İslam dəvətçisinin xüsusiyyətləri
Uca Allah Qurani-Kərimdə belə buyurur: “İnsanları Allaha tərəf dəvət edən, saleh əməl işləyən və mən müsəlmanlardanam deyən kəsdən daha gözəl sözlü kim ola bilər?” (Fussilət, 33)
İnsanları Allahın yoluna,haqq yola dəvət edən insanın mütləq gözəl niyyəti,bir hədəfi və məqsədi olmalı, öz hədəfinə bağlanmalı və bu hədəfinə çatmaq üçün bütün məşru vasitələrdən istifadə etməyi bacarmalıdır. Bir dəvətçi necə olmalıdır? Özündə hansı əlamətlər toplanmalıdır? Dəvətçinin xüsusiyyətləri nələrdir?.. və s. Bu kimi suallara aşağıdakı kimi cavab verilə bilər:
Dəvətçi əvvəla güclü və sarsılmaz imana sahib olmalıdır. Tövhid əqidəsini tam və kamil qavramalı, Allaha qarşı səmimi olmalı və saleh əməl sahibi olmalıdır.
Dəvətçi mübarizə əzmini itirməməlidir, çünki mübarizə bir ümiddir. Mübarizə edən ümidini əsla itirməz. Səbir bir təbliğçinin ən təməl xarakterlərindən biri olmalıdır. Qərarlı olmalı, fikirlərində enişli-yoxuşlu olmamalıdır. Öz missiyasında inadlı və qərarlı olmalı, tutduğu yolda tərəddüdü əsla olmamalıdır.Hər hansı bir hadisə qarşısında hazırlıqlı olmalı, hadisələri düzgün qiymətləndirməyi və izah etməyi bacarmalıdır.
Dəvətçi çalışqan və aktiv olmalı, tənbəllik və passivlik göstərməməlidir. Problemlər qarşısında soyuqqanlı, cəsur olmalı, qərar verilən nöqtədə geri addım atmamalıdır. Dəvətçi:“Bütün məxluqata və eyni zamanda müsəlmanlara qarşı şəfqətli və mərhəmətli, haqq yoldan azdıranlara, zalımlara qarşı isə sərt və mətanətli olmalıdır.”
Dəvətçinin ən bariz vəsflərindən biri də fədakarlıqdır. Dəvətçi malını, canını, vaxtını və lazım gələrsə hər şeyini sevib inandığı mübarizəsi uğrunda fəda edə bilməlidir. Doğruluqdan ayrılmaz, etdiyi hər bir işi gözəl edər. Güclü iradə sahibidir, sıxıntı və imtahanlar qarşısında dözümlü, vüqarlı və ciddidir.
Dəvətçi missiya sahibi olmalıdır. Əhdə vəfa göstərər, vəfalı olar və sözündə durar, comərd və yardımsevər olar. Dəvət əhlini Allah üçün sevər, güvən duyulan və güvən verən insan olar.
Dəvətçi öz qərarlarını məşvərət edərək alar, alınan qərarlara itaət edər. Hər yerdə, hər mövzuda, hər bir şəraitdə Allaha itaət və bağlılıq göstərər. Elmə, oxumağa və elm adamlarına hörmət edər. Tərtibli, nizam-intizamlı, təmiz və səliqəli olar. Ədalətli və abır-həya sahibi olar.
Dəvətçi,İslamda çarəsizlik, ümidsizlik və bədbinliyin olmadığını əsla yadından çıxarmamalıdır. Bu ölkə üçün, insanlıq üçün, İslam üçün bir ümid çırağı olduğunu heç bir zaman unutmamalıdır.
Uca Allah buyurur: “ Siz insanlıq üçün çıxarılmış xeyirli bir ümmətsiniz. Yaxşılığı əmr edir, çirkin işlərdən çəkindirir və Allaha iman gətirirsiniz…” (Ali İmran, 110)
ŞƏRHLƏR