ÇOX QƏRİBƏDİR, BİZ BELƏYİK...
Çox qəribədir, biz heç nə etmədən çox şeyə nail olmaq istəyirik. Zəhmət, əziyyət çəkmədən, tər tökmədən çox qazanmaq istəyirik. Oxumadan alim olmaq istəyirik. Kitabı əlimizə almadan, kitab oxumadan, barmağımız kitabın vərəqlərinə toxunmadan özümüzü bilikli hesab edirik.
Özümüzü çoxbilmiş kimi, çox şeydən xəbərimiz varmış kimi göstəririk. Söhbət etməyi bacarmadığımız halda, sözə diqqətli olduğumuzu nümayiş etdiririk.
Çox qəribədir ki, özümüzü çox səmimi göstəririk. Halbuki içimizdəki həsəd, paxıllıq bizim gözlərimizdən od kimi püskürür. Dostumuzun, yoldaşımızın nailiyyətlərinə saxta gülüşlərlə, dilucu təbrik etməklə, guya, buna çox sevinirik. İçimizdən biri qabağa getməyə başlasa, dərhal paxıllığını çəkirik. Lakin üz-üzə söhbət edəndə ona bol-bol uğurlar arzulayırıq. Səmimiyyətdən dəm vururuq, amma bunda da səmimi deyilik. Üzümüz saxta gülüşlərlə bəzənir. Amma içimiz paxıllıqdan od tutub yanır.
Çox qəribədir, biz özümüzü müsəlman hesab edirik, ancaq dilimizə kəlmeyi-şəhadəti gətirməmişik. Bu bir yana qalsın, heç onun mahiyyətindən də xəbərimiz yoxdur. Özümüzə müsəlman deyirik, ancaq namazımız, orucumuz, zəkatımız, həccimiz yoxdur. Əlimiz Allahın dərgahına bir dəfə də olsun açılmır. Dilimiz Allahın adını anmır. Özümüzü müsəlman sayırıq, duanı içki məclislərində edirik. Ürəkdən "səmimi" hisslərlə yoldaşlarımıza can sağlığı arzulayırıq. Beynimiz dumanlanıb, gözümüz ala-toran görəndə, hətərən-pətərən danışanda Allahın adını dilimizə gətirib bolluca dua edirik. İçki məclisləri, sanki, duanın qəbul olması üçün bir xüsusi məkan sayılır.
Çox qəribədir ki, biz dua etmədən Allahdan bütün arzularımızın həyata keçməsini gözləyirik. Əlimiz bir dəfə də göyə açılmadan Allahdan dualarımızı qəbul etməsini istəyirik. Bolluqda Allahı yaddan çıxarırıq, qıtlıqda Allahı yada salırıq, köməyə çağırırıq. Allaha şükür etmirik, ancaq istəyimiz qədər Allaha asilik edirik. Allahın əmrinə uymuruq, ancaq yeri gələndə, Allahı "borclu" çıxarırıq. Bəxtimizdən şikayətlənirik. Dünyanın bütün naz-neməti bizə verilsə də, yenə tamahkarlıq edirik. Ancaq özümüzü düşünürük. Başqalarını düşünmürük.
Çox qəribədir, namaz qılmadan, oruc tutmadan, zəkat vermədən, həcc etmədən cənnətə girmək istəyirik. Özümüzü təmiz hesab edirik. Günahın içində boğula-boğula heç bir günahımızın olmadığını iddia edirik. Ən əsası da, ürəyimizin təmiz olduğundan dəm vururuq. Çox yaxşı insan olduğumuzu düşünürük. Həmişə pis olanlar başqalarıdır deyə öz-özümüzə fikirləşirik. Ürəyimiz genişdir, ancaq yolda bir dilənçiyə 20 qəpik verməyin büdcəmizin azalmasına səbəb olacığını düşünürük. Amma 40-50 manatlıq şalvarı, 50-60 manatlıq ayaqqabıları və daha başqa bahalı paltarları alıb geyinməyi israf hesab etmirik. Möhtaca bir manat verməyi çox görürük, lakin siqaretə, içkiyə və başqa-başqa lüzumsuz və zərərli şeylərə ətək-ətək xərclədiyimiz pulları hesaba almırıq.
Çox qəribədir ki, Allah yolunda infaq etmək, sədəqə vermək lazım olanda dərhal bizim bütün ehtiyaclarımız gözümüzün qabağında canlanır. Amma əyləncələrə, boş-boş mənasız şeylərə pul xərclənəndə isə ehtiyaclarımız ağlımızdan belə keçmir. Bir çeşid yeməklə doyduğumuz halda, süfrəmizə müxtəlif çeşid yeməklər düzürük. Qarnımız doyduğu halda gözümüz doymur.
Çox qəribədir, yoxsul olduğumuz halda, zənginlərlə yarışırıq. Zəngin dəbdəbəli toy edir deyə, biz də ondan əskik deyilik ki- deyib, ondan da dəbdəbəli toy etməyə cəhd edirik. Bir sadə üzüyü almağa gücümüz çatmadığı halda, toyumuzda ən bahalı müğənnilər oxuyur. Borc-xərc edib toyumuzu ən bahalı restoranlarda edirik. Stolun üstündə bütün naz-nemətlərdən, dadlı təamlardan düzürük. Məclisdən sonra toy dəftərini açıb kimin nə qədər pul yazdırdığına baxırıq. Az yazanlara burnundan gəlsin deyə bəddua edirik, çünki toy xərcimizi çıxara bilmirik. Toydan sonra bir il ərzində də borcumuzu təmizləməyə çalışırıq. Krediti kreditə calayırıq. Birini götürüb, o birini bağlayırıq. Qız köçürəndə ən bahalı mebelləri alırıq. Müasir mebellərlə evimizi bəzəyirik. Lakin xirtdəyə qədər borc-xərcin içində boğuluruq. O qədər borca giririk ki, öləndə belə bu dünyadan borclu köçürük.
Çox qəribədir ki, şəhərdə yaşayırıq, lakin üst və alt mərtəbədəki qonşumuzu tanımırıq. Bu hələ harasıdır, qapıbir qonşumuzun kim olduğundan xəbərimiz yoxdur. Evimizdə bişirdiyimiz yeməklərin qoxusu ilə onları narahat edirik, ancaq ikram etmirik. Qonşumuzun aclığından, toxluğundan xəbər tutmuruq. Evlərinə getmirik, onların da evimizə gəlməsini istəmirik. Qonşumuza hədiyyə, pay vermirik, onlardan pay almırıq, hədiyyə qəbul etmirik.
Çox qəribədir, çox təkəbbürlüyük. Qürurumuzu sındırmarıq. Amma yeri gələndə yaltaqlanmağı, hiylə qurmağı tülküdən də yaxşı bacararıq. Valideynlərimizə sağlığında xidmət etmirik. Onların üzərimizdəki haqlarına riayət etmədiyimiz azmış kimi, üstəlik haqsızlıq da edirik. Bəzən onları borclu çıxarırıq. Onların sağlığında övladlıq borcumuzu yerinə yetirmədən, vəfat edəndən sonra övladlıq borcu deyib onlar üçün yas saxlayırıq. Sağlığında valideynlərimizlə küsülü qalıb, onlar vəfat edəndə üz-başımıza vura-vura nalə çəkirik. Atalarımız ilə küsülü ola-ola toyda ata muğamatını sifariş verib qulaq asa-asa göz yaşı tökürük. Qoy görsünlər ki, atamızı nə qədər sevirik.
Çox qəribədir, həqiqətən, biz beləyik...
ŞƏRHLƏR