İRFANDAN qısa bir küçə sorğusu

İRFANDAN qısa bir küçə sorğusu

Jurnalımızın əməkdaşlarından Firdovsi Həsənov və Şirin Hacıyev Bakı şəhərindəyolda təsadüfi olaraq qarşılaşdıqları bəzi vətəndaşlarla İslam haqqında qısa bir sorğu keçiriblər. Bu sorğudan çıxardılacaq çox dərslər olduğunu gördük. Buna görə də sorğunun nəticələrini, “olduğu kimi”sizinlə bölüşürük.

Quliyev Taryel

-İslam dini haqqında nə bilirsiniz?

-İslam haqqında onu deyə bilərəm ki, çox böyük bir dindir,müsəlmanların dinidir.

-Heç dini ədəbiyyat oxudunuzmu?

-Oxumamışam, amma oxumağı çox istəyərdim.Sadəcə vaxt problemi olduğu üçün çox da çalışa bilmirəm.

-Qurani-Kərim oxumağa marağınız varmı?

-Əvvəllər olub, amma problemlərdən oxuya bilməmişəm.

-Namaz qılırsınız?

-Xeyr, namaz qılmıram, amma çox istəyərdim ki, qılım.

-Namaz qılmamaq üçün bir səbəbiniz varmı?

-Sadəcə vaxtsızlıq. İşlə bağlı problemlər mənə mane olur.

 

Tarverdiyev Ülvi

İdman Akademiyası 2-ci kurs

-Heç dini ədəbiyyat oxudunuzmu?

-İndiyə kimi oxumamışam, amma oxumaq istəyərdim

-Öldükdən sonra ikinci bir dünyanın var olmasına, yəni dirilməyə inanırsınız?

-Xeyr, inanmıram.

-Müsəlmansınız yəqin?

-Əlhamdulilləh, müsəlmanam.

-Bilirsinizmi, İslamın 5 şərtindən biri də öldükdən sonra dirilməyə inanmaqdır.

-Əvvəl qeyd elədiyim kimi, mən din haqqında heç nə oxumamışam.Ona görə də məlumatım yoxdur.

-Cəmiyyətimizdə gənclərin dini görüşünü necə müşahidə edirsiniz?

-Gənclərin cəmiyyətimizdə dini görüşünü zəif görürəm. Dinə marağı az görürəm.

-Səbəbi nə ola bilər?

-Necə deyim, əsas valideynlərin təkidi burada böyük rol oynayır. Övladlarına ağıl verməlidirlər.Başqa yola düşərlər, pis kuruqa düşərlər, yəni ətrafından çox şey asılıdır.

 

Yusifli Rüfət

Saç ustası

-İslam haqqında düşüncələrinizi bilmək istəyərdik.

-İslam deyəndə, insani dəyər, insani keyfiyyət, cəmiyyətdə birlik, insan haqları – xüsusilə də xanımlarda, xüsusi ehtiyacı olan insanlara qayğı kimi başa düşülür.

-Dini ədəbiyyat oxuyursunuzmu?

- Kitablardan oxumasam da, xırda köşə yazıları oxuyuram hərdən. Bəzən də jurnallardan maraqlı məlumatları oxuyuram.

-Heç İrfan jurnalını oxudunuzmu?

-Yox oxumamışam, amma İNŞALLAH oxumaq istəyərdim.

-Öldükdən sonra ikinci bir dünyanın var olmasına, yəni dirilməyə inanırsınızmı?

-Əlbəttə inanıram, axı biz müsəlmanıq.

-Cəmiyyətimizdə gənclərin dini baxışını necə görürsünüz?

-Səmimiyyətdən gələrsə normal görürəm. Belə götürəndə deizm,ateizm ve s. kimi əqidələrə yiyələnirlər, amma nəsə bir şey olan kimi, o dəqiqə Allaha and içirlər.Mənəelə gəlir ki, qəlbən bağlılıq yenə də var.

-Gənclərə tövsiyyəniz nə olardı?

-Tövsiyyəm o olardı ki, fikirlərini özlərinə görə dəqiqləşdirsinlər, müasirlik elə İslamdadır.

 

Amid Ağayev

İqtisad Universiteti 2-ci kurs

-İslam haqqında nə bilirsiniz?

-İslam müsəlmanların dinidir.İki böyük dindən biridir.

-Heç dini ədəbiyyat oxumusunuzmu?

-Dini ədəbiyyat deyəndə ki, namazla bağlı kitablar oxumuşam.O da, xeyli vaxt olar.

-Namaz qılırsınız?

-Namaz qılırdım, amma indi qılmıram.

-Tanıdığınız dini bir şəxsiyyət varmı?

-Açığı dini şəxslərlə elə də çox maraqlanmıram.Ona görə də tanıdığım ancaq Hacı Allahşükür Paşazadədir.

 

Sirac Ağayev

BDU Şərqşünaslıq

-İslam dini haqqında nə deyə bilərsiniz?

-İslam dini dünyəvi dinlərdən biridir,ən öndə gedənidir, təbiiki.

-Heç dini ədəbiyyat oxudunuzmu?

-Oxumamışam. Çalışacağam oxuyum.Marağım var, amma dərslərlə üst-üstə düşür deyə vaxt ayıra bilmirəm.

-Namaz qılırsınızmı?

-Bəli qılıram. İllərdir, şükürlər olsun ki, namazımdayam.

 

 

Abışov Xəqan

Neft-qaz mühəndisi

-İslam dini ilə bağlı fikirlərinizi bilmək istərdik.

-İslamla bağlı fikirlərim deyəndə ki, mən özüm imanlı adamam və bilirəm ki, Allah var və O təkdir. Hər bir insanın borcudur ki, namaz qılsın və oruc tutsun.

-Namaz qılırsınızmı?

-Yox qılmıram. Amma qılmaq istəyirəm.

-Heç dini ədəbiyyat oxumusunuzmu?

-Yox oxumamışam. Balaca bir sürələr kitabı oxumuşam.

-İndiki zamanda cəmiyyətimizdəİslama olan maraq nə dərəcədədir?

-İndiki zamanda olan gənclər, o vahabimi deyirlər, nə deyirlər bilmirəm, o təriqətə daha üstünlük verirlər. O qədər parçalanıb ki din, o qədər parçalayırlar ki, camaat da qalıb belə, bilmir neyləsin.Nə o tərəfə gedə bilirlər, nə bu tərəfə. Mən heç görmürəm ki, islamı təbliğ eləsinlər,bu bizdə yoxdur. Gənclərə üzümü tutub deyirəm ki, namaz qılsınlar, islamla maraqlansınlar, çünki bu bütün müsəlmanların borcudur.

Qeydlər:

İslam – kainatın Allah tərəfindən yaradıldığına və Allahın bizə həyatımızı tənzimləmək üçün İslam dinini göndərdiyinə inanan görüş. Bu inanca sahib olanlara “müsəlman” deyilir.

Deizm – kainatın Allah tərəfindən və ya hər hansı bir ilahi qüvvə tərəfindən yaradılmış ola biləcəyini qəbul edən, lakin onun mövcud təbiət və cəmiyyət həyatına müdaxiləsini inkar edən görüş. Bu inanca sahib olanlara “deist” deyirlir.

Ateizm – kainatın yaranmasında heç bir ilahi qüvvəni qəbul etməyən, bütün müqəddəsləri inkar edən görüş. Bu inanca sahib olanlara “ateist” deyilir.

 

Hazırladı: Firdovsi Həsənov

Foto: Şirin Hacıyev

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz