ATƏŞLƏ TƏMİZLƏNMƏDƏN
Günlərin birində Bəhlul Danəndə həzrətləri üst-başı toz-torpaq içində xəlifə Harun Rəşidin hüzuruna çıxır. Harun Rəşid soruşur:
- Bu nə haldır, ey Bəhlul, haradan gəlirsən? Bəhlul cavab verir:
- Cəhənnəmdən gəlirəm, ey hökmdar!
- Cəhənnəmdə nə işin vardı?
- Od lazım idi, od gətirməyə getmişdim.
Bəhlulun həqiqət qarışıq zarafatlarına alışmış Harun soruşur:
- Gətirə bildinmi bəs? Bəhlul bu ibrətli cavabı verir:
- Xeyr, əlahəzrət, gətirmədim. Cəhənnəmin qapısında duran mələklərlə görüşdüm. Od istədim, bu cavabı verdilər: “Dünyadakıların zənn etdiyi kimi burada od olmaz, hamı öz odunu dünyadan özü ilə gətirir!”. Bu ibrətamiz hekayədən gördüyümüz kimi, günahlar insan oğlunun cəhənnəmə aparacağı odunlardır. Bəzən xəfifə aldığımız kiçik günahlar da böyük günahlara açılan bir qapıdır. Başqa cür desək, böyük odunları tutuşduran kiçik çır-çırpı kimidir. İşlənən hər günah ruha ağırlıq, qəlbə qara ləkədir. Günah insanı əhsəni-təqvimdən uzaqlaşdıran, onu özünə yadlaşdıran yasaq bir meyvədir. Eynilə babamız Adəmin əl uzatdığı yasaq meyvə kimi. Hər bir günah cənnət qapılarına vurulan bir kiliddir. Hər günah belimizdə daşıdığımız, tonqalda yanacaq və bizi yandıracaq bir odundur. Ey insan, sən sən ol dünyada ikən belindəki bu yükdən xilas ol …
İnsan oğlunun xəta karvanı ilk insan Həzrət Adəmlə başladı və cənnətdən uzaqlaşdırılmaqla nəticələndi. Məhz bu qanunauyğunluğa görə Allaha qarşı işlənən hər bir xəta və günah insanı cənnətdən uzaqlaşdıraraq cəhənnəm yolunun yolçusuna çevirir. Allah-Təala insanı tərtəmiz və gözəl yaradır. Lakin insan yaşadığı dünya həyatında zamanla günah kirlərinə bulaşaraq bu təmizliyini qoruyub saxlaya bilmir. Peyğəmbərlər istisna olmaqla bütün insanlar günah kirinə bulaşmışdır. Peyğəmbərlər belə zəllə dediyimiz qeyri-ixtiyari xətalar işləmişlər. Çünki mükəmməllik yalnız Allaha məxsusdur. Günah insanın öz nəfsinə və şeytanın təlqinlərinə aldanmasıdır. Hər bir insan həyatının müəyyən mərhələlərində şeytani vəsvəsələrə uyaraq günah işləmişdir. Həzrət Peyğəmbər (s.ə.s)-in hədisi-şərifdə buyurduğu kimi “Cəhənnəmin yolu şəhvətlərlə cazibədar hala gətirilmişdir”. İnsanın ərdəmi bu cazibəyə qapılmamasıdır. Söz yoxdur ki, bəşər olmaq səbəbilə insanın zaman-zaman günaha düşməsi qaçınılmazdır. Əsas məsələ günahın fərqində olmaq, düşülən günah çuxurundan çıxmağı bacarmaqdır. Çünki günah çuxuruna düşən hər bir insanı oradan çıxarmaq üçün kifayət qədər uzanan əllər və kəməndlər vardır. Həzrət Peyğəmbər bir hədisində belə buyurmuşdur: “Bütün Adəm övladı xəta işləyər. Xəta işləyənlərin xeyirlisi tövbə edənlərdir”. Mömin nə qədər günah işləsə də ümidsizliyə düşməməli, Rəbbinin mərhəmətindən nagüman olmamalıdır. Çünki ilahi kitabımızda Rəbbimizin bizə belə buyurduğunu dəfələrlə oxumuşdur: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (əz-Zumər, 53) Sözsüz ki, işlədiyimiz günahlar dağlar qədər böyük də olsa Allahın əfv və məğfirəti daha böyükdür. Burada ata ilə oğul arasında keçən kiçik bir dialoqu xatırlatmaq yerinə düşərdi.
Bir gün bir ata oğlu ilə dəniz kənarında qumsalda gəzirdi. Oğlu atasından soruşdu:
- Atacan, bu qum dənələrindən daha çox nə var?
- Atanın işlədiyi günahlar, oğlum!
- Bəs ondan daha çox nə var?
- Allahın rəhməti…
Həzrət Peyğəmbər qüdsi hədisdə Allah-Təalanın belə buyurduğunu bildirir: “Rəhmətim qəzəbimi keçmişdir”. Qurani-Kərimdə də buyurulduğu kimi Allah özünə şərik qoşmaq xaric, bütün günahları bağışlayandır. Kifayət edər ki, bəndə öz acizliyini etiraf etsin və onun günah işləməsi üsyan halını almasın. Günah insanın nəfsinə uyması və xətaya düşməsidir. Üsyan isə ilahi iradəni saymamaq, Onun hökmranlığını tanımamaqdır. İnsan hər nə qədər günah işləsə də, üsyan etmədikcə hər zaman bağışlanmağa ümid var. Səmimi qəlblə edilən tövbənin və gözdən axan şəffaf göz yaşının silmədiyi heç bir günah yoxdur. Elə isə günahlarımızı atəş təmizləmədən su ilə təmizləyək...
ŞƏRHLƏR