BAYRAM
Dünya həyatında həm nəfsani, həm də ruhani duyğuları təhrik edən təsiredici amillər vardır. Bayramlar bu duyğular arasında insandakı şəfqət, mərhəmət, vəfa və qayğıkeşlik hisslərini canlandırır. İslamda bayramlar insana başqalarını sevindirməyin sevincini də yaşadır eyni zamanda.
Bayram günü kimsəsizlərin, məzlumların və iztirab çəkənlərin könlünü almaqla başlamalıdır. İlk bayramlaşma ən çox yardım və nəvaziş gözləyən keçmişlərimizlə olmalıdır. Bu hal ölülərlə dirilərin görüşməsidir. Fatihələr və sədəqələr hədiyyə olunaraq onlara vəfa borcunun ifasıdır.
Bayram yanıq ürəklərə cənnət sərinliyi verən ilahi bir ziyafətdir. Həmçinin bayram müəyyən bir sinfin şıltaqca yaşadığı, israf çılğınlığı ilə dolu tətil və əyləncə kimi fərdi xoşbəxtlik günləri deyil. Əksinə, sileyi-rəhmə riayət etmək, keçmişlərimizin ruhlarını xeyirlə şad etmək, iman qardaşlığını cəmiyyət çapında yaşatmaq, inciklikləri ortadan qaldırmaq kimi bir çox ictimai ibadətlərin ifa edildiyi müştərək sevinc günləridir.
Bayram sevincinə haqq qazana bilmək üçün bu sevinci cəmiyyət səthinə əks etdirə bilmək, kədərli və iztirablı möminlərin də könüllərini fərəhləndirmək lazımdır. Çünki möminlər fərdi rahatlıq və mənfəət düşüncələrindən sıyrılmadıqca, yəni nəfslərini aşıb ictimailəşmədikcə kamala çatmış sayılmazlar.
Kamil bir mömin yalnız öz evini işıqlandıran bir şam deyil, bütün yer üzündə, dünyası qaralmışların başını comərd ziyasıyla oxşayan, ruhları üşümüş qəribləri müşfiq istiliyiylə qucaqlayan bir şəfqət və mərhəmət günəşi halında insanlığın fəzilət səmasında parlamalıdır. Gerçək bayram səadətinin seyr ediləcəyi ən aydın ayna bayram etdirilən qırıq könüllərdir.
Bunu da unutmayaq ki, keçən Ramazanda həyatda olan dost-tanışlarımızdan, qohum-əqrəbalarımızdan bəziləri artıq aramızda deyillər. Keçən Ramazan onların son Ramazanıydı. Biz də bu məğfirət ayını son Ramazanımız ola biləcəyi şüuruyla qiymətləndirib ondan tərtəmiz çıxmağa cəhd göstərməliyik. Çünki hamımız ilahi imtahan yeri olan bu dünya məktəbinin tələbələriyik. Təhsilimiz əcəl ilə sona çatacaq, əməllərimizlə torpağa basdırılacağıq. Sonra əbədi bir həyat başlayacaq. Orada dünya məktəbinin şəhadətnaməsini alacağıq. Bu səbəblə zahirən nə qədər uzun görünsə də əbədi həyat yanında bir aylıq Ramazandan da qısa olan fani ömrümüzü ilahi əfv şəhadətnaməsini ala biləcək keyfiyyətdə qiymətləndirməyə cəhd göstərək. Ramazan tərbiyəsi altında qazandığımız mənəvi qiymətləri itirməyək. İman və saleh əməl həyatını müəyyən günlərə xas bir mərasim zənn etməyək.
Rəbbimiz hər birimizi qafilləri oyandıracaq, iztirablıları sevindirəcək gerçək bayramın ruhaniyyətinə nail etsin. Dünyadakı hər günümüzü Ramazani-Şərifin feyz və ruhaniyyəti içində yaşamağı qismət etsin. Axirət yurdunu da bizə əbədi bir bayram sevinci etsin…
Amin!
ŞƏRHLƏR