“İrfan” jurnalının ilk yazarlarından Lokman HELVACI
- İlk növbədə sizi Azərbaycan oxucusu adından salamlayır, xoş gəlmisiniz deyirik. Buaykı ana mövzumuz duadır. Duanın mahiyyəti haqqında nə deyərdiniz?
- Xoş gördük. Mən də iki ildir gələ bilmədiyim Azərbaycana yenidən gəlməyim və sevdiyim insanlara qovuşmağın sevincini yaşayıram. Fürsətən istifadə edərək bütün oxucularımızı sevgi ilə salamlayıram.
Dua görünən aləmdən mavəraya göndərilən, göndərənə dəyər qazandıran, göndəriləni isə sevindirən xəbərdir, namədir, ərizədir. Bəzən iki ovuca sığar, bəzən yanaqlardan süzülən iki damla yaşa, bəzən də hıçqırıqların arasında özünə yer edər. Bəzən məzlumluqların, bəzən məğdur olmanın arasına yerləşər. Necə təqdim olunursa olunsun, xəbərin getdiyi məqamın bu vəziyyətdən çox məmnun olduğunu və cavab verdiyini bilirik. “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” (əl-Ğafir, 60) Yəni rəzil və zəlil olaraq cəhənnəmə girmək istəmiriksə, duadan uzaqlaşmamalıyıq.
- Dua insana necə təsir edir, nə kimi faydaları var?
- Hər şeydən əvvəl insanla bağlı bir xüsusu qeyd etməliyik. İnsan oğlunun gücünün, qüvvətinin bir sərhəddi var. Heç şübhəsiz ki, hamımız dəfələrlə insani acizlik yaşamışıq. İşlərimizin daşa dirəndiyi nöqtədə ən son sığınacaq və yalvarıb-yaxaracaq birinə ehtiyacımız var. Bəndə olmaq bunu zəruri qılır. Kibriya sifətinin yalnız Allah-Təalaya aid olduğunun idrakında olmaqdır bu.
İnsan oğlunun ən incə xüsusiyyətlərini ən gözəl şəkildə bilən, onu yaradan Allah (c.c) Furqan surəsinin son ayəsində “De ki, duanız olmazsa, Rəbbim sizə nə dəyər versin!”. Bir sözlə duanın insana ən böyük faydası Rəbbimizin bizə dəyər verməsinə vəsilə olmasıdır. Rəbbimiz dua edənə dəyər verir, duadan üz çevirəninsə heç bir qiyməti yoxdur.
Dua psixoloji və ruhi rahatlıq bəxş edir. Duaya yönəlmək insana ruhi cəhətdən rahatlıq verir. Gücümüz çatan qədər əlimizdən gələni etməklə məsuluq. Amma fiziki olaraq gücümüz çatmayan şeyləri edə bilməmək bizi məyus edir, zehni və qəlbi olaraq xiffət çəkirik. Məhz belə bir vaxt əlimizdən gələni etdikdən sonra dua ön plana çıxar. Bu da imanlı bir qəlbin arxalanacağı yeganə istinad nöqtəsidir. Lakin bunu da unutmayaq ki, ağır və çətin zamanlarda dualarımızın qəbul olması üçün rahatlıq zamanlarında dua etmək lazımdır.
- Müsəlman şəxsiyyəti üçün Allaha dua etmək, Ona yalvarmaq nə mənaya gəlir?
- Dua müsəlmanın “lazımi-qeyri müfariqi”dir. Yəni, vazkeçilməz və olmaması imkansız vəsfidir. Rəbbimiz bizə duamıza görə dəyər verdiyi üçün, duasız ola bilmərik zatən.
Dua yönəlmək, acizliyini, heçliyini fərq etmək deməkdir. Dua Rəbbə yönəlib: “İlahi, Sən mənim Rəbbim, mənsə Sənin aciz qulunam, budur, hüzuruna gəlmişəm”,- deyərək hər şeyin Ondan gəldiyini bilmək və istəməkdir. İnsanın bir heç olduğu haıda bir damla sudan yarandığını düşünərək, dünyaya gəlişinin, var oluşunun Onun əliylə olduğunu dərk edərək istəməkdir.
Əslində, dua ilə şükür iç-içədir. Bizim üçün əhəmiyyət kəsb edən bir çox orqanımız var. Düşünün ki, bunlardan biri, məsələn, gözümüz yoxdur və dua edərək Rəbbimizdən bir göz istəyirik. Sevdiklərimizi görmək, Rəbbimizin göndərdiyi kitabı oxuya bilmək və bu kimi gözəlliklərə qovuşmaq üçün belə bir mexanizm olsaydı, halımız necə olardı? Məsələn, göz bəbəyimizi, ağ təbəqəsini hara yerləşdirmək istərdik? Göz qapaqlarının lüzumunu bilmədiyimiz üçün onları istəməsəydik, nə olardı? Qaşlar, kirpiklər... Onlarla üzvümüz bu şəkildə dua ilə formalaşsaydı halımız necə olardı? Duamızda şükür də olmalı deyilmi? Həm də ömür boyu. Halbuki Rəbbimiz bizə heç bir tələbimiz olmadığı halda bu qədər nemətlərini bizə bəxş edib. Məhz ona görə də dualarımız həmdlə başlayır. İlk növbədə şükür edirik, sonra istəyimiz gəlir.
Müsəlmanın təfəkkürü də dua ilə iç-içədir. Təfəkkürümüz qeyd etdiyimzi tərzdə olarsa, dua halına da gəlmiş olar…
- Bəzən insanlar dua oxumaqdan çox kağıza yazıb üzərlərində gəzdirməyə üstünlük verirlər. Bu kimi yazılan duaların təsiri varmı? Yoxsa oxumaq zəruridir?
- Bütün işlərimizdə, namazımızda da, zəkatımızda da, dolayısıyla duamızda da nəticənin hasil olması üçün əsas olan şəxsin hansı qəlbi səviyyəyə sahib olmasıdır. Bəlkə bir adam çox gözəl sözlərlə, təmtəraqlı cümlələrlə dua edər, amma o an qəbul olmaz. Amma başqa biri səmimi qəlblə ümməti-Muhammədi düşünərək qayğı ilə dua edər, bəlkə qurduğu cümlələr təmtəraqlı deyil, amma duası qəbul olar.
Dua yazılacaqsa, xüsusilə oxuya bilməyənlər üçün yazılmalı, Qurandan ayələr və ya sünnədə oxunması tövsiyə olunan dualar olmalıdır.
- Dua etmək üçün müəyyən bir vaxt varmı, yoxsa zaman və məkan fərqi olmadan duaya davam etməliyik?
- Allah Rəsulunun həyatına baxanda hər anının dua ilə iç-içə olduğunu görürük. Evə girəndə, evdən çıxanda, ayaqqabı geyinəndə, çıxaranda, paltarını dəyişdirəndə, yatanda, yuxudan duranda, yemək yeyəndə, su içəndə, ailəsi ilə birlikdə olanda, doğum, ölüm, ticarət, döyüş kimi işlərdə, hətta ayaqyoluna gedəndə, çıxanda belə... Əlqərəz, böyükdən-kiçiyə həyatın bütün mərhələlərində əli, dili, ürəyi daim Rəbbinə yönəlmiş idi. Ondan nə isə diləyirdi... Rəsulullahın bu halı daimi idrak halından başqa bir şey deyildi.
Necə ki, gün ərzində qulluqdan kənar zamanımız olmamalıdır, dua üçün də eynisini düşünməliyik. Dualarımız üçün səma qapıları hər zaman açıqdır. Lakin heç vaxt “dua edirəm, amma qəbul olmur” hissinə qapılmamalıyıq. Etdiyimiz hər duaya görə daima savab alarıq. Həmçinin unutmamaq lazımdır ki, dua halımız Rəbbimizin xoşuna gəlir. Duaya davam halımız sürdükcə bir tərəfdən qəlbi səviyyəmiz də duanın qəbuluna səbəb olacaq səviyyəyə yüksələcəkdir. Bezmədən, usanmadan duaya davam etməliyik.
Bu vəziyyəti Mövlana həzrətləri çox ibrətli bir hekayə ilə belə nəql edir:
Dua edənin “Rəbbim” deməsi Allahın “buyur, ey qulum” deməsidir... Bir nəfər hər gecə qalxıb Allahı zikr və dua edirdi. Bir gün şeytan ona vəsvəsə edib dedi: “Ey Allah çox zikr edən adam, bütün gecə Allah deyib çağırmağın müqabilində sənə “buyur” deyən varmı? Heç bir cavab almadığın halda nə vaxta qədər dua edəcəksən?”.
Həmin adamın qəlbi qırıldı, başını qoyub yatdı. Yuxuda ona belə dedilər: “Özünə gəl, oyan! Nə üçün duanı, zikri tərk etdin? Nədən usandın?” O: “Bugünə qədər buyur deyə bir cavab almadım, qapıdan qovulmaqdan qorxuram”,- dedi. Bu zaman belə deyildi: “Sənin Allah deməyin Onun buyur deməsi sayəsindədir... Sənin yalvarman Allahın sənin ruhuna xəbər uçurmasındandır. Sənin çalışmaların, səylərin, çarə axtarmağın Allahın səni özünə yaxınlaşdırması, ayaqlarındakı bağları açmasıdır... Sənin qorxun, sevgin, ümidin Allahın lütfünün kəməndidir. Sənin hər “Ya Rəbb” sözünün altında Allahın “buyur” deməsi var...
Qafilin, cahilin canı bu duadan uzaqdır. Çünki ona “Ya Rəbb” demə icazəsi verilməyib. Ağzında, dilində kilid var… Başına bəla gələndə ağlayıb, sızıldamaması üçün Allah ona dərd, qəm, ağrı və kədər vermədi… Buradan başa düş ki, Allaha dua etmənə, Onu çağırmana səbəb olan dərd dünya səltənətindən daha üstündür…
Dərdsiz dua soyuqdur. Dərdli ikən edilən dua könüldən qopar…
- Müsəlmanın dilindən düşürməyəcəyi dua nə olmalıdır?
- Hz. Peyğəmbərin 24 saatına baxmaq lazımdır. Onun hər hərəkəti, halı dua idi. Onun dualarını həyata tətbiq etməli, necə dua edibsə, elə dua etmək lazımdır.
Yenə Mövlana bu xüsusda belə deyir: “Peyğəmbərlərin duasını öyrənib onları etmək lazımdır. Çünki Peyğəmbərlərin duası səmalarda o qədər məsafəni qət edərək Uca Allahın dərgahına necə çatacağını bilir”.
Məsələn, Hz. Adəmlə Həvva anamız cənnətdən dünyaya endirildikləri zaman çox nəzakətli şəkildə bağışlanmalarını istəmişdilər:
“Ey Rəbbimiz, biz nəfsimizə zülm etdik. Əgər bizi bağışlamazsan, ziyana uğrayanlardan olarıq”. İşlədikləri xətaya o qədər peşman olmuşlar ki, birbaşa bizi bağışla demirlər, həya edirlər. “Əgər bağışlamazsan, ziyana uğrayanlardan olarıq”, sözü istəyin ən aşağı mərtəbəsidir sanki.
- Çox dəyərli vaxtınızı bizə ayırdığınız üçün oxucularımız adından sizə təşəkkür edirik. Görüşmək ümidilə...
- Əslində, oxucularımızla bir daha görüşmə fürsəti verdiyiniz üçün mən təşəkkür edirəm. İcazənizlə son söz yerinə ağzı, könlü dualı insanın varlığın əsl mahiyyətini idrak edən insan olduğunu, duasız insanınsa öz varlığı daxil olmaqla kainatdakı heç bir varlığın var olma sirlərini idrak edə bilməyən insan olduğunu unutmayaq demək istərdim. Əks halda bu idraksızlıqdan biganəlik, şüursuzluq, narazılıq, inkar, qəlbi qəflət, üsyan çıxar... Yaradanla əlaqələr kəsilər. Rəbbimiz dilimizi duadan, qəlbimizi yalvarışdan uzaqlaşdırmasın. Amin.
ŞƏRHLƏR