RƏHMANIN ƏSL BƏNDƏLƏRİ KİMDİR?
Mömin üçün ən böyük şərəf yaradılmışlara deyil, Allaha qul olmaqdır. Çünki ibadət və qulluq edilməyə haqq sahibi yalnız Allahdır. Mövlana bu həqiqəti belə dilə gətirir: “Qul oldum, qul oldum. Yalnız Sənə qul oldum. Bütün qullar azadlığa çıxanda sevinər, ancaq mən Sənə qul olduğum üçün sevinirəm”.
Bəli ən yüksək şərəf və ən yüksək zirvə Allahı tanımaq, Ona inanmaq və qul ola bilməkdir. Ümumi mənada hər kəs Allahın quludur, bəndəsidir. Amma gəlin görək Rəbbimiz həqiqi mənada özünə qulluğa yaraşan və rəhmətinə məzhər olacaq bəndələri necə vəsf edir.
Furqan surəsinin 63-cü və ardınca gələn ayələrdə Uca Rəbbimiz özünə qulluğa yaraşan xalis bəndələrini belə vəsf edir: “Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman salam deyərlər.” Burada vəsf olunan qullar göstərilən yaxşı xüsusiyyətləri ilə Allahın rəhmət və sevgisini qazandıqları üçün Rəhman adına izafə edilərək qeyd olunmuş və buna görə də həmin bəndələr Rəhmanın qulları adlandırılmışdır. Burada qeyd olunan vüqar, sadəlik və təvazökarlıq, Quranda tez-tez rast gəlinən ifadələrdəndir. Bunun da səbəbi ilk növbədə odur ki, cahiliyyə ərəblərinin ən əsas xarakteri təkəbbür, zorakılıq və qürür idi. Uca Rəbbimiz bu kimi mənfi xüsusiyyətlərin bir mömində ola bilməyəcəyini göstərmiş, inanan insanın sadəlik və təvazökarlıq kimi müsbət xüsusiyyətlərlə Rəbbinə daha yaxın olacağını bildirmişdir. Bu müsbət xüsusiyyət hər zaman olduğu kimi bu gün də möminin həyat tərzi olmalıdır. Amma təəssüflər olsun ki, bu gün ibadət edən, özünü mömin adlandıran bəzi “dindarlar” bu ayənin tam əksinə olaraq özlərini elə aparır, elə danışır, elə yeriyirlər ki, cahiliyyə ərəblərindən heç də geri qalmırlar. O cahiliyyə ərəbi idisə, bu müasir müsəlmandır. Amma xarakter və xüsusiyyət eynidir. Allah-Təala buyurur: “...cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman salam deyərlər...” Bugünkü müasir “möminlər” nəinki söz atan cahilə salam verir, hətta Allahın salamını verən müsəlmanların belə salamını almırlar, yaxud da onlara salam vermirlər. Çünki bunlara İslamı və salamı yox, üsyanı və fitnə-fəsadı öyrədiblər. Yuxarıda verdiyimiz ayənin təfsirçilər tərəfindən izahında qeyd olunur ki, burada Uca Allah cahillərin söz atmalarına “salam” deyib keçmələrini ona görə qeyd edir ki, cəhalətin ziddi İslamdır. Necə ki, cəhalət cəmiyyəti, dünyanı yıxıb-dağıdıb yox etməkdirsə, İslam isə qurmaq-tikmək və yeni bir cəmiyyət inşa etməkdir. Bu ifadəni, yəni salam ifadəsini kiçik görmək olmaz. Elə islam da “sələmə” felindən törənmişdir.
Allahın Elçisi də (s.ə.s) insanların arasındakı sevgi və məhəbbəti artırdığı üçün salam alıb-verməyin əhəmiyyətini vurğulayaraq deyirdi: “İman etmədikcə cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə (kamil) iman etmiş olmazsınız. Bir-birinizə qarşı sevgini artıracaq düsturu sizə öyrədimmi? Aranızda salamı yayın!” (Müslim, İman, 93)
Bəli, biz özümüzü Allahın bəndəsi hesab edirik, amma əslində sənin və ya mənim hesab etdiyim deyil, Allahın hesab etdiyi mühümdür. Bizim hesab etdiyimizin əksi olarsa, əsil qiyamət onda qopar. Allah qorusun!
ŞƏRHLƏR