İSLAMI DOĞRU ANLAMAQ

İSLAMI DOĞRU ANLAMAQ

     İlahi vəhy məhsulu olan İslam insan fitrətinə ən uyğun din olduğu üçün bəşəriyyətə təqdim etdiyi həyat tərzi də mükəmməlliyi ilə seçilir. İslam ümumiyyətlə ilk insandan etibarən Allahın göndərdiyi bütün peyğəmbərlərin və kitabların dəvət etdiyi dinin adıdır.

 Qurani-Kərim bizə bütün peyğəmbərlərin İslama dəvət etdiyini xəbər verir. İslam son Peyğəmbər Həzrət Muhammədin göndərilməsi iləmükəmməlliyinin zirvəsinə çıxaraq tamamlanmışdır. Lakin bir qisim insanların ilahi vəhylə, dini-mubinlə müəyyən probleminin də olması diqqətdən yayınmır. Nədir bu problem? İslamı doğru anlamamaq.

Zaman-zaman insanların İslamı anlamaq xüsusunda müəyyən yanlışlara düşərək dindən və onu gətirən peyğəmbərdən uzaq qaldığını görürük. Bu problem tarixin hər mərhələsində özünü göstərmişdir. Hələ Həzrət Peyğəmbərin zamanında əmisi Əbu Talib ölüm döşəyində yatarkən Rəsulullahla Məkkə müşriklərini uzlaşdırmaq məqsədi ilə son cəhdini edərkən müşrik qəbilə başçıları eynilə bu sözləri söylədilər: “Qardaşın oğlu Muhammədə de ki, əgər zəngin olmaq istəyirsə, onu var-dövlət içində üzdürək, əgər istəyirsə, onu qəbilə başçısı edək, yox əgər evlənmək istəyirsə, onu ən gözəl və əsil-nəcabətli qızlarımızla evləndirək”. İslamı doğru anlaya bilməyənlərin, Hz. Muhammədin bütün səylərinin mənasını başa düşməyənlərin dilə gətirdiyi bu təklif qarşısında Allah Rəsulu İslam davasının nə qədər ülvi olduğunu bu cümlələrlə ifadə etdi: “Günəşi sağ əlimə, ayı sol əlimə versələr, yenə də İslama dəvətimdən vaz keçməyəcəyəm”. Dini doğru anlamamaq problemi bəşəriyyətlə həmyaşıddır əslində. Müqəddəs kitabımızda bir çox peyğəmbərin dilindən zikr olunan “Sizi bu dinə dəvət etməyimin qarşılığında heç nə istəmirəm, sadəcə Allahdan başqa ilah olmadığına şahidlik edin”,- cümlələri və bu qəbildən olan xatırlatmalar insanların beynində yaranan sual işarələrini qaldırmaq məqsədi daşıyırdı əslində.  Bugünün özündə də İslamı doğru anlamayanların olması acı bir həqiqət olaraq qalır. Məhz İslamı doğru anlamamağın nəticəsində müəyyən terrorçu qruplaşmaların müxtəlif adlarla meydana çıxaraq dinimiz adına ləkə gətirdiklərinin şahidi oluruq. Bu gün Suriyada ölənin də, öldürülənin də “Allahu Əkbər” deməsi İslamın yanlış anlaşıldığının bariz nümunəsi deyilmi? Elə isə bu gün İslamın doğru anlaşılması üçün üzərimizə hansı vəzifə düşür?

İslamı doğru anlatmaq

İslamı doğru anlatmağın ən gözəl yolu dinimizi gözəl təmsil etməkdən keçir. İslamı anladanlar ilk növbədə cəmiyyətdə sağlam xarakter formalaşdırmaq məcburiyyətindədirlər. Həzrət Peyğəmbərin Məkkə müşriklərini ilk dəfə İslama açıqdan dəvət etdiyi səhnəni xatırlayaq. Səfa təpəsinə çıxaraq məkkəliləri ətrafına topladıqdan sonra belə buyurmuşdu:“Sizə bu dağın arxasında düşmən atlıları var, üzərinizə hücum edəcəklər,- desəm, inanarsınızmı?”. Oradakılar bir ağızdan “İnanarıq, çünki sən Muhammədul-Əminsən, heç vaxt yalan danışmadığına şahidlik edərik”,- dedilər. Məhz bundan sonra Həzrət Peyğəmbər: “Elə isə Allahdan başqa ilah olmadığına və Muhammədin Onun qulu və rəsulu olduğuna şahidlik edin”,- buyurdu.  Diqqət edərsək, əvvəlcə oradakılara şəxsiyyətini təsdiq etdirdi və ondan sonra İslama dəvət etdi. Çox maraqlıdır ki, Məkkə müşrikləri, Əbu Cəhllər, Əbu Ləhəblər onu pisləyərkən belə yalanla ittiham edə bilmirdilər. Ona falçı, sehrbaz, kahin, dəli, insanları ovsunlayan şair deyirdilər, amma yalançı deyə bilmirdilər. Çünki Allah Rəsulu insan şəxsiyyətini zədələyici bütün hərəkətlərdən uzaq idi. O, Muhammədul-Əmin idi. Hətta bir gecə Məkkəni tərk edib Mədinəyə hicrət edərkən belə müşriklərin saxlamaq üçün verdikləri əmanətləri sahiblərinə qaytarması üçün yatağında yatırdığı Həzrət Əliyə vermişdi. Elə isə İslam adına xidmət etmək istəyiriksə, yaşadığımız cəmiyyətdə şəxsiyyətimizi təsdiq etdirmək məcburiyyətindəyik. İslam sadəcə namaz, oruc, zəkat və həcdən ibarət deyil. İslam həyatın hər bir sahəsinə nüfuz edən ilahi bir dindir. Bir insan namaz qıla bilər, oruc tuta bilər, amma ticarətdə aldadırsa, qonşusu ilə dolana bilmirsə, yol yoldaşını yarıda qoyursa, İslamı kamil deyildir. Uca Allah Qurani-Kərimdə “Ey iman gətirənlər bütünlüklə İslama girin”,- buyurur. Bəqərə surəsinin 208-ci ayəsində keçən və İslama nə cür girəcəyimizi ifadə edən “kaffətən” sözü bir çox müfəssir tərəfindən “hamılıqla İslama gəlin” şəklində tərcümə olunsa da, bəzi alimlər buradakı mənanın əslində hər bir fərdin bütünlüklə İslama girməsini nəzərdə tutduğunu qeyd edir. Yəni bəzi əməllərimizdə islami qaydalara riayət etməklə tamamən İslama girmiş sayılmarıq. Qəlbimizlə Allahı təsdiq etdiyimiz kimi, əlimiz harama uzanmamalı, dilimiz qeybət etməməli, mədəmiz haram qida qəbul etməməli, gözümüz harama baxmamalı, qulağımız dedi-qodu ilə dolmamalıdır... Bütünlüklə İslama girməkdən əsas məqsəd budur. Bu ayənin əmrini yerinə yetirmək üçün həyatımızın hər anını İslama görə tənzimləmək məcburiyyətindəyik.

Aranan insanlar

Əsri-Səadətdə baş vermiş məşhur bir hadisə var: Bir gün Hz. Ömər xəlifəliyi illərində digər səhabələrlə birlikdə oturarkən yanındakılara belə deyir: “Allahdan nə isə bir şey istəyin, hər kəs Ondan nə təmənna etdiyini dilə gətirsin”. Məclisdəkilərdən biri “bu otaq dolusu qızılımın olmasını, Allah yolunda infaq etməyi istəyərdim”,- deyir. Başqa biri: “bu otaq dolusu ləl-cəvahirata sahib olmağı və Allah yolunda xərcləməyi çox istəyərdim”,- deyir. Hz. Ömərsə: “bu otaq dolusu Əbu Ubeydə bin Cərrah kimi insanların olmasını və Allah yolunda xidmət etmələrini istəyərdim”,- deyə söhbətə nöqtəni qoyur. Kim idi Əbu Ubeydə bin Cərrah? Allah Rəsulunun “ümmətin əmini” deyərək ali şəxsiyyətini təsdiqlədiyi müstəsna səhabələrdən biri idi. Demək ki, İslamı təmsil etmək xüsusuda hər zaman Əbu Ubeydə kimi insanlara ehtiyac var. Hələ əsri-səadət dövründə aranan belə şəxsiyyətlərə bu gün hər zamankından daha çox möhtacdır dünya. Müsəlman aranan insan olmalıdır. İbadəti, işi, həyat tərzi gözəl olmalı, hər gün mükəmmələ doğru bir addım yaxınlaşmalıdır. Məhz İslamın əsrlər öncə dünyaya yayılması müsəlmanların sərgilədiyi bu şəxsiyyətlə mümkün olmuşdur. Bu gün ən çox müsəlmanın yaşadığı İndoneziyanın dürüst tacirlər vasitəsi ilə islamlaşması, səhabədən Vəhb bin Kəbşənin dilini bilmədiyi uzaq Çinə gedərək, orada sərgilədiyi müsəlman şəxsiyyəti ilə İslamı təbliğ etməsi əslində İslamı anlatmanın ən gözəl yolunun onu yaşamaqla mümkün olduğundan keçdiyini göstərir. Bu gün müsəlmanlar olaraq ən böyük problemimiz də məhz budur. Təəssüflər olsun ki, zəmanəmizdə İslamı hal və hərəkətləri ilə təmsil edə bilənlər barmaqla sayılacaq qədər azdır.

Əbu Cəhllər hər zaman olmuşdur

İnsanların İslama gedən yolunda qarşılarına çıxıb, əngəl törədənlər dünən də var idi, bu gün də var. Yeddinci əsrdə bir-bir qəbilə mənsublarının çadırına gedib “Muhamməd sizi sehrləməsin, o sadəcə məcnundur, dəlidir, nə dediyini bilmir, Ona inanmayın”,- deyən Əbu Ləhəblər, Əbu Cəhllər bu gün də var, eyni zehniyyətin davamçıları İslam ümmətinə zəhər saçmağa davam edir. Dəyişən sadəcə metod və üslubdur. Media vasitələrindən, texnoloji imkanlardan geniş istifadə edərək yetişə bildikləri hər bir insanı Haqq yoldan soyutmağa çalışırlar. Zaman-zaman hədəflərinə çatmadıqları üçün nifrətlərindən İslam Peyğəmbərini təhqir etməyə qalxsalar da əsla niyyətlərində müvəffəq olmayacaqlarını anlayacaqlar. Yeddinci əsrdə yoluna tikan tökən, qapısına zibil atan, üzünə torpaq saçan zehniyyət XXI əsrdə qələmindən, fırçasından zəhər püskürməkdədir. Lakin bir gerçək var: Allah nurunu tamamlayacaq və Rəsulunu şərlilərin şərindən qoruyacaqdır.[1]


[1]əs-Saf, 8; əl-Maidə, 67

 

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz