HUMƏZƏ SÜRƏSİNİN ÇƏKDİYİ RUH PORTRETİ
Möminin həyatı nizam-intizamlı olmalıdır. Qulluğun özəyini ibadət intizamı formalaşdırır. Hərəkət qaydaları, danışıq qaydaları, qəlb və əxlaq qaydaları möminin xarakterini tamamlayan ünsürlərdir. Mömin Rəbbinə qarşı verəcəyi hesabda çətinlik çəkəcəyi bir hərəkət etməməlidir. Hər əməlinin hesabını vermək qayğısı həyatını Quran və Sünnə ölçülərinə görə tənzim etməsini tələb edir.
Qurani-Kərimin insanı dəhşətə salan surələrindən biri də “Huməzə” surəsidir. Bu surədə Rəbbimizin “vay halına” ifadəsinin xitabına məzhər olan insanların xüsusiyyətlərindən bəhs edilir. “Veyl” kəlməsinin dilimizdəki qarşılığı “vay halına, təəssüflər olsun”dur. Dilimizdə bu ifadə müxatəbin mənfi halını bildirmək və içinə düşdüyü halın təhlükəli olduğuna diqqət çəkmək mahiyyətində işlədilir. Bir növ qəzəbin son dərəcəsidir.
Xitab etdiyi şəxsi ən ağır şəkildə xəbərdar etməklə başlayır “Huməzə” surəsi. Ardınca bu dəhşətli xəbərdarlığa məzhər olan xarakterin düşdüyü ruh halını təsvir edir:
“(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!
O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
O, Allahın yanar odudur.
Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
O, belələrinin (qeybətçilərin və tənə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.
O, belələrinin (qeybətçilərin və tənə vuranların) üzünə qapanıb kilidlənəcəkdir” (Huməzə, 1-9).
Surəyə ad olaraq verilən “Huməzə” kəlməsi bir insanın qiyabında eyibini, qüsurunu axtarmaq, dedi-qodu etmək, qeybət etmək, söz gətirib-aparmaq və tənə vurmaq mənasındakı “həmz” kökündən törəmiş və çox eyib axtaran, qeybət edən, arxadan danışan kimsə deməkdir.
Ardınca gələn “luməzə” isə bir insanın üzünə qüsurunu demək, gözlə, qaşla, baş və dodaq işarəsi ilə təhqir etmək və lağa qoymaq mənasındakı “ləmz” kəlməsindən törəmiş, təhqir edən və lağa qoyan kimsə deməkdir.
“Huməzə” surəsi bizə iki model göstərir.
Birincisi, özünü başqalarından üstün görüb onlara qaş-göz işarəsi ilə yuxarıdan baxan, arxadan onları lağa qoyan insan.
İkincisi isə, dünyəviləşmə göstəricisi olan mal yığma, dünyalığa önəm vermə və dünyaya gəliş səbəbini dünyada qazınıb yığdıqlarına bağlanma əhvali-ruhiyyəsidir. Bu iki model sağlam bir ruh halını əks etdirmir.
İnsanın arxasınca dedi-qodu etmək ən ağır günahlardan biridir. Qeybət Peyğəmbərimizin hədisi-şəriflərində ölü qardaşın ətini yemək kimi iyrənc bir hərəkət olaraq tərif edilir. Diksindirici olduğu qədər qul haqqını pozan bir əməldir. “Vay halına” ifadəsinin müxatəbi qeybətini etdiyi və arxadan danışdığı insanı lağa qoyaraq qaş-gözlə işarə edən insandır. Fərqində olmadan da edilən bu xəta günlük həyatımızda hər an düşə biləcəyimiz bir xətadır.
İslamın insanda yox etməyə çalışdığı ən mənfi xüsusiyyətlərdən biri “eqoizm duyğusu”dur. Şeytanı Rəbbinə qarşı asi edən həmin duyğudur. Fironun üsyanlar içində həlak olmasının səbəbi bu duyğudur. Əbu Cəhl və Əbu Ləhəbin Peyğəmbərimiz qarşısında heç cür iman həqiqətinə qovuşa bilməməsi yenə bir eqoizm duyğusunun daxilində şirk qırıntıları vardır. Eqoizm duyğusu ilk növbədə insana əbədilik hissi verir və insan acizliyini unudaraq Rəbbinə asilik edəcək hala düşür. Təsəvvüfün ilk məqsədlərindən biri də nəfsin arzularının qarşısını alıb, eqoizm duyğusunu minimuma endirməkdir.
Rəbbimiz ayeyi-kərimədə müsəlmanlara yuxarıdan baxan, qürur və lovğa olan təkəbbürlüdən bəhs edir. Malına, sərvətinə güvənərək insanlara xor baxan, onları aşağılayıb lağa qoyan bir insan növündən söz açır.
Dünya və mal ehtirası insanın həlakına səbəb ola biləcək ehtiraslardır. Fitrətində dünyaya meyli olan insanın bu yönünü tərbiyə etməsi yenə bir möminlik nizam-intizamı ilə mümkündür. Fanilik duyğusu gəlib-keçici bir həyatın içində olma şüurunu davamlı olaraq qəlbdə diri tutmaqla mümkündür.
Dünyada sahib olduğumuz imkana həddən artıq əhəmiyyət verib onu vazkeçilməz sayarıqsa, o halda dünyaya bağlılıq meydana gələr. Bu bağlılıq qəlbin və könlün qatılaşmasına səbəb olar. Rəbbimiz qəlbi kirlədən dünyalıq ehtirasların girbabında yox olan bir nəsfin “Hutəmə” olaraq ifadə edilən qalanmış atəşin içinə atılacağını xəbər verir.
Mömin olaraq danışıq qaydalarına çox əhəmiyyət verməliyik. Danışıq qaydaları özü ilə əməl qaydalarını da gətirir. Bəndənin əməllərinin düzgün olması, sağlam xarakterli ruh halına sahib olması düzgün bir müsəlman və mənəvi mərəzdən uzaq bir könül sahibi insan olmasına səbəbdir.
ŞƏRHLƏR