"LEYL" SURƏSİ

"LEYL" SURƏSİ

     Məkkədə nazil olmuşdurr, 21 ayədir. Bu surə insanın səy və zəhmətindən, bu dünya həyatındakı mübarizəsindən və nəticədə də axirətdə cənnətə və ya cəhənnəmə gedəcəyindən danışır.

     Surə gecəyə, gündüzə və həm kişini, həm də qadını yaradana and içməklə başlayır. İnsan əməllərinin fərqli olmasından bəhs edir: "And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə; And olsun işıqlanmaqda olan gündüzə; And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki, Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bəziniz Cənnət üçün, bəziniz isə Cəhənnəm üçün çalışırsınız)" (1-4).

     Sonra bu surə xoşbəxtlik və bədbəxtlik yollarını açıqlayır, qurtuluş istəyənlər üçün ona gedən yolu göstərir və yaxşılarla pislərin, cənnət əhli ilə cəhənnəm əhlinin xüsusiyyətlərini ifadə edir: "Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa, Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə, Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik! Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa, Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa, Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)" (5-10)

     Hz. Əli (r.a) rəvayət edir: "Biz bir cənazə üçün Baqiul-Ğarqadda idik. Rəsulullah (s.ə.s) yanımıza gəldi və oturdu. Biz də ətrafında oturduq. Əlində bir çubuq vardı. Çubuğuyla yerə bir şey çəkməyə başladı. Sonra: "Sizdən elə bir adam yoxdur ki, bu anda cənnət və ya cəhənnəmdəki yeri yazılmamış olsun!"- deyə buyurdu. Camaat: "Ey Allahın Rəsulu, elə isə haqqımızda yazılana etimad edib ona dayanmayaqmı?"- dedilər. Rəsulullah (s.ə.s): "Çalışın" buyurdu. "Hər kəs özü üçün yaradılmış olana çatacaq. Cənnətlik olanlar səadətə aparan əməldə müvəffəq olacaq. Şəqavət əhli olanlar (Cəhənnəmliklər) da şəqavətə aparan əməldə müvəffəq olacaq!" Sonra bu ayəni oxudu: "Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa, Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə, Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!" (Leyl, 5-7) (Buxari, Təfsir əl-Quran, Surə: 92, bab: 6)

     Daha sonra surə bəzi kəslərin yığmış olduqları mallarına və yığdıqları sərvətlərinə aldandıqlarına diqqət çəkir. Halbuki bu mal və sərvətləri qiyamətdə onlara heç bir fayda verməz. Allahın qullarına hidayət və azğınlıq yolunu açıqlamasındaki hikmətini onlara xatırladır: "(O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz. Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mömin və ya kafir olmaq isə hər kəsin öz işidir). Axirət də Bizim, dünya da Bizimdir!" (11-13)

     Surə məkkəliləri, yəni Allahın ayələrini və Peyğəmbərini (s.ə.s) yalan hesab edənləri Onun əzab və intiqamından çəkindirir. Onları, həddindən artıq dərəcədəki qızğın və isti alovla xəbərdar edir. Bu atəşə ancaq bədbəxt və Allahın hidayətindən üz çevirən kafir girər və onun alovunu o dadar: "(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum. Ora ancaq azğın (kafir) daxil olar. O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!" (14-16)

     Surə nəfsini təmizləmək və onu Allahın əzabından qorumaq üçün malını xeyir yollarında xərcləyən saleh mömin nümunəsini izah edərək sona çatır. Bilalı satın alıb onu Allah üçün azad edən Əbu Bəkri (r.a) misal gətirir: "Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar). O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər, O şəxsin boynunda heç kəsin bir minnəti (neməti) yoxdur ki, onun əvəzi verilsin. O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.. And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi nemətlərə görə) razı olacaqdır!" (17-21)

     Rəvayətə görə, Bilal (r.a) Ümeyyə b. Xələfin köləsi idi. Bilal müsəlman olduğu üçün Ümeyyə ona işgəncə edərdi. Günün qızmar vaxtında Məkkənin daşlı vadisində kürəyi üstü yerə uzadıb böyük bir qayanı Bilalın sinəsinin üstünə qoyulardı. Sonra ona: "Ya ölənə qədər belə qalar, ya da Muhammədi inkar edəcəksən" deyərdi. Bilal bu vəziyyətdə ikən yenə "Əhəd, Əhəd" deyərdi. Bunu görən Əbu Bəkr (r.a) Ümeyyəyə "Bu yazığa belə etməklə Allahdan qorxmursanmı?" dedi. Ümeyyə də ona: "Onu mənə qarşı qaldıran və üsyan etdirən sənsən. İndi onu gördüyün bu vəziyyətdən qurtar" dedi. Bunun üzərinə Əbu Bəkr (r.a) Bilalı (r.a) ondan satın alıb Allah rizası üçün azad etdi. Bunu görən müşriklər: "Əbu Bəkrin Bilala minnət borcu olduğu üçün onu azad etdi" dedilər. Bunun üzərinə bu ayələr nazil oldu: "O şəxsin boynunda heç kəsin bir minnəti (neməti) yoxdur ki, onun əvəzi verilsin. O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.. And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi nemətlərə görə) razı olacaqdır!"

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz