REPOPTAJ/ Araşdırmaçı-yazar Abdülkerim ERDOĞAN

REPOPTAJ/ Araşdırmaçı-yazar Abdülkerim ERDOĞAN

İrfan: Öncə ölkəmizə xoş gəlmisiniz deyirik. Bilirik ki, Abdülkərim bəy bir yerə təşrif buyurmuşsa, mütləq faydalı bir səbəbi var. Azərbaycana gəliş səbəbiniz nə oldu?

Abdülkerim Erdoğan: Bəndəniz də sizinlə xoş oldum. Gözəlliklər sizdən qaynaqlanır. Bildiyiniz kimi bu torpaqlar “Anadolu Sevdası”nın cücərdiyi və könül sultanlarının gül ətirli diyarıdır. Anadoludan əvvəl vətənimiz olub, “Yuxarı ellər” olaraq bizim Yunusun gəzib-dolaşdığı diyardır.

 Həzrət Mövlana buyurur ki, “Bir məmləkətə səyahət edəcəyiniz zaman niyyətiniz o bölgənin mənəvi sultanlarını ziyarətə gedirəm deyin. Digər məqsədiniz də beləliklə hasil olar”. Mən də bugünə qədər səyahətlərə həmin niyyətlə çıxmışam. Buraya gəlişimizdən məqsəd də bu torpaqları irfanı ilə şərəfləndirən Seyyid Yəhya Bakuvi (Şirvani) həzrətlərini ziyarət etmək və onun himmətinə nail olmaqdır. Həzrətin vüsləti-Rəhmana qovuşmasının 500-cü ilində yad etmək məqsədi ilə Azərbaycan Hökuməti və Qafqaz Araşdırmaları İnstitutu tərəfindən Pir Məhəmməd Bəhaəddin Ərzincanlı haqqında məruzə oxumaq üçün dəvət edildik. Əslində bəndənizi Seyyid Yəhya Bakuvi, Pir Ömər Xəlvəti, Hazı İzzəddin və Şeyx Zahid Gilani həzrətləri çağırdı. Həmçinin buradakı “doğma qardaşlar”ımla görüşmək və burada bizə təyin edilən ruzimizi yeməyə gəldik. 

Bildiyiniz kimi Anadoluda Xəlvətiliyin öndəri olan Pir Məhəmməd Bəhaəddin Ərzincani həzrətləri Seyyid Yəhya Bakuvinin (q.s) xəlifəsidir. Pir Məhəmmədin doğulduğu Ərzincanın “Kələriç” (Karakaya) bölgəsində XV əsrdən günümüzə qədər “Muhammədi eşq ocağı” yanmaqdadır. Beləliklə “Arzın canı” olaraq vəsf edilən Ərzincan ilə Həzrət Pirin diyarı olan Bakını da görmək qismət oldu.

Doç. Dr. Mehmet Rıhtım bəyin səyləri ilə Şamaxının Avahil kəndində Pir Ömər Xəlvəti ilə Şeyx İzzəddin həzrətlərinin türbələri ilə cə Qafqaz cəbhəsində şəhid olan Osmanlı əsgərləri şəhidliklərini ziyarət etdik. Daha sonra Muğan düzünün mənəvi dayağı olan Həzrət Şeyx Zahid Gilaninin Lənkəranın Şıxkəran kəndindəki türbəsini ziyarət etdik. Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edərək və İctimai televiziyada çıxış edərək Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu ilə qafqaz Universitetini ziyarət etdik. Uzun sözün qısası, burada keçirdiyimiz bir neçə günü səmərəli keçirdik.  Hal-hazırda da sizin sevgi dolu irfan ocağınızdayıq.  

İrfan: Ölkəmizi necə gördünüz, ayrılarkən hansı təəssüratları yaşayırsınız?

Abdülkerim Erdoğan: Azərbaycanda ilk dəfə qonaq oluram. Bu barədə fikir bildirmək ev sahibinə qarşı ədəbsizlik olardı. Azərbaycan dövlətindən və xalqından bir diləyim var. Həzrət Pirlərin və şəhidlərin ruhaniyyətinin inciməməsi üçün Bakıdakı “Şəhidlər Məscidi”nin tezliklə ibadətə açılmasıdır.

İrfan: Mənəviyyat sultanlarına olan sevginizdən və marağınzıdan söz açdınız. Yeri gəlmişkən, Türk tarixində mənəviyyat memarlarının rolu nə olmuşdur?

Abdülkerim Erdoğan: Bildiyiniz kimi Türk-İslam tarixində mənəvi memarlar fəthlərin də mənəvi fatihləridir. Bunun ən gözəl nümunəsi Fateh Sultan Mehmed xanla Hacı Bayram Vəli həzrətlərinin xəlifəsi Ağşəmsəddin həzrətləridir. Əsrlər uzunu İslam dünyasının diqqət mərkəzində olan İstanbulun fəthi bu iki ərin ortaq hərəkət etməsilə reallaşmışdır. Hər sultanın, hər bəyin bir könül sultanı ilə mənəvi bağı olmuşdur. Bu mövzuya saysız nümunələr göstərmək mümkündür. Qüdrətli və adil bir sultan bir könül sultanının bəndəsi olmuşdur. Onun söhbətləriylə və işarətləriylə rəiyyətinə xidmət etmiş, süvgi mədəniyyətini qurmuşdur. Müvəffəq olmuş türk dövlətlərində bunun örnəkləri çoxdur.

İrfan: Bu mənada Azərbaycanın könül ərləri hansı sırada yer alır?

Abdülkerim Erdoğan: Könül ərləri təsəvvüf tarixində “ricalul-qeyb” adlanan, yəni “qeyb ərləri” də deyilən mənəvi məclisin bir üzvüdürlər. Eyni zamanda elmi-lədunun sultanı olan bu ərlər mənəvi təsərrüf sahibidirlər. məşrəb və məzhəbləri “Muhammədi” olan Haqq dostları üçün zaman və məkan məfhumu olmadığına görə ayrı-seçkilik etmək və öncəlik vermək çətindir. Bu, zamanın qütbü və imamının biləcəyi bir məsələdir. Məsələn, Seyyid Yəhya Bakuvi həzrətləri Azərbaycanda yaşamasına baxmayaraq yuxu vasitəsilə Ərzincandan dəvət etdiyi Pir Məhəmməd Bəhaəddin həzrətlərini Şirvana çağıraraq irşad edib Anadoluya göndərmişdi. Eyni zamanda Anadolunun mənəvi himayədarı olaraq məşhurlaşan Hacı Bayram Vəli həzrətlərinin silsiləsi Zahid Gilani həzrətlərinə qədər gedib çıxır.

İrfan: Bu gün Türk dünyasının birlik və bərabərliyi üçün hansı addımlar atılmalıdır? Bu xüsusda nələri tövsiyə edərdiniz?

Abdülkerim Erdoğan: Türk dünyasının mayası İslamdır. İslamın əsası da Muhammədi eşqdir. Muhammədi eşqin nüvəsi tövhiddir. Birlik əsasdır. Bunun təməli sevgi və qardaşlıqdır. Allah üçün sevmək və Onun rizasını qazanmaq naminə çalışmaqdır. Könül sultanlarımız bu məqsədi təkə düşürmüş və “İlahi məqsədim sənsən, rizası istərəm”,- buyurmuşlar. Mövla razı qaldıqdan sonra insan mərd olar. Mərdlik libası da ancaq bir “mərdanı-mərd”in himməti ilə geyilir. Yəni hər şeyini Allahın yaratdıqlarına vəqf edən “Haqq dostları”nın irfan süfrələrindən doyan könül ərlərinin söhbətləriylə qidalanan “ər kişi”lərin saylarının artmasıyla mümkündür. Yaşadığımız tarix bunun ən gözəl nümunələri ilə şərəflənmişdir. “Alp” “igid”, “ərən”sə canını və varını vəqf edəndir. Bu iki xislət birləşdikdə “alpərən” olmuşlar. Yunus Əmrə “Yaradılanı sevəriz Yaradandan ötürü” deyərkən bizə sevginin əsasını tərif edir və “bir könülə girməyi” dünya və axirət tacı sayır. Könül isə bir mürşidi-kamilin eşq dəftərinə yazılmaqdır.

İlk növbədə Türk dünyasında könül körpüləri qurulmalıdır. Könül körpüsü qurulmadıqca mənfəət körpüləri qurular. Bu körpülər də zamanla yıxılmağa məhkumdur. Yaşanan tariximizdə bunun misalları çoxdur. Tarixdə qurulmuş bütün türk dövlətləri “sən-mən” qovğaları nəticəsində yıxılmışdır. Sözün qısası, “mənlik dağları” çapılaraq, yerinə “Muhammədi sevgi”nin toxumları əkilməlidir. Bu toxumları cücərdəcək və boya-başa çatdıracaq olanlarsa “irfan məclisləri”nin arifləridir. Zamanın arifləri ilə yaxınlıq qurmaq vacibdir.

İrfan: Çox dəyərli vaxtınızı bizə ayırdığınıza görə təşəkkür edirik!

Abdülkerim Erdoğan: Bəndəniz də sizinlə tanış olmaqdan və sizin “Yuxarı ellər”dəki xeyirxah xidmətlərinizdən məmnun oldum. Mövlam xidmətlərinizi daim rizasına uyğun bir əməl qəbul etsin. Xoş olun, xoşca qalın!..

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz