BİR HƏDİS
قَالَ أَبُو هُرَيْرَةَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: {وَاللَّهِ إِنِّي لَأَسْتَغْفِرُ اللَّهَ وَأَتُوبُ إِلَيْهِ فِي اليَوْمِ أَكْثَرَ مِنْ سَبْعِينَ مَرَّةً}
Əbu Hüreyrə (r.ə) Rəsulullahdan (s.ə.s) belə eşitdiyini rəvayət etmişdir: “Allaha and olsun ki, mən hər gün Allaha yetmiş dəfədən çox tövbə və istiğfar edirəm” (Buxari, Dəəvat, 3; İbn Macə, Ədəb, 57).
Günah işlətmək, insanların təbiətində var olan insana məxsus keyfiyyətlərdəndir. İnsanın ruhunda xeyirlə şərr, yaxşılıqla pislik birlikdə mövcuddur. O nə mələk, nə də şeytandır. Ancaq özündə həm mələyə, həm də şeytana məxsus xüsusiyyətlər daşıyan bir varlıqdır. Nəfsinin, şeytanın və bir çox başqa şərr qüvvələrin təsiri ilə insan günah bataqlığına düşərək Allahın qadağan etdiyi əməllərlə məşğul olub, harama meyl edir. Uca Allah belə hallarda da qullarını yalnız qoymur. Onun lütf və mərhəmət qapısı qullarına hər zaman açıqdır. Ancaq Allahın lütf və mərhəmət qapısından tövbə və istiğfar yolu ilə keçmək mümkündür. Tövbə, insanın işlənmiş günahlara arxa çevirməsi yəni günahlardan uzaqlaşması, istiğfar isə “-Allahım! Məni bağışla” deyərək günah ilə arasına sədd çəkməsidir.
Hədisi-şərifdə, keçmiş və gələcək günahları bağışlanmış olan Rəsulullahın (s.ə.s) Allaha hər gün yetmiş dəfədən çox tövbə və istiğfar etdiyini buyurması düşündürücü bir xüsusdur. O, bəşəriyyət üçün hər mövzuda nümunə olması səbəbiylə tövbə və istiğfar mövzusunda da bənzərsiz bir örnək təşkil etmişdir. Quranın bütün əmrlərinə qüsursuz bir şəkildə boyun əyən Allah Rəsulu (s.ə.s), Allahın; “Rəbbinizdən sizi bağışlamasını istəyin sonra Ona tövbə edin!” (Hud 11/3) -əmrini də misilsiz bir şəkildə həyata keçirmişdir. Səhabənin günah nədir? –sualına “Günah vicdanını narahat edən və insanların eşitməsini istəmədiyin bir şeydir.” (Müslim, Ədəb, 5; Tirmizi, Zühd, 52) –cavabını verməklə günahın insanın vicdanına əziyyət verdiyini və vicdanların hürriyyətinə tövbə və istiğfar ilə qovuşacağını bildirmişdir.
İnsanı tövbə etməyə sövq edən xüsusiyyətlərdən biri günaha baxış tərzidir. Günaha rəğbət bəsləyən və günah etməyə həvəs göstərən bir insan nə qədər böyük günah işlətsə də onu kiçik görür və tövbə etməyə ehtiyac olmadığını zənn edir. Həqiqi bir mömin isə günaha rəğbət bəsləməz, işlətdiyi ən xırda xətanı belə böyük günah zənn edər və dərhal Allaha yönəlib tövbə edər. Böyük səhabə Abdullah ibn Məsudun (r.a) bu barədə gözəl bir sözü var. O deyir ki; “Mömin günahlarını xəyalında o qədər böyüdər ki, sanki ətəyində oturduğu dağ indicə üstünə gələcək. Günaha həvəskar insan isə günahlarını burnunun üstündə oturan bir milçək kimi görər.”(Buxari, Dəavat, 4)
Nəticə olaraq, Rəsulullahın (s.ə.s) “Vallahi!” –deyərək tövbə və istiğfar etdiyini qətiyyətlə bildirməsi, müsəlmanların tövbə və istiğfara nə qədər çox əhəmiyyət vermələri lazım gəldiyini bildirməsi mənasında diqqət çəkicidir.
ŞƏRHLƏR