi qızılı qana qəltan olmuşdu, Qızıl Ordunun əsgər formalı “cəlladları” tərəfindən. İlqar ilk əvvəl qorxuya qapıldı, sonra özünü ələ aldı. Hamı kimi, o da cəsarət tapıb tankların üstünə çımxırdı, bir iki acı söz dedi, onların qulaqları kar olsa da.

Birdən işıqlar söndü. Bütün şəhər qaranlığa, qara bir günə büründü. Gecənin qaranlığında istiqamətini itirmiş, haraya getdiyini bilməyən işıq saçan güllərlər gah o tərəfə, gah bu tərəfə qaçışırdı. Hərdənbir də göydən yerə enib küçələri dolduran insanların arasına qarışırdı.

İlqar sağa-sola boylandı. Yerdə bir pencək gördü, düymələri açılmamışdı. Amma içində onu geyinib gətirən əmi yox idi. Yiyəsiz bir şərf gördü, üstünə kiminsə qanı hopmuş... Və nələr, nələr... Üzünü çevirib qaçmağa başladı, üzündə təbəssümü donub qalan, səssiz-səmirsiz ona baxan əmilərin arasından...

Nəhayət, özü yaşda, özü boyda, özü cəsarətdə bir oğlan gördü. Tay-tuş düşüncəsi ilə ona yaxınlaşdı.

- Salam, adım İlqardır.

- Salam, mən də Nəriman. Qorxmursan ki?

- Yox, nə danışırsan. Gedib bu əmilərə kömək çağırmalıyıq. Bax, deyəsən, bizi heç kəs görmür. Gedib bütün şəhərə xəbər salaq!!!

Qaranlıq küçələrdə qışqıra-qışqıra, haray çəkə-çəkə qaçmağa başladılar.

Birdən qarşılarına bir qız uşağı çıxdı. Nərimanın ürəyi çox kövrək idi, çox əzab-əziyyətlə böyümüşdü. Dözə bilməyib qıza yaxınlaşdı.

- Bura çox təhlükəlidir...

- Atamı axtarıram. İndicə yanımda idi. Avtobusumuzu gülləbaran etdilər. Aşağı düşəndə atamı itirdim.

- Sən evə qayıt, biz atanı görsək, xəbər verərik. Adın nədir?

- Larisa. Atamın adı da Fərmandır.

- Narahat olma, atana deyərik. Daha ağlama. Evinə qayıt.

- Hə, düz deyirsən, hələ dərslərimi də hazırlamamışam.

- Neçənci sinifdə oxuyursan?

- Yeddinci sinifdə.

- Mən də yeddidə oxuyuram, - İlqar dilləndi. – Məncə müəllimlər dərsə görə heç kimi danlamazlar. Axı bu həngamədə kim dərs oxuya bilər? Heç işıqlar da yanmır.

Bu sözə üçü də güldü. Bu gecə ilk dəfə idi ki, gülürdülər.

Birdən ağıllarına xəstəxana gəldi, Semaşko xəstəxanası. Bəlkə, Larisanın atasını orada tapa bilərdilər. Qaça-qaça xəstəxanaya gəldilər. Amma içəri girməyə qorxdular. Hərçənd, ora girib-çıxanın həddi-hüdudu yox idi. Gətirilən yaralılar da al qan içində idi, onları böyük bir canfəşanlıqla, son bir ümidlə xəstəxanaya çatdıranlar da. Amma uşaqlar yenə də oraya girməyə ürək eləmədilər. Çünki oranın da işığı yanmırdı.

- Gedək, səni ötürək, bura da təhlükəlidir, - İlqar dilləndi.

Qaranlıq küçələrdə addımlamağa başladılar. Qaranlıqda bütün küçələr bir-birinə bənzəyirdi, o gecə küçədə qalanların taleləri kimi. Axtara-axtara səhərə kimi yol getdilər.

Günəş dan yerini ağardıb qaranlıq şəhəri işığa boyayanda gördülər ki, qırmızı güllərlə bəzənmiş bir meydanda, böyük bir izdihamın arasındadırdlar. İlahi, bura haradır?

Nə baş verdiyini hələ indi-indi başa düşürdülər. Onlar bu xalqın qaranlıq taleyini aydınlatmaq yolunda bu gecə şəhid düşən ən balaca nəfərləri idilər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz