QASIM KİŞİNİN GÖZLƏMƏ DÜNYASI

QASIM KİŞİNİN GÖZLƏMƏ DÜNYASI

     Uca Allah Qurani-Kərimdə belə buyurur!

     “Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən...”  (əl-Hədid, 20)

     “Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, necə-necə ibrətlər vardır!”  (Hicr, 75).

     Axirət həyatı barədə məlumatı olmayan və ya eşitdikləri hər şeyi qulaq ardına vuranları, dünya həyatı öz saysız-hesabsız cazibə telləri ilə daima məşğul etməkdədir. Dünya ilə bu yaxınlığa görə onları gözləyən ağır axirət imtahanının fərqinə belə varmayanlar unutmamalıdırlar ki, yaşadıqları bu həyat axirət soruşdurmasını canlandıran neçə-neçə ibrətamiz səhnələrlə doludur.

     Qasım kişinin yaşı 55-i haqlamış, son dərəcə mülayim görünüşlü bir insan idi. Böyük bir müəssisənin mühafizə şöbəsində siravi işçi kimi çalışan bu yoldaşın haqqında yalnız xoş sözlər eşitmək mümkün idi. Günlərin birində ilahi qədərin həyatımızı tənzimləyən hikmət təcəllilərinin gerçəkləşməsi səbəbindən Qasım kişini həmin müəssisənin baş anbarına müdir qoydular. Tapşırılan vəzifənin olduqca məsuliyyətli olması və eyni zaman da bu vəzifəyə həvalə edilənin işinin öhdəsindən gəlmə bacarığının çox da yüksək olmaması səbəbindən Qasım kişiyə edilən səmimi qardaş xəbərdarlığı öz nəticəsini vermədi. Ağsaqqal ikiəlli vəzifədən yapışaraq taleyin həyatında ilk dəfə üzünə güldüyünü ətrafındakılara bəyan etdi. Nə isə, iş başladı, özü də necə. Qasım kişi ona ünvanlanan şirnikləşdirici təkliflərin ağına-bozuna baxmadan dəyərləndirərək işini davam etdirirdi. Bir ara ondan mal alan alıcılardan biri anbar müdirinin bu işdə naşı olduğunu görüb onu bu vəzifədən bir daha daşındırmaq istəsə də Qasım kişinin cavabı sərt oldu. – Ay balam! Qoy biz də bir insan kimi yaşayaq da!

     Bu minvala “Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir” (ən-Nisa, 58) ilahi bəyanını unudan və ümumiyyətlə özlərini məsumlar zümrəsindən hesab edən rəhbərlik, bir anda sanki diksinərək yuxudan oyandı. Mərkəzi anbarda çaparaq  aparılan təftiş öz qorxunc nəticəsini verdi. Böyük çatışmazlıqlar mövcud idi. Rəhbərlik Qasım kişini dərhal işdən azad etməklə qarşısına bu tələbləri qoydu: Ya oğurlanan külli miqdarda mal və material anbara qaytarılmalı ya da... gerisini söyləməyə ehtiyac yoxdur– dedi. Bu yaşında həyatının son çağılarını dəmir barmaqlıqlar arasında keçirtməməyə qərar verən Qasım kişi birinci yolu tutdu. Ağsaqqalı tanıyanlar ona kömək etməyə qərar verdilər. Edilən yardımlar nəticəsində məlum oldu ki, bunlar çatışmazlığın heç beş faizini ödəmir. Rəhbərlik tərəfindən çağırılan ilk iclasda məsələ müzakirə olundu və Qasım kişi ömründə yaşamadığı bir eybəcərliyə şahid oldu. Çatışmazlığın bağlanması üçün aparılan işin yetərsizliyini nəzərə alan rəhbər Qasım kişiyə dişinin dibindən çıxan söyüşləri yağdırmağa başladı. Bu eybəcərliklə barışan Qasım kişi isə dinmirdi. Çünki deyəcək sözü yox idi. Artıq bir müddətdən sonra onun yalvarışları dizçökmələrlə əvəzləndi. Sabiq anbardar çatışmayan malları ödəmək üçün sanki mənliyini satışa çıxartmışdı. Miskinliyi və bu rüsvayçılığı bu yaşında özünə dost edən Qasım kişi yalnız bunları söyləyirdi: - Məni aldatdılar.  Yeni iclaslar daha yeni və daha iyrənc söyüş və təhqir səhnələrinə  şahidlik edirdi. Qasım kişi isə susurdu. Sonra isə bu sözləri təkarar edirdi. – Məni aldatdılar. (Daha doğrusu dünya məni aldatdı). Bütün hirs və əsəbini Qasım kişini təhqir etməklə çıxaranlar isə vəziyyətin bu həddə gəlməsində yalnız anbardarı günahlandırırdılar. Onun iş yerindəki maddi faciəsi, evində və doğma ocağında davam edən mənəvi faciəsi ilə əvəzlənmişdi. Artıq gələcək rüsvayçılıqdan gözünə yuxu da getmirdi. Nahayət, qohum-əqrəbasının da yardımı ilə təxminən bir il davam edən rəzillik həyatı sona çatdı. Qasım kişi olmazın fiziki və mənəvi təhqirlərə, özü də hamının  gözü qabağında, məruz qala-qala anbarın çatışmazlığını son qəpiynədək ödədi. Bu hadisə ilahi əmanətin yükünə xəyanət edənin dünyadakı rəzilliyi idi. Bu ibrətamiz hadisə bizi dünyadakından fərqli olaraq bitib-tükənmək bilməyən axirət rəzilliyinə qarşı oyanıq olmağa səsləyir. Qulluq üçün yaradılmış insan övladı dünya rəziliyini əbədi axirət əzabı ilə əvəz edəcək. Reallığı mümkün qədər tez dəyərləndirməli və hər iki əzabdan qorunma tədbirlərini hər kəs mənliyinə tətbiq etməyə çalışmalıdır.  Uca Allah Qurani-Kərimdə Adəm övladının əzabdan qorunmaq həqiqətinə etinasız münasibətini belə açıqlayır. "İnsanlara (Məkkə müşriklərinə) doğru yol göstərən bir rəhbər (peyğəmbər, Allah kəlamı) gəldiyi zaman ona iman gətirməyə və Rəbbindən bağışlanmalarını diləməyə mane olan şey yalnız əvvəlkilərin başına gələnlərin (adətimiz üzrə əvvəlki ümmətləri düçar etdiyimiz müsibətlərin) onların da başına gəlməsini, yaxud da gözləri baxa-baxa əzabın gəlib onlara yetişməsini gözləməlidirlər(əl-Kəhf, 55)

     Deməli, Qasım kişinin timsalında özümüz, ata və analarımız, bacı-qardaşlarımız, neçə-neçə qohum-əqrəbalarımız, tanışlarımız, dostlarımız hələ də başlarımıza gələn bəla və müsibətlərə baxmayaraq dünyanın ovsunladığı mənliyimizlə əbədi qurtuluş qatarının önündə duraraq gözləməyə davam edirik. Bu qatar tərpəndikdən sonra artıq “Günahkarlar atəşi görən kimi oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər” (əl-Kəhf, 53) ayeyi-kəriməsi əbədi qurtuluş qatarı tərpəndikdən sonra yalnız əbədi rəzalət qatarına miniyin boşaldığını xəbər verəcəkdir.

     Əziz oxucular, bütün bunların hamısı bizdən gözləmə mövqeyin, Quran və Sünnə üzrə yaşama mövqeyinə dəyişməyi tələb edir. Bir sözlə, qəlblərimiz ilahi əmrlərin mənliyimizi dirildəcək əbədi dirilik üfüqlərinə açılmalıdır. Əshabi-kiram bu barədə “Ey Allahın Rəsulu, sinələrimiz genişlənirmi?”,- deyə soruşduqda Rəsulullah: “Bəli, iman qəlbə girincə sinələrimiz açılır”,- dedi. Sahabələr: “Bunun bir əlaməti varmı?”,- deyə soruşduqda  Allah Rəsulu bu mənalı cavabı verdi: “Aldadıcı diyar olan dünya həyatına dalıb getməmək, əbədi aləmə yönəlmək və (gözləmə mövqeyini tərk edərək) ölüm baş vermədən ona hazırlaşmaq bunun əlamətidir”. (Təbəri, Camiul-Bəyan, VII s. 36-37)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz