BİR YUMRUĞA DÖNDÜK O GECƏ BİZ DƏ…

BİR YUMRUĞA DÖNDÜK O GECƏ BİZ DƏ…

“Ermənilər Şuşada Topxana meşəsini yandırıblar, azərbaycanlılarla ermənilər arasında ciddi qarşıdurma və gərginlik yaşanıb…” 1988-ci ilin soyuq noyabr ayı idi, nahar fasiləsi üçün evə gələn atamın danışdıqlarından yaddaşıma həkk olunan bu cümlə mənim üçün Qarabağ münaqişəsinin ilk xəbərçisi oldu. Elə indi də Qarabağ münaqişəsindən söz açılanda o soyuq noyabr günü və yeddi yaşında eşitdiyim o cümləni xatırlayıram: Ermənilər Topxana meşəsini yandırıblar…

Sonrakı aylarda artıq ermənilərlə azərbaycanlılar arasında baş verən qarşıdurmalar, soydaşlarımızın tarixi dədə-baba yurdları olan İrəvan torpaqlarından didərgin salınması, Sumqayıt hadisələri və bu kimi dəhşətlər kiçicik xəyal dünyamda xüsusi bir yer işğal etməyə başladı.   

Bir il ərzində davam edən bu kimi hadisələr 1989-cu ilin sonlarında ölkədəki vəziyyəti bir az da gərginləşdirməyə başladı. Azərbaycanın bütün şəhərlərində, demək olar ki, hər gün mitinqlər təşkil olunurdu. Yaşlı-gənc demədən ayağı yer tutan hər kəs bu mitinqlərdə iştirak edirdi. İş o yerə çatmışdı ki, azyaşlı şagirdlər də sinif yoldaşları ilə mitinq haqda danışmağa, mitinqlərdə danışılanları müzakirə etməyə can atırdı. Axı hər birimizin ailəsində ölkənin taleyüklü məsələləri müzakirə olunurdu. Artıq bir çoxlarımız axşam həyətdən evə gələndə atamızı evdə görməyib mitinqə getdiyindən əmin olurduq. Hətta yaşca bir az böyük olanlarımız məktəbdən evə gələrkən yolüstü meydanlara da baş çəkirdilər. Hər gün vətən həsrəti ilə alışıb yanan Şəhriyarın “Heydərbabaya salam” poemasını oxuyur, pafosla əzbərləməyə çalışırdıq. Məktəblilər arasında 37-ci ilin repressiya qurbanları, güllələnən və sürgünə göndərilən vətən övladları müzakirə edilir, onlar haqqında yazılan qəzet məqalələri əl-əl gəzirdi. Bütün ölkədə kiçikdən-böyüyə hər kəsin ümumi bir dərdi vardı. Xalq olaraq öz müqəddəratımızı özümüz həll etmək istəyirdik. Dağlıq Qarabağın ikinci İrəvan olmasını istəmirdik. Öz yurdundan qovulan soydaşlarımızın düşdüyü haqsız durum hamımızı narahat edirdi. Beləcə 1990-cı ilə bu duyğularla girmiş olduq. Dəyişən heç nə yox idi, əksinə, hər şey daha da gərginləşir, etiraz səsimiz “yuxarılarda” eşidilmirdi. Lakin bir gerçək vardı ki, artıq kütləvi hal alan etiraz mitinqləri meydan hərəkatına çevrilərək qanla qurulan Sovet İmperiyasının qəlbinə qorxu salmağa başlamışdı. Çünki qəflət yuxusundan ayılaraq haqqını tələb edən bir xalq ittifaqa daxil olan digər xalqları da ayılda bilərdi. Necə ki, ayıltdı da…  

Artıq son həftə ərzində “yuxarıların” təlimatı ilə ölkəyə qoşun yeridiləcəyinə dair dedi-qodular səslənməyə başlamışdı. Bakıya doğru yola çıxan tanklardan və zirehli texnikadan bəhs edirdilər. Lakin bir çoxları Sovet ordusunun öz vətəndaşlarına atəş açacağına inanmır və ya inanmaq istəmirdi. Nəhayət, o gün gəlib çatmışdı. Şərəfinə paytaxtımızın mərkəzində heykəl ucaldılan XI Qızıl Ordu eyni paytaxt küçələrində günahsız və əliyalın insanlara amansızlıqla atəş açmış, ağır tanklarını yaşlı-cavan, uşaq-qadın demədən bütöv bir xalqın üzərinə sürmüşdü.

1990-cı ilin 20 yanvar günü həmişəki kimi səhər tezdən məktəbə gedirdim. Hava buludlu idi, amma başımızın üstünü alan bulud sanki yağış buludu deyildi, bütöv bir ölkənin üzərinə çökən hüzn buluduna bənzəyirdi. Şəhərdə ümumi bir səssizlik hökm sürürdü. Yağan hüzn yağmurundan sanki hamı nəsibini almışdı. Məktəbdə ibtidai sinif müəlliməmiz Qızıl Ordunun gecəliklə Bakı küçələrində günahsız insanları gülləbaran etdiyini söylədi. Bəli, məktəbdə şəninə şeirlər əzbərlədiyimiz Sovet ordusu növbəti dəfə öz “igidliyini” göstərmişdi. Müəlliməmiz baş verənləri bizə danışdıqca kiçicik qəlbimizdə təlatümlər baş qaldırırdı. Sən demə bu günə qədər bizə təlqin olunan kommunizm əslində insanlığın ən böyük düşməni imiş. Bir anda “Oxu” kitabımızda pioner qəhrəmanlığından ağız dolusu dəm vuran nağıl və hekayələr bütün cazibədarlığını itirərək nə vaxtsa pioner olma xəyallarımızı da puç etdi. Və mən ehmallıca sinəmə taxdığım “oktyabryat” nişanını çıxarıb cibimə qoydum. Ona nə edəcəyim barədə düşünməyə başladım. O gün iki dərsdən sonra bizi evə buraxdılar. Hər yerdə matəm ab-havası hökm sürürdü. Televizor göstərmirdi, sonradan öyrəndik ki, dövlət televiziyasının enerji blokunu da partladıblar. Qonşular bir-birinə gedib-gəlir, hər kəs sağdan-soldan eşitdiyini danışaraq nə baş verdiyini dəqiqləşdirmək istəyirdi. Həmin axşam birinci sinfə gedərkən fəxarət hissi ilə sinəmizə taxdığımız “oktyabryat” nişanını qazın üstündə qızdıraraq eyvanda çəkic zərbələri ilə əzik-əzik etdim. Əzilən o nişanla birlikdə gözümüzdə böyütdüyümüz Sovet mifini də darmadağın etmişdim sanki. Azacıq da olsa qisasımı almışdım…

Sonrakı günlərdə hər şey daha aydın anlaşılmağa başladı. Axşamlar bütün binaların qarşısında yas mağarları qurulurdu. İşdən gələn kişilər yeməklərini yeyib özlərini yas mağarına yetirirdilər. Gecənin yarısına qədər müzakirələr aparılır, xalqın mənafeyi naminə görülə biləcək işlərdən danışırdılar. Məscidlərdə ehsan süfrələri açılır, şəhidlərin ruhuna Yasinlər oxunurdu. Bir gecənin içində Bakı kəndlərində Moskva bazarı üçün yetişdirilən qərənfillərin bütün paytaxtı bəzədiyindən yazırdı qəzetlər. Və yenə bir gecə qapımızın döyüldüyünü xatırlayıram. Binamızda yaşayan bir ailə şəhidlərin ehsanı olaraq bütün bina sakinlərinə - hər evə lavaşın arasında halva paylayırdı. Bir sözlə, o günlərdə hər kəs özünü tankların qarşısında qəhrəmancasına şəhid olanların sanki bir yaxını sayırdı. Doğrudur, Sovet tankları əliyalın insanlara divan tutmuşdu, amma bununla öz istəyinə nail olmamış, əksinə, qəlbimizdə yanan azadlıq alovunu daha da şiddətləndirmişdi. Bütöv bir xalq vahid amal ətrafında birləşə bilmişdi. Şair Bəxtiyar Vahabzadə “Şəhidlər” poemasında boşuna demirdi:

“Tarixi yaşadıb diləyimizdə,

Bir yumruğa döndük o gecə biz də.

Yıxıb köləliyi ürəyimizdə,

Cəsarət mülkünü tikdi şəhidlər”.

Bəli, bir yumruğa dönmüşdü xalq. Böyükləri örnək alan biz balacalar da millətimizə qarşı tuşlanan silahlara, xalqımıza edilən haqsızlıqlara nifrətlə sıxılan kiçik yumruqlar idik…

 

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz