ƏLİABAD KƏNDİNİN MƏRHUM ASAQQALI ƏMRULLAH DAYI

ƏLİABAD KƏNDİNİN MƏRHUM ASAQQALI ƏMRULLAH DAYI

     - Əmrullah dayı! Zəhmət olmasa əvvəlcə özünüz haqda məlumat verin.

     - Adım Əmrullah, 1930 təvəllüdlüyəm. Dindar bir ailədə dünyaya göz açmışam. Atam da, anam da ibadət əhli idilər. Namazı, orucu uşaqlıq illərimdə atamdan öyrənmişəm. Dinə həvəsli olduğum üçün hər kəs mənə molla deyirdi.

 Allaha şükür, 5 yaşımdan bəri namaz qılmışam. Oruc tutmağa da uşaq yaşlarımdan başlamışam. Çox çətinlik çəkmişik, amma əlimizin zəhməti ilə dolanmışıq. Çörək dalınca Gürcüstana belə getmişik. Heç vaxt dini etiqaddan ayrılmamışıq. Ən əsası da odur ki, halal qazanıb, halal yemişik. Evimizə haram tikə girməyib.

     - Bəs Dini təhsili harada almısınız?

     - Bizim vaxtımızda indiki kimi dini sahədə azadlıq yox idi. Ona görə də hər hansı bir dini müəssisədə mədrəsə təhsili almamışam. Evimizdə Quran oxuyanlar olduğuna görə, mən də uşaqlıqdan Quran oxumağı onlardan öyrənmişəm.

     - Bu bölgədə böyük alimlər, övliyalar yaşayıb. Onlardan tanıdığınız varmı?

     - Əlbəttə. Allah dərəcəsini artırsın! Rəhmətlik Nasuh Əfəndi vardı Muxax kəndində. Kahov Əfəndi vardı Zaqatalada.

     - Nasuh Əfəndi ilə necə tanış oldunuz?

     - Bizim kənddə Məhəmməd dayı vardı. Onunla Muxaxa getmişdik. Nasuh Əfəndini orada gördüm. İlk tanışlığımız təqribən 1962-ci ildə oldu. Onun alim olması ilə bərabər, həm də bir mürşid olduğunu öyrəndim. Onunla “əl tutdum”. Sonra İslam dayını, Nəbi dayını da özümlə apardım. Daha sonra Seyfulla dayı da bizə qoşuldu. Tez-tez Nasuh Əfəndini “Sadaqa” məclislərimizə dəvət edərdik. O da bizi qırmaz, iştirak edərdi. Mübarək gecələrdə Əfəndinin evində toplaşardıq. Ondan öyrəndiklərimizi getdiyimiz hər yerdə öyrətməyə çalışırdıq. Həftədə 2 dəfə cümə axşamı və bazar günləri gecə “Salavat" məclisləri keçirərdik. Dini söhbətlərə çox qulaq asmışıq. Axır zamandan, qiyamət əlamətlərindən rəhmətlik Əfəndi çox danışardı.

     - Eşitdiyimizə görə, Sizə həm də müəzzin deyirlər.

     - Uzun müddət məsciddə müəzzinlik etmişəm. Adı batmış Sovet hakimiyyəti vaxtında bizim məscid anbar idi. O vaxt biz cümə namazını qılmaq üçün Tala məscidinə gedərdik. Sovet İttifaqı dağılandan sonra məscidimiz açıldı. O vaxtdan müəzzinlik edirəm. Əvvəllər mikrofon yox idi. Minarəyə çıxmalı olurduq. İslam, Nəbi, Seyfulla və mən hərəmiz bir həftə boyu 5 vaxt azanı minarədən oxuyurduq. Səsimiz gur olduğu üçün oxuduğumuz azanın səsi ətrafdakı kəndlərə gedib çatırdı. 25 ilə yaxındır ki, mən hər cümə günü azan oxuyuram.

     - Əmrullah dayı, neçə övladınız var?

     - Altı oğlum, dörd qızım var. Maşallahlar olsun, hamısı Quran oxuyub namaz qılandı.  Əlhəmdulillah. Allah bərəkət versin, 29 nəvəm, 22 nəticəm var. Şükür Allaha! İndiyə kimi də mənim hörmətimi saxlayıblar. Onlardan çox razıyam. Heç vaxt sözümdən çıxmayıblar.

     - Bir ağsaqqal kimi bizə nə nəsihət edərdiniz?

     - İlk növbədə tövsiyə edərdim ki, heç vaxt Allahı unutmayın. Allah həmişə Onu unutmayanlara yardım edir. Sən Onu tanıyırsansa, O da sənə həmdəm olur. Həmişə Allaha təvəkkül edin. Allaha təvəkkül etsəniz, bütün işləriniz asanlaşar. Bir də elmə çox fikir verin. İndiki zamanda hər şey asandır. Bizim zamanımızda çox çətin idi. Məhdudiyyətlər var idi. Biz indiki kimi dini rahat öyrənə bilmirdik. İndi isə dini öyrənmək üçün gözəl imkanlar var. Çalışın, bu imkanlardan  gözəl istifadə edin. Sizdən çox razıyam. Allah da razı olsun!

     - Təşəkkür edirik. Allah razı olsun!

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz