AİLƏ DÖVLƏTİN, ƏMƏL AİLƏNİN TƏMƏLİDİR
Ailə dövlətin təməli olduğu kimi, insanlığın, bəşəriyyətin də davamı üçün çox önəmli bir ünsür, hamının rahatlıqda sığınıb isindiyi bir yuvadır. Əgər ailə sağlam olmasa və yaxud ailə məfhumunda problem olarsa, demək, o dövlətdə də porblemlərin olması qaçınılmazdır.
Ailə dövlətin təməli olduğu kimi ailənin də təməli ana və atadır. Bu zaman təbii ki, ana və ata sağlam olmalıdır ki, o ailə sağlam olsun. Cəmiyyət nə qədər çirkli olsa da, əgər ana və ata sağlamdırsa, o övladını ciddi problemlərdən qorumaq gücünə sahibdir. Bunun üçün də valideynlər özlərini daim inkişaf etdirməli və övladlarına vermiş olduğu tərbiyəni ilk öncə özləri əməl eməlidir. Çünki tərbiyə edilən övlad ona deyilən sözü əvvəl valideyndə müşahidə edir, sonra ona əməl edir.
Valideynin sağlam olması üçün o, digər insanlardaki yanlış olanları deyil, doğru olanları özündə cəmləşdirməlidir. Belə ki, ata öz kişilik özəlliyini təkmilləşdirməli və xanımı həmçin xanımlıq incəlyini mükəmməl etməlidir ki, övladları onların varlığını hiss etsin.
Biz sükanı fırtınalı dənizdə gəmini batırmayan əmin əllərə vermək istəyiriksə, xudbinlikdən, eqoizmdən əl çəkməli, “mən” əvəzinə “biz” deməliyik. Özü yerdə, könlü göylərdə olan bir nəsil üçün, bütün çətinliklərə və yeni fikirlərə açıq olan bir nəsil üçün var olmalı, bəsirətlə yaşamalı və əldə olan imkanlardan son məqamlara qədər istifadə etməliyik.
Ata və analar düşünməlidirlər ki, uşaq gələcəyin sənətkarı, müəllimi, həkimi, alimi və bir dövlət başçısıdır. Uşağın xarakteri ata və ana arasındakı münasibətə əsasən formalaşır. Bir ailədə nələr yaşanırsa, ətrafa da o əks olunacaq. Valideynlərin bir-birinə müraciəti, qarşılıqlı münasibəti uşaqlar üçün ölçüdür. Bunlar hiss olunmadan uşağın xarakterini formalaşdırır. Ata-ana bir-birinə hörmət edir, müraciətlərində xoş sözlər işlədirsə, uşaq da hər birinin yerini buna görə müəyyənləşdirir və onlara qarşı münasibəti də bu ölçülər üzərində formalaşır. Həmçinin kiçiklərə mərhəmət, böyüklərə hörmət etməyi, yoxsullara kömək etməyi həmçinin ac qonşusu olduğu halda ona əl tutmalıdır ki, övlad nümunəvi bir şəxsiyyət kimi yetişsin.
Ata-analar davranışlarını elə nizamlamalıdırlar ki, uşaqlar onları bir dost, sirdaş və bir sevgi örnəyi kimi görsünlər, onlara mələk nəzəri ilə baxsınlar. Doğru sözün yanında doğru hərəkət çox önəmlidir. Uşaq valideynlərinin sözləri ilə əməlləri arasındakı təzadı görərsə, onlara qarşı olan inamı azalar.
Hər bir valideyn unutmamalıdır ki, gözəl güllər münbit torbaqda yetişir. Hər bir valideynin valideynlik vəzifəsi ilk öncə özünü, sonrada onun bu gözəl əməli ilə övladını yetişdirməkdir.
ŞƏRHLƏR