Müsahibə - Zeki ŞAHİN

Müsahibə - Zeki ŞAHİN

“Peyğəmbərlər beşiyi olduğunu hiss etmək mümkündür”

İrfan:Zəki bəy, İslam dinində müqəddəs yerlərdən sayılan Məscidi-Əqsanın yerləşdiyi Qüdsə səfəriniz oldu. Bu səfər hansı istəkdən doğdu, sizi oraya aparan səbəb nə idi?

Zəki Şahin: İlk növbədə qeyd edim ki, bir səfərin dəyəri məqsəd və niyyətlə ölçülür. Hz. Peyğəmbərin də buyurduğu kimi,“əməllər niyyətlərə görə dəyərləndirilir”. Qüds ilahi dinlərin çıxdığı bölgə olaraq tanınır. Bu baxımdan bir çox peyğəmbərin Qüdslə yaxından əlaqəsinin olması oranı fərqli və fəzilətli edən amillərdəndir. Şəhər olaraq Davud Peyğəmbərin zamanında krallığın paytaxtı olmuş, yenə onun zamanında inşası başlayan, lakin Süleyman (ə.s) zamanında tamamlanan Məscidi-Əqsa, eyni zamanda bir çox peyğəmbər və səhabənin məzarının və məqamının da burada olması səbəbilə qəlbində iman olan hər kəsi yaxından əlaqədar edir. Qüds İslam aləminin mərkəzlərindən biridir. Tarix boyu bu torpaqlar İslam dövlətlərinin göz bəbəyi və mərkəzi şəhərlərindən olmuşdur. Bildiyiniz kimi Hz. Peyğəmbərin meraca yüksəlməsi də məhz Qüdsdə gerçəkləşmişdir. Hz. Cəbrayılın müşayiəti və xüsusi miniklə bir anda Qüdsə gələn Peyğəmbərimizin burada digər peyğəmbərlərə namaz qıldırdığına dair rəvayətlər var. Ümumiyyətlə baxdığımız zaman Qüdsün əhəmiyyətini göstərən bir çox mühüm amillər var. Müsəlmanların ilk qibləsinin məhz bura olması, İsra surəsində ətrafı bərəkətlənmiş yer olaraq bəhs edilməsi, Hz. Məryəmin məhz burada özünü Allaha nəzir etməsi və s.

-Zəki bəy, Qüds ziyarətində hansı hissləri yaşadınız? Xüsusilə hansı təəssüratları paylaşmaq istəyərdiniz?

Hz. Peyğəmbər bir hədisində belə buyurur: “Yalnız bu üç məscidi ziyarət etmək üçün səfərə çıxılmalıdır: Mənim bu məscidim, Məscidi-Həram və Məscidi-Əqsa”. Bu hədisi-şərif Kəbənin də içində olduğu Məscidi-Həramın, Məscidi-Nəbəvinin və Qüdsdə yerləşən Məscidi-Əqsanın nə qədər böyük dəyər ifadə etdiyini və buraları ziyarət etməyin nə qədər fəzilətli olduğunu göstərir. Həqiqətən də insan o torpaqlara getdiyi zaman bir anda özünü fərqli atmosferdə hiss edir. Bu elə bir duyğudur ki, kəlmələrlə ifadə etmək mümkün deyil. Bir yanda Məscidi-Əqsa var, bir yandaHz. Davudun və Hz. Məryəm anamızın məzarı, Qübbətüs-Saxra məscidi, daha nələr, nələr… Bir anda özünüzü neçə əsr əvvəldə hiss edirsiniz. Bir az əvvəl qeyd etdiyim kimi, peyğəmbərlərin şəhərində onların tənəffüs etdiyi havanı ciyərlərinizə çəkirsiniz. Hansı duyğu bundan daha xoş ola bilər? Qeyd edim ki, sonrakı günlərdə digər şəhərlərdə də olduq. Xüsusilə Qərbi Şəriəni vurğulamaq istərdim. Hz. İbrahimə, Sara anamıza, Hz. Yaquba və Hz. Yusifə, Hz. İshaqa aid məzarları ziyarət etdiyiniz zaman bir anlıq özünüzü onların hüzurunda hiss edirsiniz. Ədəbə riayət etməli olduğunuzu dərk edirsiniz bir anda, qəlbinizdən kiçicik də olsa mənfi duyğunun keçməməsinə çalışırsınız. İslam əqidəsində peyğəmbərlərin, şəhidlərin, Allah dostlarının ölmədiyi, sadəcə cəsəd olaraq bu dünyadan ayrıldıqları inancı var. Məhz bu inancla gəldiyiniz zaman həmin peyğəmbərlərin məzarı başında sanki hüzurlarında durduğunuza qənaət gətirərsiniz. Bir sözlə, hər kəsin qəlbi səviyyəsinə görə istifadə edəcəyi mübarək məkanlardır.

Zəki bəy, bu gün müsəlmanlar olaraq Qüdsə qarşı vəzifəmiz, məsuliyyətimiz nələrdir?

- Bir gün Meymunə anamız Hz. Peyğəmbərdən soruşur ki, ya Rəsulallah, Qüds barədə bizə nə buyurursan? Hz. Peyğəmbər belə buyurdu: “Qüdsə gedin və orada namaz qılın!” Meymunə anamız: “Rumlar orada ola-ola bu necə mümkündür?” Allah Rəsulu: “Gedə bilməsəniz, (heç olmasa) çıraqlarında yandırmaq üçün yağ göndərin”,- buyurdu. Əslində bu hədis Qüdsün bizim üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərmək baxımından kifayətdir. Hz. Peyğəmbər əshabına, gedə bilməsələr də, oraya dəstək olmalarının zərurətini vurğulayırdı. Bu gün müəyyən səbəblərdən dolayı gedə bilməsək də, ən azı dualarımızla ətrafı bərəkətlənmiş bu gözəl diyarın əmin-amanlığını Allahdan istəməliyik.Tarixə baxdıqda Qüdsün İslam ümmətinin gücünün və ya zəifliyinin məhək daşı olduğunu görürük. Bu müqəddəs şəhərin işğalı ümmətin pərən-pərən düşməsinin nəticəsidir. İslam ümməti güclü olduğu zamanlarda Qüds müsəlmanların idarəsində olmuş, ümmətin zəiflədiyi zaman isə əcnəbilərin göz dikdiyi şəhərə çevrilmişdir. Qüdsün tarixinə baxdığımız zaman Hz. Ömər zamanında romalıların işğalı altındakı bu torpaqların fəth edildiyini görürük. İslam ümmətinin zəifləməsi ilə xaçlılar şəhəri iki əsr işğal altında saxlamışlar. Bunun ardınca müsəlmanlar güclənmiş, Səlahəddin Eyyubi Qüdsü azad etmişdir. Beləliklə şəhərə əvvəlki əzəmətini, gözəlliyini geri qaytarmış, şərəf simvolu olan minbəri Məscidi-Əqsaya gətirmişdir. Əgər İslam ümməti Qurana və Hz. Peyğəmbərin sünnəsinə möhkəm bağlanaraq birlik-bərabərlik içində olarsa əlbəttə ki, Qüds və Məscidi-Əqsa yenidən şanlı günlərini yaşayacaqdır.

- Təəssüratlarınızı bizimlə bölüşdüyünüzə görə təşəkkür edirik.

- Jurnal vasitəsi iləməni oxucularla görüşdürdüyünüz üçün sizə təşəkkür edirəm

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz