RAMAZANIN ARDINDAN
On bir ayın sultanı olan bir Mübarək Ramazanı ayını da geridə qoyduq. Gəlişi ilə bütün mömün ruhları sevindirdiyi kimi, vəda edişi ilə də yenə mömünləri hüznə və kədərə qərq etmişdir. Yadımdadır hələ Azərbaycanda dini etiqad və sərbəst ibadət etməyə icazə yeni-yeni verilən vaxtlar idi. Ağdaşda Hacı Osman Məscidində hər cümə moizə və xütbə oxuyan mərhum Əhməd baba var idi. O, rəhmətlik Ramazan ayı gəldiyində həmişə sevinclə “Mərhəba Ya Şəhri Ramazan” xütbəsini, ramazan ayı sona yetəndə isə hüzünlü və kədərli bir çöhrəylə “Əlvida Ya Şəhri Ramazan” adlı xütbəni oxuyardı.
Mən o vaxtlar uşaq olduğum üçün bu xütbələri o qədər də başa düşmürdüm. Amma indi yaxşı başa düşürəm ki, o insanlar ramazanın gəlişinə niyə sevinir, ayrılığına isə niyə hüzünlənirdilər. Ama hər gələn gedəcək deyə bir ilahi nizam olduğu üçün ramazanlar da əlbəttə ki, bir gün gələcək və gəldiyi kimi də gedəcəkdir. Mühüm olan bu ramazan mktəbindən önəmli dərslər alıb qalan ayları da o istiqamətdə davam etdirməkdir.
Ramazan ayından alacağımız ilk dərs nəfis tərbiyəsi və səbrdir. İnsan səbr etməyi və nəfsinə hakim olmağı məhz ən gözəl şəkildə ramazanda öyrənir. Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Oruc səbrin yarısıdır.” (Tirmizi) İnsanı daima günaha və pisliyə çəkmək istəyən nəfis, orucla sakitləşir və taqəti qırılır. Bundan başqa oruclu olduğumuzda necə ağzımızdan içəri girənə diqqət ediriksə, ramazandan sonra da halala və harama o qədər diqqət etməli, ağzımızdan çıxan sözlərə də ciddi fikir verməliyik. Ramazanda bizə sataşan və söyən insana “Mən orucam” deyib əhəmiyyət vermirdiksə, digər aylarda da buna daha çox diqqət etməliyik. Burdan belə anlaşılmamalıdır ki, mömünün qüruru olmamalı elə hər kobudluq edənə və ona söyənə qarşı başı aşağı olmalıdır. Bu heç də vüqarlı olmamaq deyildir. Çünki Uca Rəbbimiz də bu haqda belə buyurur; “ ...O mömünlərə cahillər müxatəb olub sataşarlarsa, onlar sadəcə salam deyib keçərlər.” Yəni cahillərə baş qoşmazlar. Yenə bir başqa dərs də yalan danışmamaqdır. Necə ki, oruclu ikən yalan dasnışmaq orucumuza zərər verirdisə, indi isə imanımıza və axirətimizə zərər verdiyini unutmamalıyıq. Bundan əlavə sahur vaxtında necə qalxıb o bərəkətli vaxtdan istifadə edirdiksə, bu gün də o gözəl saatların dəyərini bilməliyik. Necə məscidlərə axın-axın gedirdiksə bu gün də o Allah evlərini doldurub, boş və məhzun vəziyyətdə qoymamalıyıq. Ramazanda necə ikram və lütf edirdiksə, bu aylarda da comərdliyimizi Rəbbimizə göstərməliyik. Fəqir-füğara hər zaman vardır. Onlar ramazanda olduğu kimi bu gün də yeməyə və yaşamağa möhtacdır. Ramazanda necə Quranla bərabərliyimizi təmin etmişdiksə, digər aylarda da bu bərabərliyi davam etdirməliyik. İbadət, zikr, dua və salavatı-şərifələri yenə də çox-çox etməli, bu kimi ibadətləri sadəcə ramazana həsr etməməliyik.
Görürsən ki, ramazan ayı gəlməsi ilə bəzi müsəlmanlar namaz qılıb oruc tuturlar, bu ayın çıxması ilə də təkrar əvvəlki vəziyyətə qayıdırlar. İnsan unutmamalıdır ki, Allah (c.c) hər zaman ibadətə layiqdir və biz son nəfəsə qədər ibadət etməklə əmr olunmuşuq. Müsəlmanlıq bir günlük və ya bir aylıq deyildir.
Yenə biz oruc tutaraq Rəbbimizin nemətlərinin qədrini necə bilirdiksə, bu gün də o nemətləri verəni təzim və şükranlıqla anmalıyıq. İftar süfrələrində necə dost-tanış, qohum-qardaş bir yerə toplaşırdıqsa, digər aylarda da bu kimi toplantılara əhəmiyyət verməliyik. Yaddan çıxarmamalıyq ki, Allahın rəhməti birlikdədir. Bundan əlavə yenə ramazanın son on günlüyündə özümzü necə ibadətə verirdiksə, yenə də dünyanın gəlib-keçici olduğunu axirət hazırlığını etməmiz üçün beş vaxt namazla yanaşı gecə ibadətlərinə də üstünlük verməyə çalışmalıyıq. Bir sözlə ramazan məktəbindən aldığımız dərsləri və gözəl vərdişləri digər aylarda da davam etdirməli, Allahın razılığına nə qədər ehtiyacımız olduğunu düşünərək, haqdan, ədalətdən, doğruluq və səmimiyyətdən ayrılmayaq ki, hər iki dünyada xoşbəxt olaq. Allah (c.c) daha neçə belə ramazanlara yetişməyi hər birimizə nəsib etsin! Amin!
ŞƏRHLƏR