DUA MÖMİNİN SİLAHIDIR
Şübhəsiz ki, bütün insanlar duaya və xüsusilə, Allaha sığınmağa möhtacdır. Sıxıntıların yox edilməsində, ehtiyacların təmin edilməsində, başa gələcək bəla və müsibətlərin qarşısının alınmasında dua insan üçün zəruri ehtiyacdır.
Dua möminin qüvvətli silahı, bəlanı dəf edib qəzanı uzaqlaşdıran sağlam qalasıdır. Dua yolunu itirmişlərin, zülmə məruz qalanların sığınacağıdır. Dua ən böyük ibadətlərdən biridir. Tam bir səmimiyyətlə dua edən kimsə Rəbbinə bağlanır və yaradılmışlardan üz çevirir. Qəlbi ilə məxluqata yönəlmir. Çünki qullar ona nə zərər, nə fayda verə bilərlər, nə ölüm, nə həyat, nə də başqa bir şey barəsində heç nəyə qadir deyillər.
Uca Allah bəndənin ehtiyaclarını Ondan istəməsini ibadət saymışdır və bunu ona əmr etmişdir, onun tərk edilməsini də açıq şəkildə qınamışdır. Bu ibadəti tərk edən kimsəni Ona qarşı təkəbbürlü hesab etmiş və onu şiddətli bir şəkildə təhdid etmişdir.
Qışqıraraq dua edilməməlidir. Çünki Uca Allah buyurur: “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!” (əl-Əraf, 55)
Duanın böyük fəzilətləri və möcüzəli sirləri var:
1) Dua etmək Allaha itaət və Onun əmrini yerinə yetirməkdir. Dua edən kimsə Allaha itaət edərək Onun əmrinə tabe olmuşdur. Çünki Uca Allah "əl-Ğafir" surəsinin 60-cı ayəsində "Mənə dua edin!” deyə əmr etmişdir.
2) Dua bir ibadətdir. Çünki Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Şübhəsiz, dua ibadətin özüdür" (İbn Macə, 3828).
3) Dua etmək Allah dərgahındakı ən dəyərli əməllərdəndir. Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: "Allaha edilən duadan daha şərəfli bir şey yoxdur" (İbn Macə, 3829).
4) Dua etməmək Allahın qəzəblənməsinə vasitədir. Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: "Kim Allaha dua etməsə, Allah o kimsəyə qəzəbi tutar" (İbn Macə, 3827).
5) Dua etmək bəla enmədən əvvəl onu dəf etmək üçün bir səbəbdir. Rəsulullah (s.ə.s) belə buyurdu: "Qəzanı duadan başqa heç bir şey geri döndərməz" (Tirmizi, 2225; Əhməd, 22476)
Duanın Allah dərgahında qəbul olunması üçün yerinə yetirilməsi vacib olan müəyyən şərtlər vardır. Bu şərtlərdən bəziləri aşağıdakılardır:
1) Bunu xüsusilə bilmək lazımdır ki, dua edənin duasına yalnız Allah cavab verməyə qadirdir. Maddi-mənəvi, dünyaya və axirətə aid hər şeyi Uca Allahdan istəmək lazımdır.
Uca Allahdan başqasına dua etmək, ağaclardan və daşlardan mədəd ummaq, qəbirlərdən şəfa istəmək, Allahın edə biləcəyi şeyi Allahdan deyil, başqasından istəmək -bütün bunlardan Allaha sığınırıq- ən böyük şirk və küfrdür. Bu cür hərəkət və davranışlardan son dərəcə uzaq olmaq hər mömin və müsəlmanın üzərinə vacibdir.
Belə ki, Allahdan başqa heç kim fayda verə bilməz və yenə Allahdan başqası heç kim də hər hansı bir zərəri dəf edə bilməz.
2) İnsan sadəcə Allahdan istəməli, sadəcə Allaha sığınıb Ondan yardım diləməlidir.
İnsanın Allahdan başqasından bir şey istəməsi və ya Allahdan başqa birinə dua etməsi haramdır. Çünki bu Allaha şərik qoşmaqdır. Allah-Təala belə buyurur: “Allahdan başqa heç kəsə ibadət (dua) etməyin!” (Cin, 18)
Rəsulullah (s.ə.s) İbn Abbasa (r.a) belə buyurdu: “Bir şeyi istədiyin vaxt Allahdan istə, yardım dilədiyin vaxt yenə Allahdan dilə” (Tirmizi, 2635)
3) Duanın qəbul edilməsi üçün yeyəcəyin, içəcəyin və geyəcəyin halal qazancdan olması da şərtdir. Allah-Təala belə buyurur: "Allah yalnız müttəqilərdən (dua) qəbul edər!" (Maidə, 27)
Yuxarıda bəhs edilən mövzular duanın qəbul olması üçün şərtdir.
Elə isə gəlin yalnız çətin vəziyyətə düşəndə deyil, hər zaman Uca Allaha dua edək. Bolluqda da, darlıqda da yalnız Onu xatırlayaq. Yalnız Onun əzəmət və məğfirətinə sığınaq. Günahlarımızın əfvi, xəta və qüsurlarımızın bağışlanması üçün yalnız Ona yalvarıb yaxaraq. Qəlbimizi ona verək. Əlimizi yalnız onun dərgahında qaldıraq. Arzu və istəklərimizin həyata keçməsi üçün yalnız Ondan rica və xahiş edək və səmimi qəlbdən Rəbbimizə belə dua edək: “Ey Rəbbimiz, bizi hər iki dünyada məsud və bəxtiyar eylə. Bizi nəfsimzlə baş-başa buraxma. Haqq yoldan azdırma. İmanımızı gücləndir. Əxlaqımızı gözəlləşdir. Vicdanımızı təmizlə. Xəstələrimizə şəfa ver. Rəhmətini bizdən əsirgəmə. Məni, anamı, atamı və bütün din qardaşlarımı bağışla. Onları cəhənnəm əzabından qoru. Bizi qiyamət günü rəzil və rüsvay etmə. Kiçik günahlarımızın üstünü ört, böyük günahlarımızı bağışla. Şübhəsiz ki, sən çox bağışlayan və rəhm edənsən. Bağışlamağı sevənsən”.
ŞƏRHLƏR