BİR HƏDİS
عَنْ أَبِي هُرَيْرَةَ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: {المُسْلِمُ مَنْ سَلِمَ المُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ، وَالمُؤْمِنُ مَنْ أَمِنَهُ النَّاسُ عَلَى دِمَائِهِمْ وَأَمْوَالِهِمْ}
Əbu Hüreyrədən (r.ə) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Müsəlman, əlindən və dilindən (digər) müsəlmanların zərər görmədiyi kimsədir. Mömin, insanların canları və malları mövzusunda əmin olduqları kimsədir.” (Tirmizi, İman, 12; Nəsai, İman, 8)
Bir çox önəmli mənbədə fərqli ləfzlərlə keçən bu hədisi-şərif məna baxımından böyük bir önəmə sahibdir. Burada qeyd etdiyimiz hədis iki hissədən ibarətdir. Birinci hissədə İslamı qəbul edən müsəlmandan, ikinci hissədə isə Allaha iman edən hər bir mömindən bəhs edilmişdir. Hədisi-şərifin müsəlmanı vəsf edən birinci qisminə nəzər saldığımız zaman görürük ki, burada Rəsulullah (s.ə.s) müsəlman olan kimsənin əl və dilindən digər müsəlmanların zərər görməyəcəyinə işarə etmişdir. Hədisin ləfzlərinə diqqət yetirilsə, bu qisimdə bütün insanların deyil, insanlar içindən müsəlmanların zərər görməyəcəyi vurğulanmışdır. Buradan belə bir nəticənin çıxması da mümkündür; müsəlman dili və əliylə müsəlman olmayanlara zaman və zəminə uyğun olaraq zərər verə biləcək potensiala sahibdir. Əslində müsəlmanlara hər hansı bir zərər verməmək anlayışı zənn edildiyi qədər bəsit bir şey deyildir. İnsanın hər zaman faydalı olması mümkün olmasa da hər hansı bir zərər verməməsi mümkündür. Zərərsiz olmaq anlayışını mənimsəməmiş bir kimsənin başqa insanlara faydalı olması da şübhəlidir.
Bu hədisi-şərif müsəlmanların haqlarına və müqəddəs dəyərlərinə dil və əl ilə zərər verməməyi, hər hansı bir şəkildə heç kimsəni incitməməyi müsəlman olmağın əsaslarından qəbul etməkdədir. Əl və dil insanın gündəlik həyatında ən çox istifadə etdiyi iki önəmli üzvüdür. Edilən pisliklər ümumiyyətlə bu iki üzvlə əlaqəlidir. Dilin və əlin pisliklərindən uzaq duran kimsələr kamil olmağa meyl edən kimsələrdir. Pisliklərdən uzaq durmaq, yasaq olan şeyləri etməmək, əmr buyurulan işləri etməkdən daha önəmlidir. Bu mənada fəzilət və təqvanın ölçüsü, əmrləri yerinə yetirməkdən çox, yasaqlardan uzaq durmaqdır.
Hədisin ikinci bölümündə mömin kimsə vəsf edilmişdir. Rəsulullah (s.ə.s) möminin bütün insanların canları və mallarına qarşı təhlükəsiz, əmin biri olduğunu bildirmişdir. Bir bütün olaraq ələ alınarsa hədisdə müsəlman və mömin ifadələrinə müqayisəli bir şəkildə yer verildiyi görüləcəkdir. Müsəlman olan kimsənin mömin olma vəsfinə də sahib olması lazımdır. Çünki Allaha iman edərək Onu qəlbinə nəqş edən bir kimsə sadəcə təslim olan kimsədən daha məqbuldur. Yəni həqiqi müsəlman Allaha nöqsansız iman edən mömin kimsədir.
Nəticə olaraq, Rəsulullah (s.ə.s)`in bu hədisi-şərifində İslam ümmətini əmanət və təslimiyət kimi önəmli iki məziyətlə tərif etməsi İslam dinində insana nə qədər yüksək dəyər verildiyinin göstəricisidir.
ŞƏRHLƏR