PULSUZ XOŞBƏXTLİK

PULSUZ XOŞBƏXTLİK

İnsanlar ömür boyu xoşbəxt olmaq üçün çalışır. Ömrünün hər mərhələsində xoşbəxtliyi dadmaq üçün konkret hədəflər müəyyən edir. Xoşbəxtliyi yüksək təhsil, böyük vəzifə və daha çox pulda görən insanlar əgər bütün bunlara sahib olmayıblarsa, övladlarının bunlara sahib olmaları üçün hər vasitəyə əl atırlar. Nəticədə isə xoşbəxtliyin bütün bu vasitələrlə əldə edilmədiyi reallığını bu işə əl qoyanların hamısı etiraf edir. Bəs insanların axtardığı həqiqi xoşbəxtlik nədir? Bu xoşbəxtliyi yaşamağın hər hansı bir düsturu varmı? Ömür boyu daha çox pul qazanıb xoşbəxt olacağını hesab edən insanlar, həqiqətən, xoşbəxtdirlərmi? İnsanın xoşbəxt olması üçün pul həqiqi mənada böyük rol oynayırmı?

Maddi rifahın yüksək olması insanların arzuladığı maddi ehtiyaclarını əldə etmələri üçün əhəmiyyətli olsa da, onların daxili hüzurlarının bərqərar olmasında heç bir gücə sahib deyil. Dünyanın ən varlı insanlarının xoşbəxtlik səviyyələri ilə normal yaşam tərzinə sahib olan insanların xoşbəxtlik səviyyələri arasında əhəmiyyətli dərəcədə bir fərq ortaya çıxmır. Tədqiqatlar göstərir ki, əlli il bundan əvvəl daha məhdud qazanc və şəraitdə yaşayan insanların xoşbəxtlik səviyyəsi hal-hazırda bütün maddi gücə və daha yaxşı həyat şəraitinə sahib olan insanların xoşbəxtlik səviyyəsindən aşağı qiymətləndirilmir. Əldə edilən maddi qazanc ehtiyac halında müvəqqəti xoşbəxtlik duyğusu yaratsa da, həmin ehtiyac qarşılandıqdan sonra xoşbəxtlik duyğusunun davamlılığını təmin etmir. Bunun üçün insanların qarşısında duran əsas vəzifə həyatda xoşbəxt olmaq üçün pulun məqsəd olaraq görülməməsi və əksinə, bir vasitə olaraq qiymətləndirilməsidir. Çünki həqiqi mənada xoşbəxtliyi təmin edən faktorlar arasında maddi rifah kimi sağlamlıq, ailə münasibətləri, dini inanc dərəcəsi və başqa faktorlar da öz sözünü deyir.

Hər kəs xoşbəxt olmaq istəsə də, hamının xoşbəxtliyə getmək üçün seçdiyi yol eyni olmur. İnsanları ən çox maraqlandıran məsələ isə pul və xoşbəxtlik arasındakı əlaqənin olub-olmamasıdır. Reallıq ondan ibarətdir ki, insanlar daha çox pul qazanmağın onların xoşbəxtliyini artıracağına inanır. Lakin emprik araşdırmaların nəticələrinə görə, 1950-ci illərdən bəri Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı dayanmadan inkişaf etsə də, amerikalıların xoşbəxtlik səviyyəsində artım olmayıb.

Bundan başqa, bir insanın təməl ehtiyacları ödənildikdən sonra (yemək, sığınacaq və s.) onun gəliri ilə xoşbəxtlik səviyyəsi arasında olduqca az bir əlaqənin olduğu ortaya çıxıb. Bu kimi elmi nəticələr sadə, lakin vacib bir sualın ortaya çıxmasına səbəb olur: əgər Amerikan Xəyalının təcəssümü olan materialist yanaşma insanları xoşbəxt etmirsə, onda daha yaxşı karyera, gözəl evlər və daha gözəl avtomobillər üçün sərf etdiyimiz enerji və vaxt boş yerə sərf olunur? Problem isə ondadır ki, sözün həqiqi mənasında insanlar pullarını səhv istiqamətə xərcləyir. İnsanlar qazandıqları pulları əsas psixoloji ehtiyaclarını ödəyən fəaliyyətlərə yönəldərək onları daha xoşbəxt edəcək şəkildə xərcləyə bilərlər.
Özünü Təyinetmə Nəzəriyyəsinə (Self-Determination Theory) görə insanın üç əsas psixoloji ehtiyacı təmin edildiyi zaman həmin insanın xoşbəxt olacağı proqnozlaşdırılır. Bunlar: muxtariyyət (autonomy), qabiliyyət (competence) və münasibətdir (relatedness). İnsan öz hərəkətlərini sərbəst seçdiyi zaman özünü müstəqil, bir bacarıq əldə etmək və ya yeni bir vəzifə öyrənmək üçün istedadından istifadə etdiyi zaman özünü qabiliyyətli, ünsiyyətdə olduğu insanlar tərəfindən başa düşüldüyü zaman isə dəyərli münasibətə sahib bir fərd olaraq qiymətləndirir.

Araşdırmalar göstərir ki, maddi əşyalardan (məsələn, geyim, zərgərlik, elektronika) fərqli olaraq həyat təcrübəsinə (məsələn, teatr, tətillər, yemək təcrübələri, xeyriyyə işləri) xərclənən pullar muxtariyyət, qabiliyyət və münasibət kimi psixoloji ehtiyacları daha yaxşı ödəyir və insanları daha çox xoşbəxt edir. Bu üç psixoloji ehtiyacın ödənilmədiyi fərdlərdə isə xoşbəxtlik duyğusunun səviyyəsi minimum həddə qədər enə bilir.

Nəticə etibarilə kasıblar zəngin olmaq istəyir, zənginlər isə bir damla hüzur sahibi olmaq. Uşaqlar tez böyümək istəyir, böyüklər isə uşaqlar kimi qayğısız olmaq. Evlilər boşanmaq istəyir, subaylar isə evlənmək. İşsizlər işləmək istəyir, işləyənlər isə işdən bezir. Məşhurlar özlərini insanlardan gizlədir, millət isə məşhur olmaq üçün min yola əl atır. Zəncilər ağ dərili olmaq istəyir, ağ dərili olanlar isə qaralmaq üçün ətək-ətək pul xərcləyir. Hər şey bir tərəfə, xoşbəxt olmaq üçün ən gözəl yol sahib olduqlarına görə Allaha şükür edib verilən ömrü hər mərhələsində Haqqın əmrlərinə uyğun, sevdiklərinlə birlikdə doya-doya yaşamaqdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz