BİR AYƏ
بسم الله الرحمن الرحيم
يَخْلُقُكُمْ فِي بُطُونِ اُمَّهَاتِكُمْ خَلْقًا مِنْ بَعْدِ خَلْقٍ فِي ظُلُمَاتٍ ثَلٰثٍ ذٰلِكُمُ اللّٰهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ لَا اِلٰهَ اِلَّا هُوَ فَاَنّٰى تُصْرَفُونَ
“O sizi analarınızın bətnində üç qaranlıq içində şəkildən-şəklə salaraq yaradır. Bu, Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olub (haqdan) döndərilirsiniz?!” (əz-Zumər, 39/6(
Allah-Təala Qurani-Kərimdə Öz varlığının və birliyinin dəlili olaraq dünyanı, Günəşi, Ayı və yer üzündə yaratdığı bir çox şeyi misal gətirir və hər bir ağıllı kimsənin bunları təfəkkür edərək Allahın varlığını və birliyini dərk etməsini istəyir. Yuxarıdakı ayeyi-kərimədə də bu məqsədlə insan oğlunun ana bətnində necə və hansı formada yaradıldığına işarə edilmişdir. Klassik təfsir alimləri ayədə keçən ظُلُمَاتٍ ثَلٰثٍ “üç qaranlıq” ifadəsi ilə ana bətnində formalaşan uşağın ətrafındakı üç dəri təbəqəsinin nəzərdə tutulduğunu qeyd etmişlər. Bunlar rüşeymin ətrafındakı pərdə, onun ətrafındakı ana bətnini təşkil edən pərdə və ana bətninin xaricindəki bədən dərisi olaraq açıqlanmışdır. Bu təbəqələr iç-içə olub qaranlıq bir məkan meydana gətirdikləri üçün ayədə bunlar “qaranlıq” olaraq ifadə edilmişlər. Həmçinin qaranlıq ifadəsi ilə Allahın qüdrətinə diqqət çəkilir. Belə ki, insan işıqsız bir yerdə heç bir iş görə bilməz. Ancaq Uca Allah qaranlıq bir məkanda böyük bir möcüzə olan insanı meydana gətirməyə qadirdir. Yəni Allah üçün işıq və qaranlıq heç bir şey ifadə etmir. O, hər şeyə qadirdir və hər şeydən xəbərdardır.
Bununla bağlı digər bir görüş isə Quran ayələrinin ehtiva etdiyi dərin mənaların elm inkişaf etdikcə ortaya çıxdığını müdafiə edən müasir dövr alimlərinə aiddir. Tibb elmi inkişaf etdiyi üçün artıq uşağın ana bətnində necə formalaşdığı da elmə məlumdur. Buradan yola çıxaraq bəzi təfsirçilər ظُلُمَاتٍ ثَلٰثٍ “üç qaranlıq” ifadəsi ilə həmçinin uşağın ana bətnində keçirdiyi inkişaf mərhələlərinə işarə edildiyini bildirmişlər. Tibb elminə görə, körpənin ana bətnində formalaşması rüşeymönü mərhələ, rüşeym mərhələsi və döl mərhələsi olmaqla üç əsas mərhələdə baş verir. Yəni ayədə həm üç dəri təbəqəsi, həm də bu üç mərhələyə işarə edilmiş ola bilər.
Ayənin davamında bütün bunları yaradanın Uca Allah olduğu bildirilir və “Bəs necə olub (haqdan) döndərilirsiniz?!” deyə insan oğluna sual verilir. Qurani-Kərimdə Uca Allah tərəfindən verilən bu kimi suallar təəccüb mahiyyəti daşıyır. Yəni təəccüblü bir haldır ki, insanların bir qismi bu ibrətamiz yaradılışın şahidi olduğu halda yenə də haqq yoldan üz çevirir və Quranın əmrlərinə tabe olmurlar.
ŞƏRHLƏR