İSLAMOFOBİYA VƏ MÜBARİZƏ YOLLARI

İSLAMOFOBİYA VƏ MÜBARİZƏ YOLLARI

     Tarix boyunca dünyada yaxşı ilə pis, xeyir ilə şər mübarizə və müharibə halında olmuşdur. Adəm babamızın oğulları Habil ilə Qabilin arasında yaranan münaqişə bunun başlanğıc nöqtəsidir. Ümumiyyətlə insanlar pis və şər əməlləri xoş qarşılamazlar. Əlbəttə ki, bu terminlər şəxs və cəmiyyətlərə görə fərqlilik ərz edir.

Son dövrlərdə ortaya çıxan və getdikcə daha geniş və əhatəli bir radius alan terminlərdən biri də məhzİslamofobiyadır. Qərb mənşəli bu fenomenin əsas məqsədi və hədəfi dünyada sürətlə yayılmaqda olan İslamın və müsəlmanlaşmanın qarşısını almaqdır.

İslamofobiya termininin Qərbdə meydana çıxmasının bir səbəbi də İslamın sekulyar təfəkkürdən uzaq bir din anlayışını ortaya atmasından qaynaqlanır. İslam, Qərbin qəbul etdiyi və ya qəbul etmək istədiyi din anlayışı ilə heç cür bir araya sığmayan bir dindir. İslam dini insan həyatının hər yönünü əhatəsinə alan bir din olduğuna görə və eyni zamanda insan yaşamı üçün öz konsepsiyasını təklif edən yeganə din olduğuna görə, Qərbin "oyun qaydaları"na uyğun gəlmir. Odur ki, humanist və xeyirsevərlik əsası üzərinə qurulan İslam dini, Qərbin kapitalist maraqlarına tərs düşür. İslamın yayılması haqsız qazancların azalması, zəifələrin əzilməməsi, tam tərsinə onlara sahib çıxmaq mənasına gəlir. Eyni zamanda İslam, möhtacların çarəsi olmaq mənasına gəldiyi üçün Qərb maraqları ilə səsləşmir.

Qərbin islamofobiyanı yaymaq istəməsini bir neçə maddə şəklində belə sıralamaq olar.

Birinci səbəb kimi İslam dininin sürətli şəkildə Qərbdə yayılması və insanlar arasında rəğbət görməsini göstərmək olar. Tarixi seyrə nəzər saldıqda görərik ki, Əməvi, Abbasi və Osmanlı dövrlərində İslam Avropaya doğru genişləmiş və kilsə öz nəzarətini itirmişdir. Bu hal Avropa cəmiyyətində bir travma və zədə yaratdı. Və müəyyən mənada Qərbdə İslamdan qorxma kimi bir hal meydana gətirdi. Xüsusilə Balkan yarımadasında məskunlaşan müsəlmanların və Qərbi Avropadakı immiqrant müsəlman əhalinin artımı islamofobiyanın şüur altından çıxaraq, aktual həyata yerləşməsi ilə nəticələndi.

İkinci səbəb olaraq da, Qərbin İslam dinini kifayət qədər tanımaması, tanımaq üçün də mötəbər mənbələrdən istifadə etməməsini göstərə bilərik. Qərbin İslamla bağlı məlumatları şərqşünaslıq səviyyəsində, həm də qərblilərin özləri tərəfindən aparılan araşdırma və təqdim edilən məlumatlarla məhdudlaşır.Bunun ən bariz nümunəsi olaraq, Amerikada afro-amerikanların hüquqlarının müdafiəçisi, şəhid Malkolm X-in həyatını göstərmək olar. Belə ki, Malkolmun İslam haqqındakı düşüncələri məhz Məkkəni ziyarət edəndən sonra kamilləşir. O, bu səfərdən sonra anlayır ki, İslam Amerikada ona təqdim edilən “din” deyil, kamil və ümumbəşəri bir dindir.

Üçüncü səbəb kimi dini və din təmsilçilərini eyniləşdirməyi göstərmək olar. Dünya bütün müsəlmanları tək tip olaraq qiymətləndirir. Müsəlman bir şəxsin nöqsanı bütün müsəlmanlara və İslam dininə yamanır. Ancaq bilinməlidir ki, bir neçə pis nümunədən yola çıxaraq, bütün bir kütləni, bütün bir inanc qrupunu, bir dinin və mədəniyyətin bütün mənsublarını mühakimə etmək son dərəcə səhvdir və təhlükəlidir

Bir digər səbəb də İslama meyllərin artması kimi göstərilə bilər. Şərqdə başlamış İslam hərəkatı,vüsət aldığı ilk günlərindən etibarən dünya müsəlmanları arasında “dini şüur", "agahlıq” və “İslam kimliyi”nin meydana çıxmasına səbəb oldu. Ümumiyyətlə, müsəlman dünyasında bir canlamanın meydana gəlməsi islamofobiyanın güclənməsinə zəmin yaradan amillərdəndir.

Əminliklə qeyd edirik ki,  İslam birliyindən qorxan, İslam dinini təhlükə mənbəyi kimi dünyaya tanıtmağa çalışan qərb bilməlidir ki, onlar hər nə qədər insanları İslamdan uşaqlaşdırmağa çalışsalar da, Allah öz nurunu tamamlayacaqdır.

Biz müsəlmanların üzərinə düşən vəzifə əlbəttə ki, İslamofobiya yandaşlarının tələsinə düşməmək, heç bir şəkildə onların əməllərinə köməklik göstərməməkdir. Bunun üçün də hər bir müsəlman məcburdur ki, dinini mötəbər mənbələrdən oxusun və sağlam əqidəyə malik din adamlarından onu tədris etsin. İstər dini, istərsə də dünyəvi fənlərdə qabaqcıl olmaq hər bir müsəlman gəncin borcudur. Çünki biz, bütün elmlərdə kəşf sahibi, alim ataların nəvələriyik.

Dünya durmadan inkişaf edərkən, bəzi “fəri” dini məsələlərdə ixtilafları kökləşdirmək və münaqişələrə davam etmək biz müsəlmanlara heç bir fayda verməyəcəkdir. Aradan on dörd əsr keçməyinə baxmayaraq biz hələ də məzhəb təəssübkeşliyi ediriksə, hələ də, “mənim kimi düşünməyən məndən deyil”, deyiriksə heç bir birlikdən və müsəlman qardaşlığından bəhs edə bilmərik. Unutmayaq ki, Allah da, Peyğəmbər (s.ə.s) də məzhəb fərqi qoymadan bütün müsəlmanlara xitab etmişdir. İslamofobiya yaratmaq istəyən qüvvələrə qarşı məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar birgə mübarizə aparmalı və dünya ictimaiyyətinə qərəzsiz İslamı tanıdaraq təbiliğ etməlidir. Dünya Həzrət Muhəmmədin (s.ə.s) anladığı və yaşadığı İslam dininə möhtacdır.

Son ifadələrimiz həzrət Peyğəmbərin dürüst İslam ilə əlaqəli sözləri olsun: O (s.ə.s),həqiqi İslam dini haqqında məlumat almaq istəyən əshabəsinə belə demişdir: ““Allaha iman etdim” de, sonra da bu imanın tələbini yerinə yetir; doğru-dürüst ol!” (Müslim).

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz