DUA SÖZÜN MERACIDIR

DUA SÖZÜN MERACIDIR

     Jurnalın bu sayının əsas mövzusu duaya həsr edildiyi üçün dua haqda yazmaq istədim. Doğrudur, hər nə qədər dua haqda yazmaq istəsəm də, ancaq bilirəm ki, dua yazılmaz. Çünki dua qulun Allah ilə dioloqudur. Dua zahirən dil ilə edilsə də, əslində duanın yeri ruhdur. 

     Dilin yox, ruhun əməlidir, “söz”dən çox, “hiss”dir dua. Ona görə də dua yazılmaz, edilər. İnsan Yaradanı qarşısında acizliyini, “heç”liyini dərk edər və beləliklə də əllərini samaya açaraq diləklərini ərz edər. Məhz buna görə də dua ibadətin əsası, ibadət isə duanın örtüsüdür.

     Dua lüğətdə çağırmaq, səslənmək, istəmək, yardım etmək, söz vermək, yalvarmaq, sığınmaq, nida etmək kimi mənalara gəlir.

     Termin olaraq dua  qulun Allaha sığınma və yalvarmasını, Allahın ucalığı qarşısında qulun gücsüzlüyünü etiraf etməsi, sevgi və təzim hissləri ilə Rəbbinin lütfünü, yardımını və əfvini diləməsini ifadə edir.

     Həmçinin dua qulun Allahın ucalığı və əzəməti qarşısında öz zəifliyini dərk etməklə Yaradanın böyüklüyünü dilə gətirməsi, Ona yalvarması, Ona həmd etməsi, şükür etməsi və Onu tərif etməsidir.

     Dua insanın acizliyinin etirafıdır. Dua insanın öz-özünə kifayət etmədiyini bilməsidir. Dua inasanın Allaha “imdad” hayqırışıdır. 

     Dua haqda yazılanlar isə onun mənəvi tərəfindən daha çox Quran və Sünnə işığında duanın mahiyyyəti, forma və məzmununu əhatə edir. Əks halda hansı qələm duanın mənəvi tərəfini oxucuya çatdıra bilər ki?!

     Quranda dua ilə əlaqəli bir çox ayədə insanların Allaha dua etmələri əmr edilmiş, duanın üsul, ədəb və təsirlərindən söz açılmışdır. (Bəqərə 186, Nisa 32, 117, 134, Əraf 29, 55, 180, Yusuf, 86, Ğafir 60). Bəzi ayələrdə yanlış, yersiz, zamansız və qəbul edilməyən dualardan bəhs edilmişdir. (Bəqərə 200, Yunus 12, 22, 106, İsra 11, Muminun 99, 100, 106, 107,Fussilət 51). Bu ayələrin əksəriyyətində dünyada ikən Allahı və Onun hökmlərini tanımaq istəməyən, ancaq axirətdəki acı həqiqəti görüb pis aqibətləri ilə üz-üzə gəldikdə peşimanlıq hissi ilə dünyaya yenidən geri qaytarılmaları üçün Allaha yalvarmalar bildirilmiş, yüzdən çox ayədə isə Peyğəmbərlərin və saleh insanların dualarından bəhs edilmişdir. Qeyd edilən ayələrdə Allah möminlərin duasına dəyər verməkdə, insanın yalnız olmadığını, hər cür şəraitdə onun vəziyyətini bilən və ona yaxın olduğunu xatırladır.  

     Qurana görə dua bəzən hal dili ilə, bəzən də söz ilə olur. Hal dili ilə olan dua üçün Hz. İbrahimin (ə.s) atəşə atıldığı vaxt keçirdiyi hisslər misal verilir. Onun Allaha olan təslimiyyəti və güvəni çox təsirli bir dua halına gəlmiş və “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!” möcüzəli şəkildə ilahi yardımla qarşılaşmışdı.  

     Hədislərdə də duanın fəziləti, ədəbi, şərtləri, qəbul edilməsi mümkün olan və olmayan dualar, dua üçün ən uyğun zamanlar (səhər vaxtı, gecə yarısı, Qədr gecəsi, namazdan sonra, azanla iqamə arasında və s. kimi) Hz. Peyğəmbərin (s.ə.s) müxtəlif yerlərdə və zamanlarda, fərqli vəziyyətlərdə etdiyi xüsusi dualar haqqında məlumat verilmişdir (məsələn: yatarkən, yuxudan oaynarkən, namaza başlarkən, namazda və namazdan sonra, dəstəmaz alarkən, səfərə çıxarkən və s.)

     Hədislərdə bildirildiyinə görə bir təhlükə və zülm qarşısında çarəsiz qalan kimsənin, qəlbində saf sevgi ilə ata-anasının və ya başqasının yaxşılığını istəyən kimsənin, Allah üçün oruc tutan kimsənin, milləti üçün çalışan ədalətli dövlət başçısının duasının geri çevrilməyəcəyi, qəbulunun mütləq olacağı xəbər verilmişdir. Bundan başqa, duanın bir günahın işlənməsinə və ya qohumluq əlaqələrinin kəsilməsinə dair olmaması və duanın qəbul olması üçün tələsməmək bildirilmişdir. Hədisi-şərifədə: “Sizdən hər birinizin duası tələsmədikcə qəbul olunur”, -buyurulmuşdur. Qurani-Kərimdə də “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!” (Ğafir 60) buyurularaq duanın cavabsız qalmayacağı bildirilmişdir.  

     Dua insanın fitrətində olan bir ehtiyacdır. Elə buna görə də dua bütün dinlərdə mövcud olmuşdur. Dua etmə hissini itirmiş hər bir şəxsi əsasən kədərli və ümidsiz bir gələcək qarşılayacaqdır. Çünki əxlaqi və mənəvi duyğular bir insanın əsas dəyərlərindəndir. Bunların yox olması həmin insanın mənəvi həlakıdır. Bu dəyərləri itirən insanlar məhvə məhkumdur. Elə buna görə də dua etmək ehtiyacını özündə öldürən bər bir şəxs praktiki olaraq fəsaddan qorunacaq heç bir şeyə sahib deyildir. Heç kimsə duanı tərk etmək qədər özünü sürətlə məhvə hazırlamamış və alçalmağa məruz qalmamışdır. Duadan yoxsun hər fərd kimi, duasız cəmiyyətlər də mənəvi tənəzzülə məhkumdur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz