NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA EBRU SƏNƏTİ
İncəsənətin ən maraqlı, əsrarəngiz və heyrətamiz sahələrindən biri də Ebru sənətidir. Ebru su üzərində naxışdır. Ebru Allahın insanlara bəxş etdiyi möcüzə, Onun qüdrət əlamətlərindən biridir.
Ebru sənəti rəssamlıqdan fərqlənən bir sahədir. Rəssam düşündüyünü, görə bilmək istədiyini çəkir. Ebruda isə əvvəlcə suyun üzərində rəngbərəng naxışlar, rəsmlər çəkilir. Sonra kağız suyun üzərinə qoyulur və rəsmlər olduğu kimi kağız üzərinə köçürülür. Rəsmlər suyun üzərində necə varsa, eyni şəkildə də kağızda əks olunur. Şəkilləri parça, taxta, keramika, şüşə üstünə də köçürmək mümkündür.
Nəqqaş hansı əhval-ruhiyyədədirsə, bu hiss və duyğular şəkildə öz əksini tapmış olur. Bir sözlə, Ebru insanın hisslərini ifadə edir və insan özü də Ebruda əks olunur.
Araşdırmaçılar Ebrunun yaranma məkanını – vətənini təyin etməkdə çətinlik çəkirlər. Bu baxımdan, ölkələr arasında Türküstan (Orta Asiya), Çin, Yaponiya, İran, Hindistan, Pakistan və hətta qədim Misirin də adı çəkilməkdədir.
Ebrunun yaranma dövrü də mübahisəlidir, dəqiq müəyyənləşdirilməmişdir. Əksəriyyət onun dünya səhnəsinə gəlişini 12-ci əsrə aid edir. Ebrunun 16-cı əsrdə İpək Yolu ilə Azərbaycana, buradan da Türkiyəyə keçdiyini söyləyənlər də vardır.
Ancaq, hər halda Ebrunun yaranma tarixi daha qədimlərə gedib çıxır. Belə ki, dahi alim və şair Nizami Gəncəvi “Xosrov və Şirin” poemasının “Şapurun Şirini tərifi və Xosrovun ona aşiq olması” hissəsində (səhifə 62, 1983) rəssam Şapur haqqında danışarkən yazır:
Şapur adlı ona yaxın bir adam,
Məğribdən Lahura gəzmişdi tamam.
Nəqşində Maninin şöhrəti vardı,
Rəsmində İqlidis qüdrəti vardı.
Zirək, şəkil çəkən, qələmi iti,
Xəyalən çəkərdi min bir surəti.
İncə, zərif işdə xeyli pərgardı,
Suların üstündə naxış salardı.
Yəni, Xosrovun yaxın dostu Şapur Məğribdən Lahura (Məşriqə) qədər bir yol keçmişdi, gəzmişdi, səyahət etmişdi. Onun nəqşində – surət və təsvirlərində nəqqaş Maninin şöhrəti, rəsmində yunan alimi, “Həndəsənin Atası”, məşhur “Əsaslar” kitabının müəllifi İqlidisin (Evklidin) qüdrəti görünməkdəydi. Zirək şəkil çəkir, qələmi itiydi; xəyalən min bir surət çəkirdi. İncə, zərif işi görməkdə çox bacarıqlıydı, suların üstündə naxış salırdı, rəsm əsəri meydana gətirirdi.
Gördüyümüz kimi son beytdə söhbət Ebru sənətindən gedir. Dahi Şairimiz su üstündəki naxış sənətini – Ebrunu incə, zərif iş adlandırır. Bu, həqiqətən də belədir.
Nizami Gəncəvi zamanında, Gəncə şəhərində Ebru sənəti vardı, tanınırdı, inkişaf etmişdi ki, dahi şairimiz bunu da unutmamış, xalqımıza məxsus olan bir incəsənət növü kimi öz məşhur əsərində əks etdirməyi lazım bilmişdi. Deməli, Ebrunun tarixini söyləyənlərdən fərqli olaraq, deyə bilərik ki, bu sənət Azərbaycan ərazisinə 16-cı əsrdə gəlməmişdi; o artıq 12-ci əsrdə var idi, təşəkkül tapmışdı. Bu səbəbdən də biz, Ebrunun Azərbaycandakı tarixini 4 əsr keçmişə çəkmiş oluruq.
Ancaq bununla da kifayətlənmirik. Belə ki, əsərin qəhrəmanlarından biri Xosrov Pərviz tarixi şəxsiyyətdir və 591-628 illərdə Sasanilər dövlətinin hökmdarı olmuşdur. Əgər rəssam Şapur Xosro-vun yaxın adamı, dostu idisə, bu o deməkdir ki, onun məşğul olduğu “incə, zərif iş” – Ebru hələ 6-7-ci əsrlərdə mövcud idi. Nizami Gəncəvi özündən cəmisi 6 əsr əvvəlki dövrün mənzərəsindən xəbər vermişdi. Bu elə bir dövr idi ki, Azərbaycan Sasanilər dövləti tərəfindən işğal olunmuşdu. Araşdırmaçılardan bir qismi Ebrunun İran ərazisindən çıxdığını da söyləmişlər. Bu da həqiqətə uyğundur. Çünki, bəşəriyyətə bəllidir ki, qədim şəhərimiz Təbriz tarixən elm, mədəniyyət, incəsənət ocağı olmuşdur. Bu füsunkar şəhərdə incəsənətin, rəssamlığın, memarlığın, nəqqaşlığın, heykəltaraşlığın və nəhayət, Ebrunun Təbriz Məktəbi fəaliyyət göstərmişdir. Təbriz ustalarının, memar və rəssamlarının səsi dünyanın daha hansı yerindən gəlmir ki. Təbriz Xosrov Pərviz zamanında da, elə bu gün də İranın işğalı altındadır. Deməli, İran ərazisindədir. İran ərazisindən yazırlar, ancaq hansı şəhərdə, hansı xalq tərəfindən yaradıldığı haqqında susurlar. Bu gün mən qətiyyətlə deyə bilərəm ki, ecazkar Ebru sənətinin vətəni Azərbaycan Türklərinin Ana Şəhəri olan Təbrizdir. Bir sözlə, Ebru Təbriz Nəqqaşlıq Məktəbinin yetirməsidir
Nizami Gəncəvi rəssam Şapurun Məğribdən Lahura (Məşriqə) qədər gəzdiyini yazır.
Məğrib ölkələri şimali Afrikanın qərb hissəsində yerləşir. Buraya Mərakeş, Əlcəzair, Tunis və Liviya əraziləri aiddir. Lahur, yaxud Lahor Pakistanın ikinci böyük şəhəridir və Hindistan sərhədindən bir neçə kilometr məsafədə yerləşir. Yəni, Ebru sənətinə malik rəssam Şapur Məğribdən Məşriqə qədər bir yol keçmişdir. Bu o deməkdir ki, Ebru Təbriz şəhərində azəri türklər tərəfindən icad edildi, sonra Məğribdən Məşriqə qədər olan bir ərazidə tanındı, yayıldı. Bu coğrafiyada Türkistan da var, Çin, Hindistan, Yaponiya, Misir də.
Bütün bu dediklərimizi nəzərə alsaq cəsarətlə nəticə çıxara bilərik ki, Ebru Azərbaycana gəlmə deyil – doğmadır. Azərbaycandan dünyaya yayılmışdır. Və onun yaranma tarixi ən azı 6-7-ci əsrlərə dayanır.
Bu yerdə bir tarixi faktı da qeyd etmək yerinə düşər: Qədim Buxara məşhur Nəqşbəndi təriqətinin yarandığı şəhərdir. Təriqətin qurucusu Bəhaəddin Nəqşbəndidir. Bu məşhur İslam alimi 14-cü əsrdə (1318-1389) Buxarada doğulub, yaşayıb yaratmış, burada da dəfn olunmuşdur. Nizami Nurlu Səyahətim zamanı, 1990-cı ildə Buxarada olarkən, Buxaralı ziyalı qardaşlarımın təklifi ilə mən bu gün dünyada ən böyük İslami Təriqət olan Nəqşbəndi Təriqətinin qurucusu Bəhaəddin Nəqşbəndi Həzrətlərinin məzarını ziyarət etmişdim.
Nəqşbəndilər öz əlinin zəhmətilə dolanmağı üstün tutur və bunu da təbliğ edirdilər. Hz. Nəqşbəndi özü nəqqaşlıq sənəti ilə, xüsusən su üzərinə naxış salma sənəti ilə məşğul olmuşdur. Nəqşbəndi adı da elə bununla bağlı yaranmışdır.
Türkiyə tarixçilərindən Ebrunun 16-cı əsrdə onlara İrandan keçdiyini yazanlar var. O zaman İran adında dövlət yox idi – Səfəvilər adlı bir Türk Dövləti vardı. Şah İsmayılın Çaldıran savaşında (1514) I Sultan Səlimə məğlubiyyətindən sonra Təbrizli incəsənət ustalarından ibarət bir dəstə İstanbula köçürülmüşdür. Beləcə Ebru da onlarla birlikdə o zamanın Osmanlı, bu günün isə Türkiyə dövləti ərazisinə gəlmişdir.
Son illərdə Ebru yenidən öz mənşəyinə – Azərbaycana dönmüşdür. Ölkəmizdə artıq Türkiyə ali məktəblərində təhsil almış gənc mütəxəssislərimiz fəaliyyət göstərməkdə, Ebru incəsənətinin sirlərini insanlarımıza öyrətməkdədirlər.
ŞƏRHLƏR