PALÇIĞA DÜŞƏN QIZILLAR
İnsan Quranın ifadəsilə “ən gözəl şəkildə” yaradılmış bir varlıqdır. Quran Allahın insana ruhundan üfürdüyündən bəhs edir. Həmçinin Peyğəmbərimiz hər insanın fitrət üzrə yaradıldığını xəbər verir. İnsanlar dünyaya günahsız, yəni pak və saf gələrlər. Heç bir əyrilikləri olmaz. Bu baxımdan yəqinliklə deyə bilərik ki, əslində hər insanın daxilində bir mücövhər mövcuddur.
Yaradılışın bu təmiz və doğru yolundan ayrılanlar özlərini məhv edirlər, sanki şoran torpağa atılan toxumlar kimi çürüyüb gedirlər. Bəli, günahlar insanı və insanlığı çürüdən amillərdir. Günah ruha içirilmiş zəhərdir. Günah həyatı bürüyən zəhərli bir dumandır ki, bu duman fırtınasına məruz qalan və bu havanı tənəffüs edən insan mənən ölər. Nə qədər diri görünsə də... Günahlar Allahın qadağan etdikləridir. Günah işləyənlər imtahanı qazana bilməyənlərdir.
İnsan övladı yer üzündə həm Allahın əmr etdikləri ilə, həm də qadağan etdikləri ilə imtahan olunur. Bildiyimiz kimi imtahan qazanmaqla qazanmamağı eyni anda xatırladan sirli bir kəlmədir. Özündə həm ümid, həm də qorxu gizlidir. Sevinclə kədər bu kəlmədə bir-birinə qarışmışdır. Zövq və səfa ondan sonra gəlir, əzab və cəfa da... Bütün bunlar eyni zamanda dünya imtahanının da xüsusiyyətləri deyilmi? İnsan bu dünyada imtahan olunmurmu? İnsanın həddi-büluğ çağına qədərki dövrü bu imtahana kağız-qələm hazırlamaq mərhələsidir. Həddi-büluğ yaşından sonra isə, insan imtahan kağızını, yəni əməl dəftərini doldurmağa başlayar və son nəfəsə qədər bir ömür kağız üzərində qələm oynadar. Bu imtahanın hər kəs üçün bir gün bitəcəyi məlumdur, ancaq kimin əlindən kağızının nə vaxt alınacağı bilinməz. Deməli, imtanda mühüm olan çox yazmaq deyil, doğru yazmaqdır. Elə isə uzun ömür istəyəndə də gözəl şeylərdən daha çox yazmaq üçün istənilməlidir. İmtahanda ən qabaqda oturmaq, gözəl paltarlar geyinmək, qələmlərin ən qiymətlisini istifadə etmək nəticəyə təsir etməz. Dünyada imtahan müddətində heç kimə müdaxilə edilmir. Bəxtiyarlıq da, bədbəxtlik də imtahan başa çatmadan bəlli olmaz.
Hər kəs imtahan olduğu üçündür ki, həqiqi mənada heç kim rahat deyil. Günahlar qarşısında hissiyyatsızlaşanlar imtahanı qazana bilməzlər. Həyatda işlədiyimiz hər günah bir imtahadır. İmtahanı qazananlar günü və həyatı günahsız başa vuranlardır.
Mövlana Məsnəvisində belə bir qissə nəql edir:
Bir nəfər Hz. Şuayba (ə.s) deyir ki: “Allah mənim bir çox günahımı və xətamı gördüyü halda nə üçün cəzalandırmır?” Bu sualın cavabında Allah-Təala Hz. Şuayba (ə.s) belə vəhy edər: “O qulum “mən bu qədər günah etdim, ancaq Allah məni cəzalandırmır”, -deyir. Ona de ki: Ey doğru yolu tərk edərək yanlış yola istiqamətlənmiş insan! Sən səhv düşünürsən. Allah səni elə imtahan edir və cəzalandırır ki, sənin günahdan qaralmış qapqara qəlbin və günahların təsiri ilə zəncirlər içindəki bədənin bunu fərq etmir. Lakin yenə də məndən ümidini kəsməsin. Mənə sığınsın, Mənə dönsün.”
Nəvvas bin Səman (r.a) bir gün Rəsullahın (s.ə.s) yanına gələrək belə bir sual soruşdu: “Yaxşılıq və günah nədir?” Hz. Peyğəmbər (s.ə.s) belə cavab verdi: “Yaxşılıq əxlaqın gözəl olmasıdır. Günah isə qəlbini narahat edən və insanların bilməsindən xoşlanmadığın əməllərdir.” (Tirmizi, Zöhd, 52)
Bir Allah dostu nəsihət istəyənlərə belə deyir: “Günah işləcəyin zaman Allah-Təalanın sənə verdiyi ruzini yemə və Ona üsyan etmək istəsən, bunu Onun gördüyü yerdə etmə. Görmədiyi yerdə et. Onun mülkündə yaşayıb, verdiyi ruzini yeyib, gördüyü yerdə günah işləmək doğru deyil.”
Müsəlman “Günahdan uzaq olmaq üçün Allaha təslim olan” insandır. İnsanın günahlardan uzaq durması, savab işləməsindən daha çətindir. İnsanı səadətə qovuşduran savab əməllərindən çox, günahlardan uzaq durmasıdır. Yəni hər insanın ilk hədəfi günahdan uzaq durmaq olmalıdır, savab işləmək isə ondan sonra gəlməldir.
Şeytan günahında israr etdiyi üçün şeytan olmuş, Adəm isə günahına tövbə etdiyi üçün adam olmuşdu. Günah işləmək kirlənmək, tövbə isə təmizlənməkdir. Günahla kirlənənlər tövbə ilə təmizlənməlidir. Sevimli Peyğəmbərimiz (s.əs) bir hədislərində “Adəm övladı günahkardır, günahkarların ən xeyirlisi isə tövbə edənlərdir.” (İbn Macə, Zöhd, 30) buyurur.
Quran günah işləməyənlərdən deyil, günahına tövbə edənlərdən misal verir. Çünki ən böyük xəta insanları xətasız görməkdir. Elə buna görə Quranda Hz. Adəmin zəlləsindən, Hz. Musanın qəza cinayətindən, Hz. Yunusun qaçışından, Hz. Davudun tövbəsindən, Hz. Məhəmməd Mustafanın (s.ə.s) bir neçə dəfə tənbeh edilməsindən bəhs edilir.
ŞƏRHLƏR