GÜNAHLARIMIZ "FƏXRİMİZDİR"

GÜNAHLARIMIZ "FƏXRİMİZDİR"

Dünyada hər şey ziddiyyətləri ilə bərabər yaradılmışdır. Müsbət və mənfi, yaxşı və pis, sevgi və nifrət, mərhəmət və zülm, savab və günah… Bu xüsuslardan müsbət xarakterliləri həm Allah tərəfindən bəyənilir, həm də bəşəri özəllikləri itirməmiş insanlar tərəfindən xoş qarşılanır, eyni şəkildə mənfi xarakterə malik olanları da Allah və insanlar xoş qarşılamır.

 Məlumdur ki, insanların xəlq edilməsinin əsas səbəbi Uca Yaradanı razı salmaq, Onun göstərdiyi yol ilə getməkdir. Allah insanın qarşısına iki fərqli yol qoymuşdur. Allah yolu və Şeytan yolu. Allah yolunun üzərində savablar vardır və yolun bitiş yeri də cənnətdir. Şeytan yolununn üzərində də günahlar vardır və yol cəhənnəmdə bitər. Allahın insana bəxş etdiyi ən ülvi xüsusiyyət olan ağlı ilə bu yollardan özünə faydalı olanı seçər və bu yöndə yoluna davam edər.

İslam dini günahlardan çəkinərək mənəvi mənfəəti uğrunda çalışıb çabalayanları ağıllı kəslər olaraq adlandırır. Peyğəmbər əleyhissalam belə buyrur: “Ağıllı kəs o kimsədir ki, nəfsinə sahib çıxsın və ölümdən sonrası üçün çalışsın. Aciz kəs də o kimsədir ki, nəfsini duyğularına məhkum edir və Allahdan diləklərlə kifayətlənənir (bunu kifayət görür). (Tirmizi, Qiyamət 25). Deməli, özünü ağıllı qəbul edən hər kəs zərərini istəməz, hər daim faydası üçün çalışar. Bü dünyanın müvəqqəti olduğunu dərk edən hər bir kəs axirətdəki faydası və qazancı üçün çalışar.

Aydın məsələdir ki, cənnətin açarı tövhiddir, Allah yoludur. Günümüzdə qarşılaşdığımız ən kədərli mənzərə odur ki, biz Allah yolu ilə şeytan yolunu bir-birinə qarışdırdıq. Nəyin günah, nəyin savab; nəyin halal, nəyin haram olduğuna heç əhəmiyyət verməməyə başladıq. Günahlar savab, savablar da əlçatmaz oldu.  Bu dünya və müvəqqəti mənfəətlərinə o qədər aşiq olduq ki, hər şeyə bu dünyanın gözü ilə baxmağa və dəyərləndirməyə başladıq. Sevgimiz, bəşəri münasibətlərimiz qısacası, bütün münasibətlərimizi dünyəvi  mənfəət müstəvisində qurmağa başladıq. Mənfəətlərimiz üçün şeytanı dost etdik, günahlarımızı sevdik, gücsüzləri əzdik, yetimləri görmək istəmədik. Sözün əsl mənasında cənnəti deyil, cəhənnəmi seçdik; Allahı deyil, şeytanı seçdik.

Günümüzün xəstəliklərdən biri də günahlarmızla öyünməyimizdir. İşlədiyimiz günahların böyüklüyü fəxrimizi də o nisbətdə artırdı. Övladlarının əliəyriliyi, haqsızlıqları, günahları ataların fəxr mənbəyinə çevrildi. Ancaq bir günah işləmək, xəta etmək, arzu edilməyən və sahibinə də heç bir qiymət qazandırmayan xislətdir. Odur ki, gizli və heç kimin bilmədiyi və görmədiyi yerdə işlənən günahları Allahın örtməsinə baxmayaraq fəzilətli əməl kimi fəxarətlə başqalarına anladan insan əfv olma şansını itirən şəxsdir. Günahları başqalarına anladanlar Allahı və Rəsulunu xəfifə alanlardır. Hər kim dünyada işlədiyi günahı gizləyər, o günahından utanar və xəcalət çəkərsə, qiyamət günündə Allah onu rüsvay etməz. Bu mənada Peyğəmbərimiz (ə.s.s) belə buyurmuşdur:

“İşlədiyi günahı anladanlardan başqa ümmətimin tamamı əfv ediləcəkdir. Bir adam gecə pis əməl işləyər, Allah onun üstünü örtdüyü halda səhər qalxar və:

Ey Filankəs! Mən dünən gecə belə-belə etdim” deməsi açıq günahlardandır. Halbuki Allah onun pisliyini örtdüyü halda gecəni keçirmişdi. Ancaq o Allahın örtdüyünü açaraq sabahlayar.” (Buxari, Ədəb 60)

Bir müsəlman çevrəsindəki insanların işlədiyi günaha görə məsuliyyət daşıyır. Özü əmin olduğu kimi, digər insanların günah işləməsinə mane olmalı və onların şərindən insanların əminlikdə olmasını təmin etməyə çalışmalıdır. Gördüyü xətanı əli ilə, buna gücü yetməzsə dili ilə, buna da gücü çatmazsa qəlbi ilə ona qarşı çıxmalıdır. Günahkar və zalımlar həm özləri üçün, həm də cəmiyyət üçün təhlükə mənbəyi və üz qarasıdır. İmam Qəzzali bu incəliyə necə də diqqət çəkir:

“Bir zalımın qəlbini sevindirmək caiz deyil. Zalımları görmək istəyən qəlbdə müsəlmanlıq nuru qalmaz. Zalıma “Allah sənə uzun ömür versin”,- demək, yer üzündə Allahın qadağalarını tapdayanların artmasını və daim olmasını istəmək deməkdir. Elə isə zalıma əsla dua etməmək və tərifləməmək lazımdır.” (Kimyayı-Səadət əsərindən). Zülm və zalımı, günah və günahkarı görüncə bu həssasiyyət nə qədər ağlımıza gəlir. Zalımların və günahkarların səfindəyik, yoxsa məzlumların və savab əhlinin səfində?

Doğru və yanlışın bir-birinə qarışdığı zəmanədə yerimizi görmək üçün Peyğəmbərimizin mübarək hədisi ilə yazımızı yekunlaşdıraq. O (s.ə.s) belə buyurmuşdur: “İstəməyənlərdən başqa ümmətimin hamısı cənnətə girəcək”. “Kim cənnətə girmək istəməz, Ey Allahın Elçisi?- dedilər. O da: “Mənə itaət edən cənnətə girərlər. Mənə asi olanlarsa cənnəti istəməyənlərdir”. (Buxari, Etisam 2)

Hər bir insan cənnət və cəhənnəmini bu dünyada seçmək hürriyyətinə malikdir. Seçim bizimdir...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz